Bu həftə Bakı 31-ci Enerji Həftəsini geridə qoydu. Budəfəki tədbirin əsas yadda qalan məqamlarından biri təbii qaz hasilatı və satışına dair yeni razılaşmaların əldə olunması oldu.
Belə ki, iyunun 1-də “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağından ilk sərbəst təbii qaz hasilatına start verildi.
Qeyd edək ki, AÇG indiyədək yalnız neft yatağı kimi tanınırdı və oradan çıxan qaz neftlə birlikdə hasil olunan səmt qazı idi.
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Meydan TV-yə bildirib ki, artıq bundan sonra “Azəri-Çıraq-Günəşli”dən səmt qazı ilə paralel təbii qaz da hasil olunacaq. Bu baxımdan AÇG neft yatağından orta ölçülü neft-qaz yatağına çevrilib.
İ.Şabanın sözlərinə görə, həmin yataqda qaz ehtiyatlarının həcmi təxminən 113 milyard kubmetrə yaxındır. Beləliklə, hazırda Azərbaycanın hasil edilə bilən ümumi qaz ehtiyatlarının həcmi təxminən 2,7 trilyon kubmetrə çatıb.
BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Covanni Kristofoli mətbuat nümayəndələri ilə görüşdə bildirib ki, təxminən 30 ildir neft hasil edən bu yataq indi yeni bir fəsil açır və ölkə və investorlar üçün dəyər yaratmaq potensialına malikdir:
“Qaz hasilatı dövrünə başlamaqla AÇG indi unikal inteqrasiya olunmuş neft və qaz yatağı kimi regional sənayedə aparıcı rol oynayacaq, Azərbaycanın Avropaya enerji təchizatını artırmaq planlarına töhfə verəcək və ölkənin enerji keçidi səylərini dəstəkləyəcək”.
BP-nin hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrel isə AÇG-də tədbirin açılışı zamanı qeyd edib ki, qazma işləri aparılarkən yeni neft layları da aşkar edilib:
“AÇG dünyanın ən böyük yataqlarından biridir və nəhəng, mürəkkəb bir strukturdur. Qeyri-səmt qazı neftin üstündəki və altındakı təbəqələrdə mövcuddur. Daha dərin qatlarda qaz və su arasında nazik neft layının aşkar edilməsi sevindirici haldır. Bütün bunlar böyük texniki bacarıqlar tələb edir. Yeni qaz sistemlərinin mövcud neft infrastrukturu ilə inteqrasiyası üfüqi qazma və qabaqcıl geoi̇darəetmə kimi mürəkkəb texnologiyalar vasitəsilə həyata keçirilir. Bu proses tamamilə təhlükəsiz, səmərəli və etibarlı şəkildə aparılmalıdır.”
Bakı Enerji Həftəsində SOCAR tərəfindən təqdim olunan məlumatda qeyd olunur ki, Azəri-Çıraq-Günəşli yataqlar blokunda indiyədək 623 milyon ton neft və 252,6 milyard kubmetr səmt qazı hasil olunub.
2030-cü ilə qədər Azərbaycan qaz hasilatını 8 milyard kubmetr artıracaq
Azərbaycan qaz hasilatında digər mühüm qərarlardan biri SOCAR, TotalEnergies, XRG və BOTAŞ arasında imzalanmış müqavilələrlə bağlıdır. Razılaşmaya əsasən, “Abşeron” yatağının II fazasında hasil olunacaq qazın həcminin illik 4-4,5 milyard kubmetrə qədər artırılması gözlənilir.
Rəsmi rəqəmlərə görə, yatağın birinci fazasında illik 1,5 milyard kubmetr qaz hasil edilirdi. Bu həcm, əsasən, Azərbaycanın daxili bazar tələbatına yönəldilirdi. Lakin II fazada hasilatın 4,5 milyard kubmetrə qədər artacağı ilə bağlı proqnozlar var.
İmzalanan razılaşmaya görə, “Abşeron” yatağından hasil ediləcək qazın 50 faizi, yəni 33 milyard kubmetri 15 il müddətinə Türkiyə bazarına satılacaq. 2029-cu ildən başlayaraq hər il təxminən 2,25 milyard kubmetr qazın Bakı-Tbilisi-Ərzurum boru kəməri vasitəsilə rəsmi olaraq BOTAŞ-a təhvil verilməsi nəzərdə tutulur.
Xatırladaq ki, 2023-cü ilin avqustunda imzalanmış yekun sazişə əsasən, yatağın operatoru olan JOCAP-da səhmlər belə bölünüb: SOCAR – 35%, TotalEnergies – 35%, ADNOC (BƏƏ) – 30%.
İlham Şaban qeyd edir ki, Bakı Enerji Həftəsinin gündəliyini üç əsas istiqamət üzrə təsnif etmək olar. Birincisi, Azərbaycanın yeni qaz layihələrinə qoşulmaq istəyən şirkətlərlə razılaşmaların əldə olunmasıdır. Bu sıraya ABŞ-ın “Chevron” şirkəti də daxildir. İkincisi, Britaniyanın qaz nəhəngi Shell və Yaponiyanın INPEX şirkətlərinin qaz sahəsində texnoloji həllərə dair təklifləridir. Üçüncüsü isə mövcud geoloji ehtiyatların daha səmərəli çıxarılması ilə bağlı təkliflərdir.
“Maraqlı məqamlardan biri odur ki, BP nümayəndəsi bildirib ki, qaz yataqlarının dərin laylarında aparılan qazma işləri zamanı bir layda neft də aşkarlanıb. Bildirdilər ki, bunu hələ ki öyrənirlər. Sonrakı mərhələlərdə daha dərin qatlarda da neft ehtimalı var. Azərbaycanda dənizdə neft layları 2000-3200 metr dərinlikdə yerləşir. Qazaxıstanda isə 4500-4600 metr dərinlikdən neft hasil olunur. Ona görə də həmin yataqlardakı neft həm bahalı, həm də keyfiyyəti aşağıdır. Azərbaycanda quruda 1000-1500 metr dərinlikdə neft hasil olunur. Yeni neft laylarının aşkarlanması hasilatın azalmasının tempini xeyli aşağı sala bilər”, – deyə İ.Şaban vurğulayır.
Onun sözlərinə görə, “Abşeron” yatağının II fazasının hazırlıqlarına “Total” şirkəti aprel ayından başlayıb:
“Burada ətraf mühitə təsirlər, yeni tikiləcək sahilyanı terminallar və “Abşeron” yatağına çəkiləcək 140 metrlik boru kəməri nəzərdən keçirilib. II fazada platforma olmayacaq. 2029-cu ilin sonuna qədər qaz hasilatı planlaşdırılır”.
Ekspert qeyd edir ki, yeni qaz yataqları hesabına 2027-ci ildən etibarən Azərbaycanda qaz hasilatı artacaq:
“AÇG-də ikinci təbii qaz quyusu istismara veriləcək. 2028-2029-cu illərdə hasilat 4 milyard kubmetrə, Abşeron yatağının II fazasında isə 4,5 milyard kubmetrə çatacaq. Prezident keçən il demişdi ki, 2030-cü ilə qədər qaz hasilatı əlavə 8 milyard kubmetr artırılacaq. İndi rəqəmlərə baxdıqda bunun 8 milyard kubmetrdən də çox ola biləcəyi görünür”.
Qeyd edək ki, Azərbaycanın hazırda illik əmtəəlik qaz hasilatı 38,6 milyard kubmetrdir. Onun 25 milyard kubmetrdən çoxu xarici bazarlara ixrac olunur.