Məmurun yüksələn karyerası fonunda, təsis etdiyi şirkətin milyonluq tenderləri

Səbuhi Knyaz oğlu Mehdiza – İllüstrasiya: Chatgpt

Laçın şəhərində yeni yaşayış məhəlləsinin inşası üçün nəzərdə tutulan milyonluq tenderin qalibi yüksəkvəzifəli dövlət məmurunun rəsmi təsisçisi olduğu şirkət olub.

“Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” publik hüquqi şəxs tərəfindən keçirilən tender yekunlaşıb və 41 milyon 266 min manat dəyərində olan bu irihəcmli müqavilə “Hovers Group” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edilib.

“Hovers Group” tikinti, bərpa, memarlıq dizaynı və nəqliyyat sahələrində kompleks xidmətlər göstərən şirkət kimi tanınır. Şirkət dövlət əhəmiyyətli layihələr, eləcə də iri həcmli tikinti və infrastruktur işlərinin həyata keçirilməsində iştirak edir. “Hovers Group”un portfelində ümumilikdə 56 layihə yer alır. Onlardan 40-ı tamamlanmış, 16-sı isə hazırda davam edən layihələrdir.

Rəsmi podratçı statusunu qazanan bu şirkətin arxasındakı idarəetmə və mülkiyyət strukturu isə sadə bir sahibkarlıq hekayəsindən daha çox, dövlət qulluğu statusu ilə kommersiya maraqlarının kəsişməsini ortaya qoyur.
“Hovers Group” MMC-nin rəsmi internet resurslarında şirkətin 1 iyul 2011-ci ildə İlqar Zeynalov tərəfindən təsis edildiyi qeyd olunsa da, dövlət reyestrinin hüquqi sənədləri tamam fərqli reallığı nümayiş etdirir.

Müvafiq dövlət qurumlarından əldə edilən rəsmi məlumatlara əsasən, müəssisənin yeganə təsisçisi və qanuni təmsilçisi Səbuhi Knyaz oğlu Mehdizadədir. Şirkətin reyestr sənədlərində sonradan edilən dəyişikliklə rəsmən sahibliyə sahib olan Səbuhi Mehdizadə isə sıradan bir iş adamı deyil.

O, hazırda Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini vəzifəsini icra edir. Ölkə başçısının 15 iyul 2024-cü il tarixli sərəncamı ilə bu yüksək posta təyin edilən S.Mehdizadə, bundan əvvəl də həmin nümayəndəlikdə baş məsləhətçi statusunda fəaliyyət göstərib. 

Onun dövlət idarəçiliyindəki karyerası kifayət qədər zəngindir: xüsusi nümayəndəlikdən öncə kənd təsərrüfatı nazirinin müşaviri, “Təmiz Şəhər” ASC-nin İdarə Heyəti sədrinin müavini, İqtisadiyyat Nazirliyi yanında İstehlak Mallarının Ekspertizası Mərkəzinin direktoru kimi mühüm vəzifələri tutub.

Eyni zamanda, S.Mehdizadə idman sahəsində də rəsmi təmsilçiliyə malikdir. O, hazırda Azərbaycan Stolüstü Tennis Federasiyasının vitse-prezidentidir. Maraqlıdır ki, “Hovers Group” MMC-nin korporativ səhifəsində müəssisənin tennis yarışlarına mütəmadi sponsorluq etdiyi qürurla vurğulanıb. Bu detal idarəçi məmurun həm idman federasiyasında, həm idman tədbirlərini maliyyələşdirən kommersiya qurumunda, həm də dövlət idarəçiliyində eyni vaxtda mövcudluğunu göstərir.

Səbuhi Mehdizadənin Prezidentin xüsusi nümayəndəsinin müavini təyin olunmasından sonra mediada və müstəqil araşdırma platformalarında onun biznes fəaliyyətinə dair müxtəlif materiallar işıq üzü görüb. Bizim araşdırmalarımıza görə, onun təsisçisi olduğu “Hovers Group” MMC son yeddi il ərzində ümumi dəyəri 266.6 milyon manata çatan dövlət satınalmalarının icraçısı olub.

Təkcə rəsmi hesabatların statistikası şirkətin dövlət layihələrindən on milyonlarla manat vəsait çəkdiyini təsdiqləyir. Belə ki, şirkət Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) ilə ümumi dəyəri 41 milyon 626 min manat təşkil edən üç böyük müqavilə bağlayıb. Gənclər və İdman Nazirliyinin xətti ilə Yevlax şəhərində Olimpiya İdman Kompleksinin tikintisi layihəsi çərçivəsində 18 milyon 197 min manatlıq, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu ilə isə 7 milyon 653 min manatlıq satınalma sazişləri reallaşdırıb.

Həmçinin, regionlardakı strateji infrastruktur layihələrindən də kənarda qalmayan kommersiya qurumu Naxçıvan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən elan edilən “Bənəniyar su anbarını qidalandıran kanalın yenidən qurulması” işini 12 milyon 430 min manata öhdəsinə götürüb. 

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəsmi icazə sənədlərində və müvafiq media hesabatlarında şirkətin ARB TV-nin 5 mərtəbəli studiya binasının inşası kimi digər irihəcmli tikinti proseslərində də aparıcı rol oynadığı əks olunub.

Səbuhi Mehdizadənin qardaşı Səxavət Knyaz oğlu Mehtiyevin də kommersiya sektorunda təmsil olunduğu müəyyən edilib. Rəsmi qeydiyyat sənədlərinə görə, o, “ALFA-AZ” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) qanuni sahibidir. Açıq mənbələrdə və reyestr göstəricilərində sözügedən müəssisənin konkret hansı fəaliyyət istiqaməti üzrə ixtisaslaşdığı barədə hər hansı məlumata rast gəlinməyib.

Bu cür genişmiqyaslı kommersiya fəaliyyəti və tender zəfərləri Azərbaycan Respublikasının mövcud Konstitusiyası ilə ziddiyyət təşkil edir. Ölkə qanunvericiliyi dövlət məmurlarının biznes fəaliyyəti ilə məşğul olmasını, sahibkarlıq subyektlərinə rəhbərlik və ya təsisçilik etməsini qadağan edir. 

“Dövlət qulluğu haqqında”, “Sahibkarlıq fəaliyyəti haqqında” və xüsusilə “Korrupsiyaya qarşı mübarizə haqqında” qanunların müvafiq bəndləri məmurların vəzifə səlahiyyətlərindən istifadə edərək kommersiya mənfəəti əldə etməsini, habelə özlərinə məxsus şirkətlərin dövlət vəsaitləri hesabına maliyyələşən layihələrdə iştirakını birbaşa məhdudlaşdırır.

Buna baxmayaraq, xüsusi statuslu bölgələrdə idarəetmə funksiyalarını yerinə yetirən bir məmurun təsisçisi olduğu müəssisənin, məhz həmin regionların bərpası üçün ayrılan dövlət vəsaitlərini tender vasitəsilə idarə etməsi hüquqi boşluqların olmasına, yaxud inzibati resursların rəsmi şəxslərin xeyrinə yönəldilməsinə dair şübhələr yaradır. 

Layihənin sifarişçisi olan “Laçın rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidməti” və “Hovers Group” şirkətinin rəsmi təmsilçilərindən məsələ ilə bağlı açıqlama almaq, maraq toqquşması iddialarına münasibət öyrənmək mümkün olmayıb.

Ekspertlərin fikrincə, Laçındakı 41 milyon manatlıq yaşayış məhəlləsi tenderi sadəcə bir şirkətin növbəti biznes uğuru kimi qiymətləndirilə bilməz. Onların sözlərinə görə, bu fakt, münaqişədən sonrakı dövrdə Qarabağda aparılan bərpa işlərində şəffaflıq prinsiplərinin necə qorunduğunu göstərən bariz bir nümunədir.

Tikinti işlərinin rəsmi qərarvericiləri ilə satınalma qaliblərinin eyni korporativ və inzibati şəbəkədə birləşməsi ictimai vəsaitlərin təyinatı üzrə ədalətli bölüşdürülməsinə dair şübhələri daha da dərinləşdirir.

Mövcud mənzərə bəzi fundamental sualları açıq qoyur: Dövlət qulluqçularının biznes fəaliyyətini qadağan edən qanunlar niyə belə irihəcmli satınalmalarda işlək mexanizmə çevrilə bilmir? 

Qarabağda aparılan genişmiqyaslı bərpa işlərində tenderlərin şəffaflığına nəzarət edən müvafiq anti-korrupsiya orqanları niyə səssizliyi qoruyub saxlayır? Və ən əsası, məmur sahibkarlığı kölgəsində icra olunan layihələr regionun gələcək sakinləri olan keçmiş məcburi köçkünlərin dövlət institutlarına olan etimadına necə təsir göstərəcək? 

Bu sualların cavabsız qalması, bərpa prosesinin iqtisadi tərəflərindən daha çox, onun idarəetmə modelindəki sistemli problemləri müzakirə obyektinə çevirir.

Qarabağ və Şərqi Zəngəzur bölgələrində aparılan irimiqyaslı tikinti-bərpa işləri ölkə ictimaiyyətinin diqqət mərkəzində qalmaqda davam edir. Dövlət büdcəsindən bu sahəyə milyardlarla manat ayrılıb. Rəsmi qurumlar bildirir ki, bu vəsaitlər şəffaf şəkildə idarə olunur.

Ana səhifəAraşdırmaMəmurun yüksələn karyerası fonunda, təsis etdiyi şirkətin milyonluq tenderləri