Natiq Cavadlı: “Dünyanın tərpənməz nöqtəsində oxuduqlarım”

Natiq Cavadlı. İllüstrasiya: Meydan TV

“Meydan TV işi”nə görə həbs edilən jurnalist Natiq Cavadlı təcridxanadan yazır:

15 aydan çox davam edən qanunsuz həbsxana həyatımda iki dostumla daha yaxın oldum: mütaliə və düşünmək. Birincidən həmişə olduğu kimi öyrənirəmsə, ikinciylə oxuduqlarım üstündə düşünürəm. Bu mənada “dəmir barmaqlıqlar” insana yaxşı imkan yaradır. Ona görə 30 ilə yaxın aparteid rejiminin məhbəsində cəza çəkən Nelson Mandela “Həbsxana dəyişən dünyanın tərpənməz nöqtəsidir. Həbsxanada olanlar üçün vaxt dayanır, amma bayırda olanlar üçün vaxt tez keçir” fikrində haqlıydı.

Zamanın “tısbağa yerişi” olan dünyanın “tərpənməz nöqtəsi”ndə kitablardan öyrənir, unutduqlarımı xatırlayır, nəticədə təzələnən yaddaşımla özünə qapanıb keçmiş və bugünlə bərabər gələcək üçün düşünürəm. 

Əlbəttə, həbsxana şərdir, çünki insan azadlığını məhdudlaşdırır. Nə qədər əcaib olsa da, mən bu şərdən xeyir götürdüm. Ötən aylarda oxuduğum 150 kitabı (hələ də davam edir) maraq dairəmə görə 4 hissəyə bölürəm:

1. Həbsxana xatirələri; 2. Bədii əsərlər; 3. Fəlsəfi-dini ədəbiyyat; 4. Tarixi araşdırmalar.

Haşiyə: Bəzi nəşrləri yenidən oxudum, bir sıra qərb klassiklərini də təkrar mütaliə etdim. “Qurani Kərim”i üçüncü dəfə, ancaq bu dəfə İran Xeyriyyə Cəmiyyətinin dəstəyilə olan tərcümədə oxudum, təəssüf ki, təfsirlərdə qüsurlara rast gəldim. Alman tarixçisi Verner Mazerin “Adolf Hilter” araşdırmasını və faşist Almaniyasının rəhbərinin “Mənim mübarizəm” kitabına bir daha qayıtdım. Yadigar Sadıqlının “Yaxın şərq tarixi” (məqalələr toplusu) kitabı yaddaşımı təzələməyə yardım etdi. Rus ədəbiyyatından F. Dostoyevski, A. Çexov, İ. Bunin və digərlərini də təkrar oxudum, amma bütün külliyyatlarını yox, ehtiyac duyduqlarımı.

1. Həbsxana xatirələri silsiləsindən N. Mandelanın “Azadlığa doğru uzun yol” kitabı onun uşaqlığı, gəncliyi, vəkillik dövrü (bura siyasi fəaliyyətin ilkin illərini də daxil etmək olar), müxalifətçilik-hakimiyyət dövrünü əhatə edir. Əlbəttə, Mandelanın həbsxana illəri adama daha çox dəstək verir. O, avtoritarizm və totalitarizmin bütün çalarlarını, müstəntiq-dustaq, nəzarətçi-dustaq münasibətlərini hərtərəfli təsvir edir, beləliklə, bu rejimlər hansı ölkədə olmasına baxmayaraq xüsusi fərq kəsb etmir.

Zindan mövhumatı

S. C. Pişəvərinin “Zindan xatirələri” İranda Rza şah rejiminin qəddarlığını və eybəcərliklərini açır və bunların bizə yad olmadığını görürsən. Pişəvərinin illərlə nədə ittiham olunduğunu bilmədən həbsdə saxlanıldığını müstəqil Azərbaycanıb siyasi fəalları da yaşayıb. Güney Azərbaycan hökümətinin başçısı yalnız II dünya savaşında müttəfiq ordularının İrana daxil olandan sonra sürgün edildiyi Koşanda azad olunur.

Xatirələrdə “Qəsr-Qacar” zindanında (həbsxana əvvəlcə at tövlələri üçün tikilmişdi. Necə ki, Şüvəlan həbsxanası H. Z. Tağıyevin at tövləsi olub. Sonradan bolşeviklər həbsxanaya çevirib, eləcə də Rza şah oranı o cür edib) baş verən işgəncə növlərindən, ölüm hökmünü gözləyənlərdən, məhbusların aclıq aksiyalarından danışılır. Müəllifin zindan xatirələrində bəzən adamın ruhu kiçilir, mövhumatçı olur. Hər hansı hadisəyə xüsusi qiymət verir. Bütün eşitdiklərini, gördüklərini və hiss etdiklərini öz nəzərində ayrı cür mənalandırır və yozur. 

“Məhbus hətta küləyin əsməsindən, ağac yarpağının yerə düşməsindən, adi sərçənin uçmasından, küçük heyvanların səsindən özü üçün müəyyən nəticələr çıxarmağa çalışır və onları öz müqəddəratı ilə əlaqələndirir. Noxud falı, Hafiz və Sədinin əsərlərindən fal açmaq, yuxuları yozmaq, əlin içindəki xətləri oxuyub öyrənməyə çalışmaq bir çox məhbusların gündəlik işləri olur” abzasını mən də yaşadım. Şüvəlan həbsxanasında məhbusların ən çox oxuduğu kitab “Yuxu yozumları” idi. Hətta domino ilə fal açanlar da olurdu. Onlara ittiham olunduqları maddələr haqda düşünməyi və məhkəmədə arqumentlər hazırlamağı söyləməkdən yorulmuşdum.

Antileninçi və Lenin mükafatı

Həbsxana xatirələri silsiləsindən  F. Dostoyevskinin “Ölü evdən qeydlər” və A. Soljenitsının “QULAQ Arxipelaqı” və “Birinci çevrədə” xatirə romanları çox maraqlıdır. Hər iki yazıçı Çar-Sovet Rusiyasında həbsxana eybəcərliklərini, işgəncələrini bütün təfərrüatı ilə yazır. Ancaq onların faciəsi həbsdən və mühacirətdən sonra monarxik-avtoritar rejimlərlə barışmalarıdır. İllərlə qandalda olan Dostoyevski azadlığa çıxandan sonra slavyanfil, çarpərəst və türklərə nifrət dolu münasibətindən qurtula bilmir. Qəribədir ki, o, həbsxanada Ali adlı tatarla dost münasibətindən danışır, onu xoş sözlərlə yada salır. Azadlıqda isə türkləri necə məhv etməyin üsullarından söhbət açır. Həmçinin A. Soljenitsın Stalinizmin dəhşətinə sinə gərən adam “xalq atası”nın sağlığına badə qaldıran Putinin imperiya ideyalarına dəstək olur, Qazaxıstanın şimalının Rusiya ərazisi olduğunu söyləyir.

Təəssüf ki, əksər böyük ədiblər yazdıqlarına bərabər ola bilmirlər, imtina pillələrində təntiyirlər. 

Bütün hallarda hər iki yazıçının xatirə romanlarını oxumaq lazımdır. Dostoyevski və Soljenitsının xatirələri arasında zaman məsafəsi təxminən 100 ildir. Ancaq Leninin “xalqlar həbsxanası” adlandırdığı Çar Rusiyasının məhbəslərindəki vəziyyət, qurduğu sovet rejimindən yumşaq idi. Bu mənada Trotskinin də xatirələrini oxumaq kifayətdir. Stalin düşərgələrində məhbusların hansı əsəri tamaşaya qoyması heç yuxularına da girməzdi. “Ölü evdən qeydlər”də dustaqların “Qarınqulu Kedril” tamaşasında necə rol oynamaları təsvir olunur. 

A. Soljenitsının “QULAQ Arxipelaq”ı məktublar və yazıçıya danışılanlar əsasında qələmə alınıb. Əsərə yenidənqurma dövründə Lenin mükafatının verilməsi kommunist hakimiyyətinin fəlakəti idi. Çünki kitab həm də Lenin terrorundan danışır və bolşeviklərin rəhbərinin ədliyyə komisarı Kurskiyə məktubundakı “terror-məsləklər üçün bir vasitədir” fikrini sitat gətirir.

“Birinci çevrədə” Marfino həbsxanasında cəza çəkən alimlərin durumundan, onların söhbətlərindən, düşüncələrindən eyni zamanda nəzarətçilərin onlara münasibətindən danışır. O cümlədən, Stalinin fikirləri, iddiaları, Abakumovla söhbəti yer alıb.

Moskvaya yaxın olan həbsxanada dustaqların yemək “payok”u belə idi: kotletin səkkizdə biri, iki dilim qızardılmış kartof, yarım qab bulyon. 

Əsərdə məhbusların yaxınları ilə görüşərkən əl tutmaq, öpüşmək qadağan olunmuşdu, həmçinin, nəzarətçilərin də otaqda iştirakı qeyd edilib. Məhbuslara şair Yeseninin 1940-cı ildə çap olunan kitabını vermişdilər, onun XIX əsrdə buraxılan hansısa əsərinə qadağa yox idi. Səbəb də həmin dövrdə xalq düşməni olmamasıydı. Başqa bir absurd isə dekabrist Kondraşovun nəticəsi Kondraşov-İvanovun Leonid Andreyevin oğlu Daniilin romanını oxuduğu üçün 20 il həbs cəzası almasıdır. Düşərgədə Rubin-Soloqdin-Nerjin dialoqunda sonuncunun “Rusiyanı xilas etmək üçün müstəmləkələri azad etmək lazımdır. Xalqımızın səylərini ancaq daxili inkişafa yönəltmək gərəkdir” fikri SSRİ-də hələ 50-ci illərdə belə düşünənlərin olduğunu göstərir. Nəhayət, əsərin qəhrəmanlarından birinin “xalqı xarab etmək üçün 30 il yetərli oldu. Bəs onu düzəltmək üçün 30 iil mümkün olacaqmı?” sualını özümə doğma hesab etdim.

Görən və görməyən korlar

 2. Bədii əsərlər sırasında U.Ekonun, C.Oruelin, O.Pamukun, Q.Floberin, N.Məhfurun, K.Follettin, J.Saramaqonın, D.Braunun romanları, A.Çexovun, T.Mannın, Q.Çoxelinin, U.Folknerin, İ.Buninin, A.Pəhləvanın, D.Buzzatinin, A.Matutenin, T.Tolstayanın, A.Platonovun, A.Atanın və digərlərinin hekayələri mənəvi idraki katarsis yaradır.

F.Kafkanın “Atama məktub” və “Çevrilmə” (ikinci dəfə oxudum) hekayəsi onun romanlarından daha təsiredicidir. “Atama məktub” avtobioqrafikdir və yazıçının uşaqlıqda məruz qaldığı şiddəti göstərir. “Çevrilmə” mənə görə müəyyən qədər məktubun hekayə janrında təsviridir.  

J.Saramaqonun “Korluq” romanı cəmiyyətin mənəvi korluğundan danışır. “Mənə elə gəlir ki, biz kor olmamışıq, əvvəldən kor idik və kor da qalmışıq. Görən və görməyən korlar”.

Əgər XX əsrin 50-60-ci illərinin Misir Cəmiyyətini öyrənmək istəyirsinizsə, mütləq N.Məhfurun romanlarını oxuyun.

Çexovun mədəni Rusiya acısı

Hekayə ustası A.Çexovun dövrünün ədiblərindən əsas fərqi hakimiyyətə pərəstiş, yaxud başqa xalqlara nifrət, aşağılama məqamlarının olmamasıdır. Hətta L.Tolstoy kimi dahi yazıçı və şəxsiyyətin əsərlərində imperiya xalqlarına aşağılanma epizodları yer alıb. “Qafqaz əsri” hekayəsində rus zabiti Jilinin həbs olunması səhnəsini göstərmək yetər:

“O ayağa durmaq istədi, lakin bu vaxt iy vermiş iki tatar onun üstündə oturub qollarını dala burdular”. 

A.Çexov isə “Rusiyanın əvvəli 862-ci ildən başlayır, mədəni Rusiyanın əvvəl hələ başlanmamış” deyə həmkarlarına etiraz edir (Mənim həyatım).

C. Oruelin romanları totalitarizmin ifşasıdır. Onun İspaniyada Franko rejiminə qarşı döyüşməsi də bu niyyətindən doğur. Sonradan Oruel Stalin totalitarizmindən yazdı. Yazıçının totalitar dövlətdə “Vətəndaş əxlaqının təməlinə çevrilən qorxu, nifrət və xudbinlik” (1984) fikri əsas xətdir.

Rüstəmxanlının mason qurğusu…

K.Follettin “Dünyanın dayaqları” tarixi romanı orta əsrlər İngiltərəsinin xalq-kilsə-hakimiyyət üçbucağının insan münasibətləri çərçivəsində düşündürücü təsviridir. Təəssüf ki, Azərbaycan tarixi romançılığında bu səviyyədə əsər xatırlaya bilmirəm. Bizim roman ədəbiyyatında (Məsələn, M. S. Ordubadi) insan, fərd, xalq hadisəçilik tüğyanında itir.

S. Rüstəmxanlının “Difai fədailəri”, məncə, şair roman yox, poema yazsaydı, daha uğurlu alınardı. Əsərdə tarixilik quru təsvir olunub, hadisələr bir-birini əvəz edir, ancaq dərin qatlara enmir. Liderlərin mübarizəsi, qarşılıqlı münasibətlərindəki dramatizm zəifdir. Halbuki, müəllif milli-azadlıq hərəkatının aparıcı simalarından olduğundan əsərində sələflərinin daxili dünyasını, vuruşlarını, sevinclərini görmürük. S.Rüstəmxanlı iddia edir ki, insan haqları masonların qurğusudur, onların maraqlarına xidmət edir. Şübhə etmirəm ki, şair böyük Rəsulzadənin “İnsanlara hürriyyət, millətlərə istiqlal” fikrindən xəbərdardır. Əsərdə bəzi qeyri-dəqiqliklər yer alıb, 1911-ci ildə təsis olunan Müsavat Partiyasının toplantılarının 1905-ci ildə keçirilməsi sual doğurur. İkinci, romanda Nəsib Nəsibbəyli obrazının hansı siyasi xadimin prototipi olduğu bilinmir. Bəlkə şair Nəsib bəy Yusifbəylini nəzərdə tuturmuş? Əgər belədirsə, müəllif başqa siyasi xadimlərdə olduğu kimi (məsələn, Əhməd bəy Ağayev) Nəsibbəylini Yusifbəyli olaraq qeyd edə bilərdi. 

Qutenberqin Hüqonu məyus etməsi

V. Hüqonun “Paris Notr-Dam kilsəsi” Fransa paytaxtının tarixindən danışır, həm də memarlığını təhlil edir. Böyük yazıçı “zamanın memar, xalqın isə bənna” olduğu Parisin 50 ildən bir özünün ümumi simasını dəyişməyə məcbur olacağını söyləyir. Bununla da Qutenberqin sayəsində “memarlığın taxtdan salındığını” məyusluqla əlavə edir.

Əsərin həyəcanverici, ağrıdıcı hissəsi Keşiş – Esmeralda – Kvazimoda üçlüyünün faciəvi eşq döyüşüdür. Keşişin Esmeraldaya sevgisi “yalnız səni görmək – Allahı, Tanrını görməkdən daha xoş və əzizdir” sözləri ilə ifadə olunsa da, bu monoloqda “sevgisiz azadlıq” gözəlliyinə sahib olmaq iddiası var. “Sevgi və azadlıq” gözəlliyinə isə sahib olmurlar, ona qovuşurlar. Necə ki, Kvazimoda ölümü ilə o gözəlliyə qovuşdu. Ancaq bütün bədbəxtliyini insana daha çox bənzəməkdə görən Kvazimodanın Esmeraldaya heyrətli aşiqliyi eybəcər görkəmdə, baxışlarında elə təsvir olunur ki, ikincinin zabitə sevgisini hiss etmirsən. Əlbəttə, Kvazimoda sevilsəydi, qadınlar Allaha bərabər olardı (Asif Ata).

Mənalar dünyası

Orxan Pamukun “Mənim adım qırmızı” romanı orta əsrlər insanının sənət (rəssamlıq) vasitəsilə dünyanı mənalandırmaq, məna diliylə (simvollarla) danışmaq, ümumiyyətlə, bəşərin mənalanmaq istəyindən bəhs olunur: “Mən ağacın özü yox, mənası olmaq istəyirəm”. O. Pamuk məna və gözəlliyin bir-birini tamamladığını söyləyir: “Rəsmdə gözəllik məna çoxluğu və incəliyində başlayır”.

İnsan xəyalsız yaşaya bilməz, xülya dumanında itən zamandakıları arxada qoymaq üçün xəyal qurmalısan… Xəyal qurmasan, zaman keçməz”.

“Dəyişən dünyanın tərpənməz nöqtəsi”nin soyuq divarları arasında Pamukun məna dünyasından güc alıb xəyallarımla zamanı arxada qoyurdum.

Emma və Annanın bədbəxtliyi

Q. Floberin eşq romanı, qadın tənhalığı, cəmiyyətin qadına qarşı şiddəti, qadın bədənini qadınlıqdan üstün tutması romanı – “Madam Bovari”. Əsəri oxuduqca istər-istəməz ondan 20 il sonra yazılan “Anna Karenina”nı xatırlayır, yaxud yenidən oxumaq acısını yaşayırsan. Və L.Tolstoyun “Bütün xoşbəxt ailələr bir-birinə bənzəyirlər, bədbəxt ailələrin isə hər biri özünə görə ayrı cür bədbəxtdir” fikrini yada salırsan. Emma və Anna bədbəxtdirlər. Emmanı yaşadığı cəmiyyət bədbəxtliyə düçar edibsə, Annada situasiya fərqlidir, o Vronskiyə vurulur və bu vurğunluqda şəhvət üstün gələrək onu bədbəxt edir. Emmanı isə kişilər və öz yalanlarıyla bədbəxt edir, çünki kişilər onu yox, bədənini sevirlər, Rodolf da, Leon da… hamısı.

Qorkidən böyük Platonov

A.Platonov bəlkə də yeganə sovet yazıçısıdır ki, sosialist inqilabının feodalizmdə qalan ucqarlardakı “zəfərləri”ndən yazıb. Onun əsərlərini Stalinizm illərində qələmə aldığını da unutmayaq.

Kommunist Moskva təhsilindən feodal düşüncə və qaydalarla idarə olunan Türkmənistana qayıdan N.Cağatayevın faciəsi fonunda türkmən xalqının durumu təsvir olunur “Can” əsərində. Kommunistlər isə Cağateyevin üzərinə sosialist cəmiyyəti qurmaq öhdəliyi qoyurlar.

C.Tacıyeva (“Takır”) Türkmənistanda doğulub, Kənd Təsərrüfatı İnstitutunu (Daşkənddə) bitirib, təcrübə keçmək üçün Takır torpağına qayıdır və burada onu ağır xatirələr qarşılayır.

Böyük yazıçıdır Platonov, onu bəyənməyən Qorkidən də… Çünki qısa ömründə ondan 40 il çox yaşayan SSRİ-də yaşanan fəlakətləri qələmə alıb.

Kitablar inandırmaq üçün yazılmır

U. Ekonun “Qızılgülün adı” romanı monastırda naməlum kitab axtarışı uğrunda mübarizədən bəhs olunsa da, bu, əslində həqiqət axtarışı idi. Ekonun “Həqiqət insanı azadlığa çıxarır” fikri İsa Peyğəmbərin “Həqiqəti dərk elə, həqiqət səni azadlığa çıxaracaq” düşüncəsindən qaynaqlanır. Roman deyir ki, ən amansız əsarət insanı düşünməkdən məhrum etməkdir. Monastırdakıların ibadət etdikləri kitab isə düşünməyə qarşıdır. Halbuki, monastırın kilsədən fərqi (üstünlüyü də demək olar) insanı tənhalığa qapatmaqla düşüncələr dərinliyinə aparır. “Kitablar inandırmaq üçün yox, düşündürmək üçün yazılır” söyləməklə müəllif xristianların ibadət etdikləri kitabı hədəfə alır. Çünki “Tanrı özünü yer üzündə var olandan çox, var olmayanda göstərir” deyir Eko. Monastırda axtarılan kitab isə tapılmır, monastırı yandırırlar.

Tanrının minnəti

T. Drayzerin “Amerika faciəsi” romanı kapitalizm təbəqələşməsinin gətirdiyi kasıblıq (Roberta: Bu cür yerdə böyümək necə dəhşətdir… Mənim heç vaxt nə pulum olmuşdur, nə də paltarım, heç vaxt heç bir şeyim olmamışdır), yadlıq və təkəbbür (əmisi qızı Bella barmağının ikisini Klayda uzatdı), saxta münasibətlər (ona mənsub olmadığı cəmiyyətə yalnız ötəri bir nəzər salmaq üçün icazə verilmişdir), yalan dolu sevgilər (əvvəl Qortenziyaya, ardınca Sandra və Roberta arasında şəhvət-sevgi qarışığında çaşqın duruma düşür Klayd) faciəsindən danışır. Bütün bunlar “xarakter etibarilə heç vaxt tamamilə yetkin olmayan” Klaydın kədərli sonluğu ilə bitməli idi. Edama aparılan Klayda keşişin Paveldən gətirdiyi sitatda minnətçilik tüğyan edir: “Tanrının yaratdığı bu dünyanı dərk etmək üçün sizə imkan verilmişdir”. Bəs nədən hər şeyə qadir Tanrı yalan və yadlıqla dolu dünya və bəşər yaratdı sualı açıq qalır!

Əgər vicdan yoxdursa…

F. Rablenin “Qarqantüa və Pantaqrüel” romanı. İnsan bədəni haqda gerçəklər, nağıllar, əfsanələr, miflər və uydurmalar. İnsan bədəninə istehza və parodiya. İnsan bədəninin gülüş və faciə qarışığından doğan hadisələr yığnağı. Doğuş romanı, baş, burun, boğaz, mədə, qarın, bağırsaqlar, ayaqlar və xayaların təsviri, təhlili və təsiri romanı. Cinsiyyət romanı, şəhvətin oyandırılması və sakitləşdirilməsi, nəsilartırma haqda roman. Tüpürmək, ifrazat, öyümə, öskürmə, asqırma və qaz buraxmanın yaratdığı əcaib olaylar romanı.

Dənizin insan tərindən əmələ gəldiyini uyduran roman. Yeməklərin, içkilərin bolluğu, onların mədədə, bağırsaqlarda, qarında, sidik kisəsində yaratdığı tıxaclardan danışır əsər. Əyyaşlıq, qarınqululuq, nəhayət, əxlaqsızlığın yüzlərlə növünü sadalayan roman.

Ürəklə cinsiyyət üzvlərinin müqayisəsi romanı (Cinsiyyət üzvlərinin olmamasındansa, ürəyin olmaması yaxşıdır (daha doğrusu daha az pisdir)).

Əsər bədən hissələrinin musiqi alətlərinə (pəncələri gitaraya, sinəni orqana, kiprikləri 3 simli skripkaya), müxtəlif şeylərə (çanağı bilyarda, beli arbaletə, fəqərəni tuluq zurnasına, qabırğaları cəhrəyə, döş qəfəsini talvara, cinsi orqanı başmağa, yumurtaları butulkaya, toxumluğu rəndəyə, alnı piyaləyə, dişləri ov nizəsinə, çənəni stəkana) bənzədir.

Həkim-yazıçının bədənin zəkaya, mənəviyyata hökm etməsi nəticəsində yaranan hadisələr haqda yazdıqlarına heyrətlənməyə bilmirsən. Və Rable müdriklərinin “əgər vicdan yoxdursa, bilik ruhu yalnız məhv etməyə qadirdir” fikrini də unutmur.

Dünya hakimiyyəti

A.Tolstoyun “Mühəndis Qarinin hiperboloidi” romanı təkcə elmi yox, müəyyən qədər də siyasi fantastikadır. Əsərdə mühəndis Qarinin fantastik hiperboloid aparatı vasitəsilə Amerika qitəsində uydurma Olivin qurşağındakı qızılları ələ keçirib dünyanın diktatoru olmaq iddiasından danışılır. Qarinə maliyyə dəstəyini dünya kimya sənayesini öz əlində cəmləşdirmək istəyən milyarder Rollinq verir. “Hakimiyyəti əldə etmək üçün qızıl lazımdır. Mənim istədiyim kimi hakimiyyət üçün isə bütün sənaye, birja və sair kralların hamısının qızılından daha artıq qızıl lazımdır… Bununla da bütün dünya mənim əlimdə olacaqdır” – deyir Qarin. Ancaq Xlunov bütün bunların qıdıqdan başqa bir şey olmadığını bildirir: “Axı bu Qarinlə Rollinqin məqsədləri nədir? Qıdıq. Qoy onlar bunu dünya üzərində hakimiyyət adlandırsınlar, amma hər halda bu qıdıqdan başqa bir şey deyil”. Nəticə faciəvi oldu, Qarin iylənmiş su içə-içə molyusk və istridyələr yığır, “sonra yuxularında cürbəcür maraqlı macəralar görür”.

P.S. “Sovet Rusiyasında istismarçıları qovmuşuq, indi isə 10 adamdan onu da işləyir, hamısı da toxdur” – deyə Taraskin azyaşlı İvan Qusevə söyləyir. Ancaq romanın bitməsindən 5 il sonra Rusiyanın hazırda, qan gölünə döndərdiyi Ukraynada milyonlarla insan acından öldü. Deməyin ki, iqtisadi böhranın təsiri oldu. 30 il sonra Stalinçi Xruşovun qarğıdalı siyasəti aclığın yaratdığı etirazlara silahla cavab verdi. Terroru məsləkləri üçün vasitə adlandıranların qurduqları ölkənin gedişatı başqa cür ola bilməzdi.

D.Braunun “Da Vinçi kodu”, “Rəqəmsal qala”, “İtirilmiş simvol” romanları bir-birinin davamı təəssüratı yaratsa da, birinci tarixi diskurs yaratdığından daha maraqlı gəldi. Sonuncuları siyasi-kriminal adlandırmaq olar. Ancaq hər üç əsər bir qədər macəraçı olsa da, düşündürücüdür.

R.Toporun “Kirayənişin” romanı ağır təsir yaratdı. Cəmiyyətin insanın arzularını, rahatlığını heçə çevirib onu kirayənişinə çevirməsindən danışır. Dostlar yadlaşır, yağılaşır, sevgilər saxtalaşır, sən tək qalırsan, amma özünü axtarmağı səngitmirsən: “Yalnızlıq bütün dəhşətilə onun qarşısında dik dayanmışdı. Onun qayğısını çəkmək, onu oxşamaq və hərarətini ölçmək üçün sənin əlini alnına qoyacaq heç kim yox idi. Tamamilə tənha idi”.

İnsan həyatda özünü tapmayanda kirayənişinə çevrilir. Özün özünə biganələşirsən, yadlaşırsan, “gərək özümü tapım” deyir Trelkovski. Ancaq heç kim ona kömək etmir: “Onun köməyinə kimin yetişəcəyini tapmaq üçün Trelkovski öz beynində məlum simaların arasında gəzişirdi. Lakin onların hamısının sifətləri soyuq, yad və biganə görünürdü”.

Dinin qoruduğu köləlik

U. Folknerin “Qırmızı yarpaqlar” hekayəsi köləlikdən danışır, insan əti yeyən köləlikdən. Doyanda, ziyandır deyirlər: “Əgər onları yeməyə başlasaq, gərək hamısını yeyək. Bu qədər ət yeməksə, ziyandır”.

İnsan əti yeyənlər bədənlərinin qayğısına qalırlar, ona görə işləmək istəmirlər: “İşləyəndə bədən nəm çəkir, dəlmə-deşik açılır. Sonra soyuq hava aradan içəri keçir. Qoy zəncilər işləsinlər. Onlar tərləməyi sevirlər”. 

Hekayə dinin də köləliyi qoruduğunu göstərir: Dular 3 ay gəminin anbarında oturub bütün günü ingiltərəli kefli şkiperin avazla kitab oxumasını dinləyirdilər, yalnız 10 ildən sonra başa düşdülər ki, bu, Tövrat imiş. “Köləlikdə zaman itir, çünki zaman üçün insan heçdir. Zaman kor gedişatdır: “Sabah elə bugündür. Sabah bu günün yalnız başqa adıdır”.

O.Çoxeli “Küknarlara məktub” hekayəsi xurafatın yaddaşsızlıq yaratdığından danışır. Adı kimi özü də tənha qalan Martua kəndlilərə meyvə tingləri satır, amma natural təsərrüfat qaydasında, şərti də odur ki, tingləri özü əkib bir müddət qulluq edəcək. Təmannasız Martua bir gün kəndin başında olan, kəndliləri vahiməyə salan iri daşı parçalayıb onları qurtaracağına söz verib işə başlayır. Ancaq falçı qaraçılar Martuanı kəndlilərə unutdurur: “Tingçi bu gecə ac qaldı, o heç kimin yadına düşmədi”. Çünki kəndlilərin ağlı qaraçıların gələcəyi öyrənmək üçün Allahın yanına uçacaqlarının yanındaydı. Aldandıqlarını biləndə, günahı özlərində yox, tingçidə gördülər və onu Araqvi çayına atdılar. Xurafat insanı düşünməkdən məhrum etdiyindən o yaddaşsızlaşır. Amma təbiət heç nəyi unutmur. Təbiətlə təmasda olan Martua kimi insanlar təbiətin yaddaşında iz buraxır: “Deyəsən, yalnız təbiətin yadından heç nə çıxmır, heç nəyi unuda bilmir. Hər yaz tingçini Araqviyə tulladıqları vaxt yenə armud ağacları ağappaq çiçək açır, bu çiçək partlayışı təbiətin ən böyük möcüzəsidir. Kəndlilər həyatlarında çox şey görüblər, amma heç kəs bilmir ki, bu çiçəklənməni hansı qüvvə yaradır”.

T.Tolstayanın “Kvadrat”ı hekayədən çox esseni xatırladır.

“Kvadrat” polyak əsilli rus rəssamı K. Maleviçin “Qara kvadrat” əsərinin fəlsəfi şərhidir. İncəsənətlə maraqlananlar üçün “Kvadrat”ı oxumağı məsləhət görürəm.

İran yazıçısı M.Camalzadənin “Surabad” hekayəsi şah dövründə unudulan kəndin yoxsulluğundan və təhsilsizliyindən danışır. Əkin torpaqları olmayan kəndə gələn aqrar psixologiya üzrə mütəxəssis “Psixologiyanın əkinçiliklə əlaqəsi” adlı məruzə edir. Suyu olmayan Surabadda stadion və üzgüçülük hovuzunun inşasının vacibliyini deyirlər. Azərbaycanda da unudulan, boşalan kəndlər az deyil, bu barədə televiziyalar hər həftə reportajlar yayımlayırlar. Amma YAParteidlər həmin kəndlərə getmirlər.

3.Fəlsəfi-dini ədəbiyyat nəşrlərinə baxışımda əsas ölçü kimi Asif Ata dünyagörüşünü götürürəm. Həbsxanada da Asif Atanın kitabları böyük dəstəkçim oldu. Ancaq bununla belə Antik fəlsəfə, hind, sufilik, hurufilik, yeni dövr qərb fəlsəfəsi daimi mütaliə masamın üstündə olub. Bu mənada mənim üçün yeni olan R.Əliyevin “Cavidannamə. Monoteizmin dördüncü kitabı” araşdırması idi. Təəssüf ki, Azərbaycanda hurufilik haqda ədəbiyyat yox səviyyəsindədir. Ona görə də indiyə qədər Fəzlullah Nəiminin yalnız vəsiyyətnaməsini, şeirlərini, o cümlədən, onun şagirdi İmadəddin Nəsiminin ədəbiyyatını oxumuşam. F. Nəiminin əsas əsəri “Cavidannamə” hələ dilimizə tərcümə olunmayıb.

Yəhya Bakuvinin “Sufiliyin sirləri”, Azad Yaşarın “Ya Ali. Sufizm, Dao, Dzen” kitabları orta əsr Şərq təsəvvüfünü öyrənmək üçün yaxşı mənbə sayıla bilər. S. Çatterci və D. Dattanı “Hind fəlsəfəsinə giriş” hind dünyagörüşünün əlifbası hesab edilməlidir. M. Ötgünün “Tanımadığımız Konfutsi” əsəri Çin fəlsəfəsinin dilimizdə bir ilkidir. Könül Bünyadzadənin “Sufi fenomenologiya” II cildliyi müəllifin iddia etdiyi kimi fəlsəfi cərəyan, yaxud fəlsəfə yox, yalnız fəlsəfə və din tarixindən xatırlanmalardır. Müəllif “Sufi fenomenologiya insan mərkəzli fəlsəfədir və əsas məqsədi insan haqqında təsəvvürlərin və insanın baxış bucağını genişləndirməkdir” deyir və F. Nəimidən sitat gətirir:

İnsan dünyanı əks etdirən güzgüdür,

Haqq onda böyüyüb inkişaf edir.

Ancaq sonda müəllif dinə qayıdır. Kitabı oxuduqca müəllifin tələsdiyini, bəzi məqamlarda qarışdırdığını sezirsən, hətta o dərəcədə ki, “Serge Ata” əsərinin müəllifinin M. Qorki olduğunu bildirir. Ümumiyyətlə, sufiliklə hansısa qərb fəlsəfəsini (Qusserl) birləşdirmək mümkünsüzdür. Çünki sufilik özü bir dünyadır, dünyagörüşü deyil (Oşo).

4. Tarixi araşdırmalar silsiləsindən Xaqani İsmayılın “Ön tarix olaylarıı: ilkin qaynaqlar” iddialı kitabdır və düşündürücü xeyli məqamlar yer alıb. Kitabın tərtibatının səliqəsiz olması mütaliə zamanı problemlər yaradır. Ancaq X. İsmayılın digər araşdırmalarını oxumaq istərdim, yəqin ki, qardaşı, dostum Şakir İsmayıl nəşrləri mənə çatdırar.

Ə. Əhmədin “Səfəvilər dövründə din və dini münasibətlər” əsərini maraqla oxudum. İnanıram ki, Əhməd bəy növbəti kitablarını yazacaq.

“Rəsulzadə belə deyirdi” cildlərinə görə Şəhriyar Məcidliyə təşəkkür edirəm, böyük iş görüblər, cildləri oxuduqca, bir daha yəqin etdim ki, Rəsulzadəni öyrənməmişik. Adi bir misal, gələcəkdə Azərbaycan təhsilinin tarixindən kitab yazılsa, mütləq böyük öndərin XX əsrin əvvəllərində təhsil və məktəblərin durumu haqda məqalələri mütləq oxunmalıdır. Əks təqdirdə, yazılanlar çox yoxsul görünər.

Ə. Nəcəfin “Quldur” araşdırması əvvəlki kitabları kimi maraqlıdır, ancaq sual doğuran məqamlar var ki, gələcəkdə özüylə söhbətləşərik.

B. Əziz və V. Əmiraslanovun “BDU-nun repressiyaya məruz qalmış müəllim və tələbələri (1937-1940)” araşdırmasının II cildini gözləyirəm.

Bugünkü ABŞ-nin yaranmasının səbəblərini bilmək üçün R. Hatəmovun “Amerika tarixi” onun “Avropa tarixi” II cildliyindən sonra üçüncü kitabıdır, maraqla oxudum. Azərbaycanda bu yöndə ilk sayıla bilər. S. Montefiorenin “Böyük Yekaterina və Potyomkin” araşdırması əvvəlki kitabları kimi yeni məlumatlarla zəngindir.

D. Əhmədin və H. Əhmədovun Rəsulzadə və müsavatçılarla bağlı kitabları yaxın tariximizin araşdırması baxımından yeniliklərdir. Davamı gəlsin.

Dəyərli Cəmil Həsənlinin “Təbriz – 1946-cı il – Milli hökumətin zəfər və faciəsi” araşdırmasının II cildini və “S.C. Pişəvəri” əsərini oxudum, növbəti əsərlərini gözləyirəm.

***

1) Əkbər Nəcəf “Sacoğlu Yusif”

2) Ə. Nəcəf “Şah Abbas”

3) Ə. Nəcəf “Qacar”

4) Ə. Nəcəf “Nəsrəddin Tusi”

5) Ə. Nəcəf “İnanc yaddaşı” (yeni nəşr)

6) Ə. Nəcəf “Xaqanlığın Tarixi” (ikinci kitab)

7) Aydın Əlizadə “Antik fəlsəfə tarixi”

8) Umberto Eko “Qızılgülün tarixi”

9) Platon “Tarix”

10) Rövşən Hətəmov “Amerika tarixi”

11) Andrey Tarkovski “Həkk olunmuş zaman”

12) A. Tarkovski “Kino sənətinin sirləri”

13) Lev Qumilyov “Qədim Türklər”

14) Jacques Le Goff “Avropanın doğuşu” (türkçə)

15) A. Dadaşova “Səfəvilərin son dövrü”

16) N. Bədəlov “Kino gözlə söz arasında”

17) A. Yaşar “Ya Hu Sufizim, Dao Dzen”

18) N. Mandela “Azadlığa doğru uzun yol”

19) Anri Joli “Böyük adamların təbiəti”

20) M. A. Engelqardt “ Tərəqqi-qəddarlığın təkamülü kimi”

21) S. Rüstəmxanlı “Difai fədailəri”

22) Ü. Durant “Fəlsəfi hekayələr”

23) Ş. Monteskyö “Qanunların ruhu”

24) C. Oruel Seçilmiş əsərləri “1984”, “Heyvanıstan”, “Kataloniyaya məhəbbətlə”

25) Ə. Qəzzali “Əl-Münqir”-“Həqiqət axtarışında”

26) U. Folkner Seçilmiş əsərləri “Avqust işığı” və hekayələr

27) Ə. Əhməd “Səfəvilər dövründə din və dini münasibətlər”

28) S. Montefiore “Böyük Yekaterina və Potyomkin”

29) S. Kormye “Çe Gevara”

30) Y. Bakuvi “Sufiliyin sirleri”

31) F. Dostoyevski “İdiot”

32) O. Pamuk “Mənim adım qırmızı”

33) T. Mann “Hekayələr”

34) S. Yakov “X. Kolumb”

35) N. Mehdi “Mən olmağımın tarixçəsi”

36) X. İsmayıl “Öntarix olayları: ilkin qaynaqlar”

37) A. Manqo “Atatürk” (türkçə)

38) V. Ayzekson “Leonardo da Vinçi”

39) N. Kun “Qədim Yunanıstan-miflər və əfsanələr”

40) E. Reyrat “XX esr Qafqaz tarixi”

41) Q. Flober “Madam Bovari”

42) Jozef fon Hammer “Osmanlı imperiyasının tarixi”

43) Ə. Nəcəf “Quldur”

44) M. Ötgün “Tanımadığımız Konfutsi”

45) R. Əliyev “Cavidannamə. Monoteizmin dördüncü kitabı”

46) R. Şirinova “İbn Sina”

47) E. Əliyev “Qədim və orta əsrlər azərbaycanlı alimlər”

48) S. Aşurbəyli “Şirvanşahlar tarixi”

49) Stendal “Qırmızı və qara”

50) J. D. Sartr Seçilmiş əsərləri “Sözlər”, “İblis və Allah”, hekayələr

51) K.Follett “Dünyanın dayaqları”

52) J. Bekket Pyeslər və hekayələr

53) F. Kafka Seçilmiş əsərləri “Hökm”, “Qəsr”, “Atama məktub”

54) N. Məhfur Seçilmiş əsərləri “Məhəlləmizin hekayətləri”, “Liderin qətl günü”, “Möhtərəm cənab”

55) N. Məhfur “Yol”, “Oğru və itlər”

56) G. Qrass Seçilmiş əsərləri “Mənim yüzilliyim”, “Nobel nitqi”

57) A. Çexov Hekayələr

58) A. Soljenitsın “Qulaq Arxipelaqı” – I cild

59) A. Soljenitsın “Qulaq Arxipelaqı” – II cild

60) A. Soljenitsın “Qulaq Arxipelaqı” – III cild

61) J. Saramaqo “Korluq”

62) D. Braun “Da Vinci kodu”

63) D. Braun “Rəqəmsal qala”

64) D. Braun “İtirilmiş simvol”

65) L. Trotski “Seçilmiş yazılar”

66) N. A. Vasetski “Lev Trotskinin siyasi bioqrafiyası”

67) B. Pasternak “Doktor Jivaqo”

68) A. Platonov “Can”, “Takır” və hekayələr

69) S. Moem Seçilmiş əsərləri “Teatr”, “Sadiq arvad”, “Ledi Fredsik”

70) V. Veysətli “Qızıl qaya”

71) C. Steynbek Seçilmiş əsərləri “Qəzəb salxımları”

72) E. Heminquey Seçilmiş əsərləri “Əcəl zəngi”, “Qoca və dəniz”

73) S. Kramer “Tarix Şumerdə başlayır”

74) E. Remark Seçilmiş əsərləri “Zəfər Tağı”, “Lissabon gecesi”

75) V. Hüqo “Paris Notr-Damın kilsəsi”

76) H. İbsen Pyeslər (“Kuklalar evi”, “Vahimə”, Vəhşi ördək” və digərləri)

77) A. Gündüz “Sokrat”

78) Asif Ata “Mütləq İnam”

79) Asif Ata “Muğam fəlsəfəsi”

80) ….. “Bədiyyat”

81) ….. “Təzadlar”

82) ….. “Rəmzlər”

83) ….. “Mənalar”

84) ….. “Olan-Olmayan”

85) Asif Ata “Varlıq-Yoxluq”

86) ….. “Ruhani xətt”

87) ….. “Münasibətlər”

88) ….. “Mütləqilik”

89) ….. “Hallar”

90) Boran Əziz, Vaqif Əmiraslanov “BDU-nun repressiyaya məruz qalmış müəllim və tələbələri” (1937-1940-cı illər)

91) S. Amadu Seçilmiş əsərləri “Quru dəryasının kapitanları”, “Möcüzələr dükanı”

92) C. Svift “Qulliverin səyahəti”

93) S. Lem “Təyinatını dəyişən xəstəxana”

94) Q. Q. Markes Seçilmiş əsərləri “Gözlənilən bir qətlin tarixçəsi”, “Küskün gözəlçələrimi xatırlayarkən”, “Patriarxın payızı”, “Polkovnikə məktub yoxdur”

95) “Rəsulzadə belə deyirdi” 1-ci hissə

96) “Rəsulzadə belə deyirdi” 2-ci hissə

97) “Rəsulzadə belə deyirdi” 3-cü hissə

98) “Rəsulzadə belə deyirdi” 4-cü hissə

99) M. Meterlink Pyeslər “Göyquş” “Nişanlanma”

100) T. Morissou “Sevgili”

101) P. Koelyo Seçilmiş əsərləri “Kimyagər”, “Maktub”, “Pyedronun sahilində oturub ağladım”, “İşıq savaşçısının məktubu”

102) S. Çatter, D. Datta “Hind fəlsəfəsinə giriş”

103) K. Bünyadzadə “Sufi fenomenologiya” (1-2-ci cildlər)

104) “Qurani-Kərim”

105) Y.V. Göte “Gənc Verterin iztirabları”, “Faust”

106) C. Həsənli “Təbriz-1946-cı il- Milli hökümətin zəfər və faciəsi”

107) C. Həsənli “S. Ç. Pişəvari”

108) T. Drayzer “Amerika faciəsi”

109) A. Ekzuperi “Balaca şəhzadə”

110) F. Dostoyevski “Karamazov qardaşları”

111) Ə. Nəcəf “Salar Mərzuban”

112) S. Həsənov “Şirvanşah 1-ci İbrahim”

113) Y. Sadıqlı “Yaxın Şərq tarixi” Məqalələr toplusu

114) A. Hitler “Mənim mübarizəm”

115) V. Mazer “Adolf Hitler”

116) M. Servantes “Don Kixot”

117) F. Şiller Seçilmiş əsərləri “Qoçaqlar”, “Genuyalı Fieskonun suiqəsdi”, “Məkr və məhəbbət”

118) İ. Bunin Seçilmiş əsərləri, “Kənd”, “Qurudərə”, “San Fransiskalı Cənab”, Şeirlər və Hekayələr

119) İngilis ədəbiyyatə antologiyası

120) Alman ədəbiyyatı antologiyası

121) Amerika ədəbiyyatı antologiyası

122) Fransız ədəbiyyatı antologiyası

123) Antik ədəbiyyat antologiyası

124) XX əsr Dünya ədəbiyyatı antologiyası (3-cü cild)

125) Rus ədəbiyyatı antologiyası (2-ci cild)

126) F. Kafka “Məhkəmə”

127) V. Şekspir Seçilmiş əsərləri “Otello”, “Romeo və Cülyetta”, “Hamlet”, “Kral Lir”, “Maqbet”

128) S. Gəncəli “Nəsillər, ailələr, talelər”

129) Ə. Tahirzadə “Həsənbəy Ağayev”

130) A. Birinci “Əhməd Ağaoğlu lioqrafiyası”

131) D. Əhməd “Əski müsavatçılar nəsli”

132) H. Əhmədov “Varislərlə müsahibələr”

133) D. Əhməd “Rəsulzadə xatirələri-1”

134) D. Əhməd “Rəsulzadə xatirələri-2”

135) Rəsulzadə mühazirələri, “İstiqlal məfkurəsi və gənclik”, “Milliyyət Məbdəyinin Avropada qələbəsi”, “İxtilalçı sosializmin iflası”, “Demokrasinin gələcəyi”

136) S. C. Pişəvari “Zindan xatirələri”

137) B. Rassel “Fəlsəfə nədir?”

138) B. Rassel “Mən nəyə inanıram”

139) F. Dostoyevski “Ölü evdən qeydlər”

140) A.N. Tolstoy Seçilmiş əsərləri, “Mühəndis Qarivin hiperboloidi”, “Gürrə”, “İvan Sudaryavın dediklərindən”, Qocaqlar”, “Tufanlarda”

141) R. Topor “Kirayənişin”

142) M. Qandi “Bütün insanlar qardaşdır”

143) S. Freud “Musa və təkallahlılıq”

144) K. Popper “Açıq cəmiyyət və onun düşmənləri” 1-ci cild: Platonun sehrli cazibəsi

145) F. Engels “Ludviq Feyerbax və klassik alman fəlsəfəsinin sonu”

146) F. Roble “Qarqantua və Pantaqruel”

147) X. Huseyni “Çərpələng uçuran”

148) Svetlana Aleksiyeviç “Müharibə qadın simalı deyil”

149) “İspan ədəbiyyatı” antologiyası

150) “İtalyan ədəbiyyatı” antologiyası

151) Lenin İmperializm kapitalizmin ən yüksək mərtəbəsidir

152) A. Soljenitsin “Birinci çevrədə”

Ana səhifəTövsiyəNatiq Cavadlı: “Dünyanın tərpənməz nöqtəsində oxuduqlarım”