Onlarla tibb işçisi işsiz qalıb: ixtisar yoxsa “islahat”?

İllüstrasiya: Meydan TV

Neftçala rayonunun Xol Qaraqaşlı Kənd Sahə Xəstəxanasının (əvvəlki adı – Xol Zona Xəstəxanası) əməkdaşları kütləvi ixtisarlarla üzləşdiklərini və müəssisənin tamamilə bağlanmaq təhlükəsi qarşısında olduğunu bildirirlər. İşçilərin sözlərinə görə, iyunun 1-dən etibarən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən həyata keçirilən ixtisarlar çərçivəsində xəstəxananın onlarla əməkdaşı işdən çıxarılıb.

Bu barədə Meydan TV-yə xəstəxananın işdən çıxarılan tibb işçiləri məlumat veriblər.

Şikayətçilər iddia edirlər ki, xəstəxana yaxın 3 ay ərzində tamamilə fəaliyyətini dayandıracaq. Müəssisədə çalışan 54 işçidən 34-ü işdən çıxarılıb. Gözlənilən tam bağlanma fonunda hələ işini itirməyən işçilərin də işsiz qalacağı bildirilir.

“Bizi işlə təmin etmədən çıxarırlar”

Meydan TV-yə danışan xəstəxananın tibb işçisi aparılan ixtisarların səbəblərinin onlara aydın olmadığını deyir və ixtisarların ədalətsiz aparıldığını vurğulayır:

“Xəstəxananın 54 işçisi var, bunun 34-nü işdən azad etdilər, adını da ixtisar qoydular. Bu ixtisar nə səbəbə gedir, özüm də bilmirəm. 13 tibb bacısından da 8-ni saxlayıblar. Bizi haradasa işlə təmin etsinlər, sonra çıxarsınlar, amma o da yoxdur. Bu kəndin demək olar yiyəsi yoxdur, xəstəxananın yiyəsi yoxdur, əllərdə qalmışıq”.

Xəstəxananın digər əməkdaşı isə ixtisarlar zamanı daxili qərarların qeyri-şəffaf olduğunu qeyd edir:

“Məndən sonra yazı işində işləməyə gələnlər indi xadimə işləyir. Mən xadiməlik edəndə onlar deyirdi ki, bizim vəzifəmiz var. İndi ixtisar başlayandan onların hamısı xadimə olub”.

İşçilərin sözlərinə görə, rəhbərlik ixtisarlar zamanı Əmək Məcəlləsinin 78-ci maddəsinin (işçiləri işdə saxlamaq üçün üstünlük hüququ) tələblərinə əməl olunduğunu bildirsə də, iclasda bu qərarın ölkə boyu aparılan optimallaşdırma tədbirlərinin bir hissəsi olduğu vurğulanıb. Həmçinin rəhbərlik bu ixtisarları “islahat” kimi qələmə verib:

“Keçən həftə, hardasa iyunun 1-də bizi iclasa çağırdılar, dedilər, vəziyyət belədir. Səhiyyədə başladı bu “islahat” . Azərbaycan üzrə bütün xəstəxanalarda var bu”.

“5 kənd və 25 minə yaxın sakin tibbi xidmətsiz qala bilər”

Xol Zona Xəstəxanası regional xarakter daşıyır və Neftçalanın 5 kəndini – Xol Qaraqaşlı, Xol Qarabucaq, Mürsəqulu, Qaçaqkənd və Qırmızı kəndi əhatə edir. Yerli sakinlərin sözlərinə görə, kəndlərin hər birində orta hesabla 5 minə yaxın əhali yaşayır. Bu isə o deməkdir ki, xəstəxana tamamilə bağlandıqdan sonra 25 minə yaxın insan ilkin və təxirəsalınmaz tibbi yardımdan məhrum olacaq.

Xəstəxana əməkdaşları müəssisə qapandıqdan sonra yaranacaq səhiyyə problemlərindən də narahatdırlar:

“Belə getsə, üç aydan sonra xəstəxana tamamilə bağlanacaq, kilidlənəcək. Deyirlər kim hara gedir, getsin. Saat 4-dən sonra da kimsə ölsə və ya nəsə olsa, tanışı varsa, gəlib qorxa-qorxa iynə vuracaq ki, heç kəs bilməsin. Bu boyda kəndlərin xəstəxanasının halı budur”.

Sakinlər həmçinin bildirirlər ki, oxşar tibbi ixtisarlar qonşu kəndlərdə də müşahidə olunur. İddialara görə, hazırda hər 600 nəfər sakinə bir tibb bacısı ştatının saxlanılması planlaşdırılır.

Ana səhifəXəbərlərOnlarla tibb işçisi işsiz qalıb: ixtisar yoxsa “islahat”?