“Azel TV” saytının baş redaktoru, jurnalist Əfqan Sadıqov barəsində iyulun 30-dək həbs qətimkan tədbiri seçilib. Bu barədə onun vəkili Nemət Kərimli bildirib.
Vəkilin sözlərinə görə, 2024-cü ildə Əfqan Sadıqov barəsində Baş Prokurorluqda başlanmış cinayət işi yenidən icraata qaytarılıb.
“Əfqan Sadıqova qarşı 2024-cü ildə qaldırılan cinayət işinə Baş Prokurorluq xitam vermişdi. Cinayət işi üzrə zərərçəkənlər Baş Prokurorluğun xitam qərarının ləğv edilməsi ilə bağlı Binəqədi Rayon Məhkəməsinə müraciət ediblər. Binəqədi Rayon Məhkəməsi bu gün şikayətə baxıb və zərərçəkənlərin iddiasını təmin edərək Baş Prokurorluğun xitam qərarını ləğv edib. Əfqan Sadıqovla bağlı 2024-cü ildə qaldırılmış cinayət işi yenidən istintaqa qaytarılıb. Elə bu gün də Binəqədi Rayon Məhkəməsində Əfqan Sadıqov barədə iyulun 30-na qədər həbs qətimkan tədbiri seçildi”, – Nemət Kərimli deyib.
Əfqan Sadıqov Cinayət Məcəlləsinin 182-ci maddəsi ilə ittiham olunur. Bu maddə hədə-qorxu ilə tələb etməni nəzərdə tutur.
Cinayət Məcəlləsinə əsasən, hədə-qorxu ilə tələb etmə zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onlar haqqında rüsvayedici məlumatlar yayma və ya əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını, əmlaka olan hüququnu və ya əmlak xarakterli digər hərəkətlər etməsini tələb etmə kimi təsbit olunub.
Maddənin 182.1-ci hissəsində 3 ilədək azadlığın məhdudlaşdırılması və ya 3 ildən 5 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Ağırlaşdırıcı hallar olduqda cəza 5 ildən 10 ilədək, daha ağır hallarda isə 10 ildən 15 ilədək azadlıqdan məhrumetmə ola bilər.
Sadıqova ittihamın maddənin hansı hissəsi ilə verildiyi hələlik açıqlanmayıb.
Tarixçə
Bundan əvvəl vəkil Nemət Kərimli Meydan TV-yə bildirmişdi ki, Əfqan Sadıqov Baş Prokurorluğa aparılıb.
“Hazırda əlavə məlumatım yoxdur, yanına gedirəm. Baş Prokurorluğa aparıblar. Yəqin ki, istintaq hərəkəti başladacaqlar”, – vəkil demişdi.
“Azel TV” saytının baş redaktoru, jurnalist Əfqan Sadıqovun saxlanıldığı bildirilmişdi.
Bu barədə jurnalistin həyat yoldaşı Sevinc Sadıqova “Facebook” hesabında məlumat yaymışdı.
Onun sözlərinə görə, mülki geyimli və maskalı 4-5 nəfər Əfqan Sadıqovun olduğu yerə gələrək ona zor tətbiq edib və naməlum istiqamətə aparıb.
Sevinc Sadıqova həyat yoldaşının hara aparıldığı və hansı səbəbdən saxlanıldığı barədə onlara əvvəlcə heç bir məlumat verilmədiyini bildirmişdi:
“Elə indi maskalı, mülki geyimli 4-5 nəfər Əfqanın olduğu yerə basqın edərək onu zorakılıqla aparıblar”.
Əfqan Sadıqov 2024-cü ilin avqustunda Azərbaycan hüquq-mühafizə orqanlarının sorğusu əsasında Gürcüstanda saxlanılmışdı. Tbilisi Şəhər Məhkəməsi onun barəsində ekstradisiya məqsədilə həbs qətimkan tədbiri seçmişdi.
Jurnalist Azərbaycana ekstradisiyasına etiraz olaraq 2025-ci ilin fevralında quru aclıq aksiyası elan etmişdi.
2025-ci ilin yanvarında Avropa İnsan Hüquqları Məhkəməsi Sadıqovun Azərbaycana ekstradisiyasını qadağan edən müvəqqəti tədbir tətbiq etmişdi. Həmin ilin aprelində isə o, doqquz aylıq həbsdən sonra girov müqabilində azadlığa buraxılmışdı.
2026-cı il aprelin 5-nə keçən gecə Gürcüstan Daxili İşlər Nazirliyi azərbaycanlı jurnalist Əfqan Sadıqovun 2000 lari məbləğində cərimələndiyini, ölkədən deportasiya olunduğunu və onun Gürcüstana girişinə üç il müddətinə qadağa qoyulduğunu açıqlamışdı.
Həmin gün Sadıqov bir neçə saat saxlanıldıqdan sonra sərbəst buraxılmışdı.