Paşinyanın “Vətəndaş Müqaviləsi” partiyası rəy sorğularında üstünlüyünü artırır

Paşinyan. Foto: rəsmi səhifə

Baş nazir Nikol Paşinyan və onun “Vətəndaş Müqaviləsi” Partiyası qarşıdan gələn Ermənistan parlament seçkiləri ərəfəsində onsuz da böyük olan üstünlüyünü daha da artırıb.

Bu barədə Beynəlxalq Respublikaçılar İnstitutunun (IRI) cümə günü açıqladığı yeni sorğuda bildirilir. Sorğuda iştirak edənlərin 32%-i “Vətəndaş Müqaviləsi”nə səs verəcəyini deyib. İkinci yerdə isə xeyli geridə qalan Rusiya ermənisi, milyarder Samvel Karapetyanın “Güclü Ermənistan” alyansı qərarlaşıb – 6%.

Sorğu göstərir ki, nəticələrin dəyişməsi üçün hələ də ciddi imkan var: respondentlərin 23%-i qərarsız olduğunu bildirib, daha 21%-i isə cavab verməkdən imtina edib.

IRI-nin 2026-cı ilin martında keçirdiyi əvvəlki sorğuda respondentlərin 24%-i Paşinyanın “Vətəndaş Müqaviləsi” partiyasına səs verəcəyini demişdi. Həmin sorğuda Karapetyanın “Güclü Ermənistan” alyansı 9% nəticə göstərmişdi.

7 iyuna təyin olunan seçkilər geniş şəkildə həlledici yarış və Ermənistanın geosiyasi mövqeyi ilə bağlı referendum kimi qiymətləndirilir. Paşinyan Qərblə əlaqələri dərinləşdirməyə çalışır, Karapetyan və digər müxalifət fiqurları isə daha çox Rusiyaya meylli kursu müdafiə edirlər. Bu, həm də 2018-ci il Məxməri İnqilabından sonra hakimiyyətə gələn Paşinyanın 2023-cü ildə Qarabağın təslim edilməsindən və ardınca demək olar ki, bütün erməni əhalisinin bölgədən çıxmasından sonra seçicilərlə ilk üzləşməsi olacaq.

Buna baxmayaraq, Paşinyana etimad səviyyəsi onun əsas rəqibləri – Karapetyan, keçmiş prezident Robert Koçaryan və qeyri-adi davranışları ilə tanınan milyarder Qagik Tsarukyanla müqayisədə xeyli yüksəkdir.

Sorğuya görə, seçicilərin 29%-i Paşinyana etibar edir. Karapetyana etimad 8%, Koçaryana 4%, Tsarukyana isə cəmi 3% təşkil edir. Ümumilikdə isə seçicilər siyasətçilərə qarşı ehtiyatlı münasibət saxlayırlar: respondentlərin 40%-i heç kimə etibar etmədiyini bildirib.

Digər göstəricilər də seçicilərin Ermənistanın hazırkı istiqamətini əsasən dəstəklədiyini göstərir – respondentlərin 61%-i ölkənin düzgün istiqamətdə irəlilədiyinə inandığını deyib.

Xarici siyasət və təhlükəsizlik hələ də əsas məsələlər olaraq qalır. Seçicilərin Ermənistanın üzləşdiyi əsas problemlər barədə fikirlərində bu mövzu 17%-lə birinci yerdədir. İqtisadiyyat isə 15%-lə yaxın ikinci yerdə qərarlaşıb. Bununla yanaşı, təhlükəsizliklə bağlı digər problemlər də əsas məsələ kimi qeyd olunub: “sülhün olmaması” 12%, “yanlış xarici siyasət” 6%, “regional təhlükəsizlik” isə 4%.

2025-ci ilin avqustunda Vaşinqtonda keçirilən tarixi görüş – Paşinyan, Azərbaycan Prezidenti İlham Əliyev və ABŞ Prezidenti Donald Trampı bir araya gətirən görüş təhlükəsizliklə bağlı qorxuların azalmasına ciddi təsir göstərmiş görünür. 2025-ci ilin iyununda keçirilən sorğuda respondentlərin 44%-i milli təhlükəsizlik və sərhəd məsələlərini Ermənistanın üzləşdiyi əsas problem kimi göstərmişdi.

Azərbaycan hələ də ermənilərin böyük əksəriyyətinin – 73%-nin ölkə üçün əsas təhlükə hesab etdiyi dövlətdir. Onun ardınca 58%-lə Türkiyə gəlir. Lakin bu rəqəmlər əvvəlki illərin sorğuları ilə müqayisədə azalıb. 2023-cü ilin martında respondentlərin 93%-i Azərbaycanın əsas siyasi təhlükə olduğunu demişdi, Türkiyə isə 89%-lə ikinci yerdə idi.

Bu yazı ingilis dilindən tərcümə edilmişdir. Yazının əslini OC Media-dan oxuya bilərsiniz.

Ana səhifəDünyaPaşinyanın “Vətəndaş Müqaviləsi” partiyası rəy sorğularında üstünlüyünü artırır