ABŞ dövlət katibi Marco Rubio mayın 26-da Ermənistana səfər edib. O, xanımı ilə birlikdə Yerevana gəlib və “Zvartnots” beynəlxalq hava limanında Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan tərəfindən qarşılanıb. Səfər təxminən bir saat davam edib və əsas görüşlər hava limanında keçirilib.
Görüş zamanı Rubio və Mirzoyan Ermənistan ilə ABŞ arasında “Beynəlxalq Sülh və Rifah naminə Tramp Yolu” (TRIPP) təşəbbüsü üzrə Strateji Əməkdaşlıq haqqında Çərçivə Sazişini paraflayıblar.
Tərəflər həmçinin Ermənistan ilə ABŞ arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Xartiyasını imzalayıblar. Bundan əlavə, kritik əhəmiyyətli mineralların və nadir torpaq elementlərinin hasilatı və emalı sahəsində əməkdaşlığa dair çərçivə memorandumu da qəbul olunub.
Ararat Mirzoyan bildirib ki, tərəflər son dövrdə strateji tərəfdaşlığı yeni mərhələyə keçirərək onu “hərtərəfli strateji tərəfdaşlıq” adlandırıblar.
Marko Rubio isə qeyd edib ki, ABŞ və Ermənistan arasında əməkdaşlıq yalnız TRIPP layihəsi ilə məhdudlaşmır. Onun sözlərinə görə, imzalanan Hərtərəfli Strateji Tərəfdaşlıq Xartiyası iki ölkə arasında münasibətlərin gələcək istiqamətlərini müəyyən edir və həm ermənilər, həm də amerikalılar üçün yeni imkanlar yaradır.