İnanclı məhbus aclıq aksiyasına başlayıb

İsmayıl Məmmədov. Foto: Ailəsindən

Hazırda narkotik ittihamı ilə həbsdə olan inanclı məhbus İsmayıl Məmmədov ailəsi ilə olan görüşlərə və zənglərə qoyulan qadağaya etiraz olaraq aclıq aksiyasına başlayıb. 

Bu barədə Meydan TV-yə məlumat verən məhbusun ailəsi bildirib ki, şikayətlərdən sonra Məmmədovla sonuncu dəfə aprelin 25-i bir dəqiqə telefonla danışmaq imkanları olub. Məhbus deyib ki, qadağalarla bağlı 1 saylı Bakı İstintaq Təcridxanasının (BİT) rəisi Elnur İsmayılovun  qəbulunda olacaq və qadağa götürülmədiyi halda aclıq aksiyasına başlayacaq. 

Həyat yoldaşı deyir ki, artıq 5 gündür aclıq edən İsmayıl Məmmədovdan heç bir xəbər ala bilmirlər və qurumlara edilən şikayətlərdən isə hələlik bir cavab yoxdur.

“5 gündür yoldaşımdan heç bir xəbər yoxdur, üstəlik biz onun sağlamlığından da çox narahatıq. Rəis Elnur İsmayılov bu qadağaları niyə qoyub bilmirik. Bu gün yenidən Ombudsmana zəng etdik. Onlar sadəcə “qadağa var” deməklə kifayətləndilər”, – deyə həyat yoldaşı bildirib.

Bir aydan çoxdur İsmayıl Məmmədovun saxlanıldığı 1 saylı Bakı İstintaq Təcridxanasında (BİT) görüş və zənglərinə məhdudiyyətlər qoyulub. Penitensiar Xidmətə edilən müraciətə cavab olaraq bildirilmişdi ki, məhdudiyyət müstəntiq tərəfindən qoyulub. Lakin sonradan vəkilin sözlərinə görə, müstəntiq qadağanı götürdüyünü desə də, bu dəfə təcridxananın rəhbərliyi tərəfindən yenidən məhdudiyyət tətbiq edildiyi iddia olunurdu.

İsmayıl Məmmədov martın 3-də saxlanılıb. O, külli miqdarda narkotik vasitələrin istifadəsi ittihamı ilə həbs olunaraq Bakı İstintaq Təcridxanasında yerləşdirilib. Ailəsinin bildirdiyinə görə, saxlanılma zamanı və polis idarəsində Məmmədova qarşı zorakılıq tətbiq edilib və ondan narkotik ittihamını “etiraf etməsi” tələb olunub.

İnanclı fəalların həbsləri xüsusilə 2023-cü il yanvarın 27-də Azərbaycanın İrandakı səfirliyinə edilən hücumdan sonra intensivləşib.

Hüquq müdafiə təşkilatlarının hesabatlarına əsasən, hazırda Azərbaycanda 340 nəfər siyasi məhbus var. Onlardan 192 nəfəri dini inanclı şəxslərdir.

Ana səhifəSiyasətİnanclı məhbus aclıq aksiyasına başlayıb