Avropa İttifaqının Rusiyaya qarşı qəbul etdiyi 20-ci sanksiyalar paketində Azərbaycanda fəaliyyət göstərən maliyyə qurumu da hədəfə alınıb. Sanksiya siyahısına daxil edilən “Yelo Bank” qərarın Rusiya maliyyə mesajlaşma sistemi ilə bağlı olduğunu təsdiqləyib.
Rəsmi məlumata görə, yeni sanksiya paketi Rusiyanın Ukraynaya qarşı müharibə aparmaq imkanlarını zəiflətməyə yönəlib və maliyyə, enerji, ticarət, nəqliyyat və texnologiya sahələrini əhatə edir.
Yeni məhdudiyyətlər çərçivəsində üçüncü ölkələrdə fəaliyyət göstərən bəzi maliyyə qurumlarına da tranzaksiya qadağası tətbiq olunub. Məlumata görə, bu siyahıya Azərbaycandan “Yelo Bank” daxil edilib və məhdudiyyətlərin mayın 14-dən qüvvəyə minməsi gözlənilir. Aİ qərarı bankın Rusiyanın maliyyə mesajlaşma sistemi — SPFS/FMS ilə əlaqələndirilməsi və sanksiyalardan yayınma riskləri ilə əsaslandırılıb.
“Yelo Bank” aprelin 24-də yaydığı açıqlamada fəaliyyətinin Azərbaycan qanunvericiliyinə və beynəlxalq sanksiya rejimlərinə uyğun qurulduğunu bildirib. Bank qeyd edib ki, qərar “banklararası maliyyə mesajlaşma sistemindən istifadəyə dair texniki xarakter” daşıyır. Açıqlamada həmçinin vurğulanır ki, sözügedən sistemlə əməkdaşlıq artıq dayandırılıb və həmin platforma üzərindən heç bir əməliyyat aparılmır.
Bank əlavə edib ki, bütün xidmət və əməliyyatlar adi rejimdə davam edir və məsələ ilə bağlı müvafiq qurumlar və hüquqi institutlar qarşısında prosedurlar başlanılıb.
“Yelo Bank”ın İdarə Heyətinin sədri Anar Həsənovdur. O, bu vəzifəyə 2021-ci il yanvarın 5-də təyin olunub. Bundan öncə Anar Həsənov “AccessBank”ın İdarə Heyətinin sədri olub.
Həsənov deputat Sevinc Fətəliyevanın həyat yoldaşıdır. Fətəliyeva Milli Məclisin rəsmi məlumatına əsasən, 30 saylı Suraxanı birinci seçki dairəsindən ikinci çağırış deputatıdır və Yeni Azərbaycan Partiyasını təmsil edir.
Məsələ yalnız maliyyə sektoru ilə məhdudlaşmır. Sanksiya qərarı siyasi və institusional məsuliyyət kontekstində də müzakirələrə səbəb olub. Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların əsas məqsədinin rəsmi Kremlin müharibə imkanlarını məhdudlaşdırmaq olduğunu vurğulayır. Bu fonda Azərbaycan bankının Rusiya maliyyə infrastrukturuna qoşulması ölkənin beynəlxalq maliyyə reputasiyası və sanksiya riskləri baxımından suallar doğurur.
Ekspertlərin fikrincə, Ukraynada müharibə davam etdiyi bir vaxtda Prezident Volodimir Zelenskinin Azərbaycana səfəri ölkələr arasında etimad və strateji tərəfdaşlıq mesajı kimi qiymətləndirilir. Belə bir dövrdə Azərbaycanda fəaliyyət göstərən bankın Rusiyaya maliyyə dəstəyi göstərməsi, beynəlxalq sanksiyalara zidd hərəkətlərə yol verməsi ən azından “diplomatik situasiyaya kölgə salan” bir hal kimi dəyərləndirilə bilər.
Siyasi şərhçilər fikrincə, bank rəhbərinin deputatın həyat yoldaşı olması cəmiyyətdə potensial “maraq toqquşması” və təsir imkanlarından istifadə ilə bağlı suallar yaradır. Bu cür hallar yalnız etik deyil, həm də institusional şəffaflıq baxımından əhəmiyyətli sayılır. Potensial maraq toqquşması və ya korrupsiya riski yarada bilən bu məsələ qanunlara ziddir.
Hələlik Azərbaycan Mərkəzi Bankı və digər rəsmi qurumlar məsələ ilə bağlı geniş açıqlama verməyib.