7 körpənin ölümü ilə nəticələnmiş yanğına görə ittiham olunanlara hökm oxunub

Respublika Perinatal Mərkəzi. Foto: Meydan TV

İyunun 4-də, Bakı Ağır Cinayətlər Məhkəməsində 7 körpənin ölümü ilə nəticələnmiş yanğın hadisəsinə görə Respublika Perinatal Mərkəzinin keçmiş direktoru Mehriban Abbasquliyevaya hökm oxunub.

Hakim Leyla Ələsgərova – Məmmədovanın sədirliyi ilə keçirilən məhkəmədə Abbasquliyeva 7 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Prosesdə həmçinin Dəstək Xidmətləri şöbəsinin müdiri Elnur Əhmədli 5 il 2 ay və reanimasiya və intensiv terapeya şöbəsinin müdiri Hamlet Mustafayev isə 5 il 8 ay müddətinə həbs olunublar. 

Respublika Perinatal Mərkəzdəki yanğın 2024-cü il yanvarın 9-da baş verib. Nəticədə Yenidoğulmuşların intensiv terapiya şöbəsində küvəzdəki yenidoğulmuşlar ölüb.

İstintaq orqanı tərəfindən Mehriban Abasquliyevaya qarşı Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddələri, həmin mərkəzin Anesteziologiya, reanimasiya və intensiv terapiya şöbəsinin müdiri Hamlet Mustafayev və Dəstək Xidmətləri şöbəsinin müdiri Elnur Əhmədliyə qarşı Cinayət Məcəlləsinin 225.3-cü maddəsi ilə cinayət işi başlanıb.

Mərkəzin direktoru Mehriban Abbasquliyeva 1998-2000-ci illərdə 3 saylı Şəhər Klinik Xəstəxanasında baş həkimin müavini olub. O, 2000-ci ildə Sabunçu rayonundakı 2 saylı Doğum evinin baş həkimi təyin edilib və uzun illər bu vəzifədə işləyib. Respublika Perinatal Mərkəzinə isə hadisədən bir il öncə –  2022-ci ilin dekabrında direktor təyin olunmuşdu.

Ana səhifəSosial7 körpənin ölümü ilə nəticələnmiş yanğına görə ittiham olunanlara hökm oxunub