Ötən həftə Milli Onkologiya Mərkəzində (MOM) xəstə və həkim arasında baş verən hadisə ictimaiyyətdə müzakirələrə səbəb oldu və səhiyyə sisteminin mövcud vəziyyətini gündəmə gətirdi.
Aprelin 30-da onkoloji xəstə Mübariz Əliyevin partlayıcı vasitəni işə salması nəticəsində özü hadisə yerində həyatını itirdi, yaralanan həkim-radioloq Asif Nəsirov isə daha sonra xəstəxanada vəfat etdi.
İstintaqın rəsmi versiyasına görə, Mübariz Əliyev qanunsuz gəzdirdiyi partlayıcı vasitəni Radiologiya şöbəsində işə salaraq həkim Asif Nəsirovu qəsdən öldürmək istədiyinə dair əsaslı şübhələr yaranıb.
Faktla bağlı Yasamal rayon Prokurorluğunda Cinayət Məcəlləsinin ümumi təhlükəli üsulla qəsdən adam öldürməyə cəhd və qanunsuz olaraq partlayıcı maddə və qurğuları əldə etmə, saxlama, daşıma və gəzdirmə maddələri ilə cinayət işi başlanıb.
Hadisədən sonra sosial şəbəkələrdə onkoloji xəstəliklərin müalicə xərclərinin yüksək olması, həkim səhlənkarlığı və rüşvətxorluq halları ilə bağlı iddialar irəli sürülüb. İstifadəçilərin bir qismi baş verənlərdə həkimləri, digərləri isə sistemi günahlandırıb.

Sosial şəbəkə istifadəçiləri onkoloji xəstələr üçün vacib olan sümük analizi, kimyəvi terapiya və əməliyyatlar üçün bəzən minlərlə manat ödəmək məcburiyyətində qaldıqlarını bildirirlər.

Milli Onkologiya Mərkəzi səsləndirilən bu ittihamlara hələlik münasibət bildirməyib.
“Rəsmi statistika reallığı əks etdirmir”
Rəsmi statistikaya görə, hazırda Azərbayanda 73 min nəfər xərçəng xəstəliyindən əziyyət çəkir.
Hazırda onkoloji xəstəlikdən əziyyət çəkən jurnalist Əvəz Zeynallı Meydan TV-yə deyir ki, rəsmi statistika reallığı əks etdirmir. Şəxsi araşdırmalarına əsaslanan jurnalist iddia edir ki, ölkədə xərçəngdən əziyyət çəkən insanların sayı 500 minə yaxındır. O, dövlət büdcəsindən ayrılan milyonlarla manat vəsaitin təyinatı üzrə xərclənmədiyini, xərçəng xəstələrinin müalicəsinə bir manat belə yönləndirilmədiyini vurğulayır.
Əvəz Zeynallı Azərbaycana müasir dərman preparatlarının gətirilmədiyini və qanunla dövlət hesabına müalicə almalı olan insanların bu hüquqdan məhrum edildiyini qeyd edir:
“Bu acınacaqlı vəziyyət təkcə xərçənglə məhdudlaşmır, şəkər və ürək xəstəliklərində də eyni mənzərə hökm sürür. Ölkə sanki xəstəlik içində can verir. Dövlət tərəfindən xəstələr üçün ayrılan pulsuz dərmanlar apteklərdə və xəstəxanalarda pulla satılır. Mən həkimləri təkbaşına qınamaq istəmirəm, çünki onlar da bu korrupsiyalaşmış sistemin bir parçasıdır. Həkim dərmanı satır, çünki o, sadəcə bu zəncirdə bir vasitəçidir”.
Yanlış diaqnoz iddiaları və illərdir dəyişməyən narahatlıqlar
2000-ci illərdə Azərbaycanda fəaliyyət göstərmiş türkiyəli cərrah Hamdi Koçər vaxtilə verdiyi müsahibələrin birində Bakıda xərçəng diaqnozu qoyulmuş yüzlərlə xəstəni əməliyyatsız, yalnız düzgün müalicə yolu ilə sağaltdığını bildirmişdi. O, xüsusilə qadınlara süd vəzi ilə bağlı yanlış diaqnozlar qoyulmaqla onların həyatının riskə atıldığını vurğulamışdı. Jurnalist Əvəz Zeynallı bunu xatırladır və insanlara hələ də düzgün diaqnoz qoyulmadığını iddia edir. Onun sözlərinə görə, səhiyyə sistemindəki çatışmazlıqlar xəstələri çarəsiz vəziyyətdə qoyur:

“İnsanlar sağalmalı, dəqiq diaqnozla və müasir preparatlarla təmin olunmalıdırlar. Lakin dövlət bunların heç birini etmir. Maddi imkanları çatmayan vətəndaşlar öz dərdləri ilə baş-başa qalıblar. Maddi gücü çatanlar ümumi xəstələrin bəlkə də bir faizini təşkil edir. Çox az sayda insan xalqın dəstəyi ilə müalicə imkanı tapa bilir, amma ümumi vəziyyət buna imkan vermir. Nəticədə insanlar çarəsizlik içində ölümü gözləyirlər”.
Jurnalist ölkədəki dərman təminatının sıfıra endiyini və müasir müalicə metodlarının əlçatmaz olduğunu qeyd edir:
“Mən özüm Azərbaycanda bir kapsul belə dərman ala bilmirəm, çünki yoxdur. Həkimlərin mənə yazdığı, sağlam hüceyrələrə zərər vermədən birbaşa xərçəng hüceyrələrini hədəf alan ‘ağıllı dərmanlar’ ölkədə tapılmır. Belə olan halda insanların etiraz etməsi və narazı qalması qaçılmazdır. Vətəndaş təkcə xərçəng xəstəliyindən yox, “o xəstəlikdən necə çıxacağam”, “dərmanı necə alacağam” deyə fikirləşib, ölür”.
Problem həkimdədir, yoxsa sistemdə?
Həkim Adil Qeybulla deyir ki, cəmiyyətdə həkimlə xəstə arasında gərginlik var və bunun günahkarı da sistemin yanlış idarəolunmasındadır. Ekspertin fikrincə, TƏBİB-in tətbiq etdiyi ödəniş sistemi şəffaflığı yox etmək məqsədi daşıyır. TƏBİB tərəfindən tətbiq edilən “bonus mexanizmi”, həkimlərin sabit maaşından əlavə, qəbul etdikləri xəstə sayı və apardıqları əməliyyatların həcminə görə hesablanan dəyişkən ödəniş sistemidir. Adil Qeybulla bu sistemi qeyri-şəffaf hesab edir:

“Həkimlərə verilən bonuslar bulanıq suda balıq tutmaqdır. Yəni orada mənimsəmələr, oğurluqlar, korrupsiya vardı, ona görə belə bir yol seçdilər. Amma həkimə fiks olunmuş maaş verilsəydi, bunu hamı da bilərdi”.
Həkim vurğulayır ki, ayrılan vəsaitin azlığı həm xidmətə, həm də həkimlərin ölkədə qalmasına mənfi təsir edir:
“Bizdə adambaşına düşən səhiyyə büdcəsi 200 manatdır. Bu, çox ciddi rəqəmdir. Bu fonda həkimlərdən xəstələrin hər şeyi tələb etməsi məntiqi görünmür. Ona görə də Azərbaycandan həkim axını gündən-günə artır”.
Uzunmüddətli rəhbərlik və dəyişməyən şikayətlər
2026-cı ilin dövlət büdcəsindən Azərbaycanda onkoloji xəstəliklərin müalicəsinə 64 milyon manatdan çox vəsait ayrılıb. Milli Onkologiya Mərkəzinin baş direktoru Prezident İlham Əliyevin dayısı Cəmil Əliyevdir. O, 1990-cı ildən bəri təxminən 36 ildir ki, bu vəzifədədir. Onun vəzifədə olduğu müddətdə mətbuatda davamlı olaraq bu Mərkəzlə bağlı şikayətlər dərc olunub.