Ermənistan Karapetyanın elektrik şəbəkələrindəki paylarını dövlət nəzarətinə keçirəcək

Samvel Karapetyan, foto: region plus

Ermənistan hökuməti ölkənin əsas elektrik şəbəkəsi operatoru olan “Ermənistan Elektrik Şəbəkələri”nin (ENA) rusiyalı-erməni maqnat Samvel Karapetyana məxsus səhmlərinin dövlət nəzarətinə keçirilməsi prosesinə başlayacaq.

OC Media yazır ki, hökumət bunu ictimai maraqların üstün tutulduğu hallarda şirkətlərin milliləşdirilməsinə imkan verən mexanizm vasitəsilə həyata keçirəcək.

Bu barədə çərşənbə axşamı ENA-nın dövlət tərəfindən təyin olunmuş müvəqqəti idarəçisi, hakim “Vətəndaş Müqaviləsi” partiyasının üzvü Romanos Petrosyan məlumat verib.

Petrosyan bildirib ki, Ermənistan İnzibati Məhkəməsinin müəyyən etdiyi 25 may tarixədək ENA səhmdarlarının “Ermənistan hökumətinin təklifinə əsasən, şirkətin səhmlərinin 100%-ni hökumətlə razılaşdırılmış qaydada təhvil verməsi gözlənilirdi”.

O qeyd edib ki, müəyyən edilmiş müddət ərzində səhmlərin ötürülməsi baş verməyib və müvafiq qanunvericiliyə istinad edərək Petrosyan elan edib ki, Ermənistan hökuməti “ENA səhmlərinin üstün ictimai maraq obyekti elan olunması və onların özgəninkiləşdirilməsi (milliləşdirilməsi) prosesinə başlayacaq”.

Ermənistan hakimiyyəti ENA müqabilində təklif olunan məbləği açıqlamayıb. Lakin Azadlıq Radiosunun əldə etdiyi sənədlərə görə, bu məbləğ 23,3 milyard dram (59 milyon dollar) olub – “şərt o idi ki, Karapetyan son 10 ildə şirkətdən aldığı və ümumi məbləği 23,158 milyard dram (60 milyon dollar) təşkil edən dividendləri şirkətə geri qaytarsın”.

Buna əsasən, Azadlıq Radiosu belə nəticəyə gəlib ki, “əgər sahibi aldığı dividendləri şirkətə qaytararsa, hökumətin ENA səhmləri üçün təklifi 142 milyon dram (360 min dollar) təşkil edəcək”.

ENA Karapetyanın “Taşir Group” şirkətinə məxsusdur. Hazırda ev dustaqlığında olan maqnat 2025-ci ilin iyununda, Ermənistan Apostol Kilsəsinin Baş nazir Nikol Paşinyanla qarşıdurması fonunda kilsənin tərəfini dəstəkləyən ictimai açıqlamalar verdikdən sonra saxlanılıb.

Eyni zamanda, Paşinyan ENA-nın milliləşdirilməsinin vaxtının çatdığını bəyan edib.

Karapetyanın saxlanılmasından sonra yaradılmış “Güclü Ermənistan Alyansı” 7 iyunda keçiriləcək parlament seçkilərində Paşinyanın “Vətəndaş Müqaviləsi” partiyasının əsas rəqibi hesab olunur.

2025-ci ilin noyabrında Ermənistanın İctimai Xidmətləri Tənzimləmə Komissiyası (PSRC) ENA-nın elektrik enerjisinin paylanması lisenziyasının ləğv edilməsinə səs verib. Bu qərar ENA-nın dövlət tərəfindən təyin olunmuş müvəqqəti idarəçisi Petrosyanın aşkar etdiyi bir sıra ciddi pozuntular əsasında qəbul olunub.

Karapetyanın 2025-ci ilin iyununda saxlanılmasından qısa müddət sonra, həmin ilin yayında parlamentdən sürətlə keçirilən qanun dəyişikliklərinə əsasən, əgər ENA lisenziyasını itirərsə, şəbəkə “üstün ictimai maraq” obyekti kimi tanınmalı və onun dəyəri qiymətləndirilməlidir. Bundan sonra hazırkı sahibi olan “Taşir Group” şirkətinə dövlət tərəfindən kompensasiya ödənilməlidir.

“Taşir Group” Ermənistanın enerji sektoruna yatırdığı investisiyaya “qanunsuz müdaxilə” edildiyini bildirərək beynəlxalq arbitraj prosesinə başlayıb və yüz milyonlarla dollar məbləğində kompensasiya tələb edir.

Bu yazı ingilis dilindən tərcümə edilmişdir. Yazının əslini OC Mediadan oxuya bilərsiniz.

Ana səhifəXəbərlərErmənistan Karapetyanın elektrik şəbəkələrindəki paylarını dövlət nəzarətinə keçirəcək