Aynur Elgünəş: Bütün bunlar Meydan TV-ni susdurmaq üçündür

İllüstrasiya: Meydan TV

“Meydan TV işi” üzrə həbsdə olan jurnalistlərin məhkəməsi davam edir. Martın 13-də Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aytən Əliyevanın sədrliyilə keçirilən prosesdə bu iş üzrə həbsdə olan 12 nəfərin ifadələri başlayıb.

Bu iş üzrə ittiham olunan Aytac Tapdıq (Əhmədova), Xəyalə Ağayeva, Aysel Ümüdova prosesdə şüşə qəfəsə salınmalarına etiraz olaraq məhkəməyə gəlməkdən imtina ediblər. Amma onlar məhkəməyə məcburi gətiriliblər. Bu səbəbdən həmin jurnalistlər məhkəmə prosesinə ev paltarı və tərliklə qatılıblar.

Məhkəmə prosesində əvvəl vəkil Zibeydə Sadıqova təqsirləndirilən şəxslərin şüşə qəfəsdən çıxarılaraq, müdafiəçilərinin yanında əyləşməsi barədə vəsatət qaldırıb. Vəsatət təmin olunub, təqsirləndirilən şəxslərin əksəriyyəti vəkillərinin yanında əyləşiblər.

Nurlan Libre: “56 gündür aclıq aksiyası keçirirəm”

Təqsirləndirilən jurnalistlərdən Nurlan Libre (Qəhrəmanlı) isə vəsatət qaldıraraq bildirib ki, 56 gündür aclıq aksiyası keçirir, nəticədə səhhətində ciddi problemlər yaranıb. Buna baxmayaraq, Bakı istintaq Təcridxanasında adi kamerada saxlanılır, ona lazım olan tibbi yardım göstərilmir. Aclığı dayandırması üçün fevralda istintaq təcridxanasının rəisi Elnur İsmayılov tərəfindən təzyiqə məruz qaldığını deyən Nurlan Libre təcridxanada tibbi-sanitar hissəyə, yaxud da Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülməsini istəyib. Hakim Aytən Əliyeva bildirib ki, Bakı İstintaq Təcridxanasına onun müayinə olunması və durumu ilə bağlı məlumat almaq üçün Bakı İstintaq Təcridxanasına məktub göndəriləcək.

Daha sonra hakim təqsirləndirilən şəxslərin ifadə verməsini istəyib. Vəkillər isə bildirib ki, ifadələr başlamamışdan əvvəl baxılmalı vəsatətlər var.

Jurnalistlərdən Xəyalə Ağayevanın vəkili Nazim Musayev deyib ki, vəsatətlərə baxılmadan ifadələr başlamamalıdır: “İmkan verin, vəsatətlərimizi verək”.

Hakim Aytən Əliyeva isə vəkilə “imkan vermirəm, sakit durun”, – deyə cavab verib.

Vəkil belə davranışa görə Aytən Əliyevaya yazılı etiraz vermək istəyib. Lakin hakim buna da icazə verməyib: “Keçən dəfə etiraz vermişdiniz, baxılmamış saxlandı”.

“Cinayət işində bir dənə də olsun sənədin əsli yoxdur”

Daha sonra təqsirləndirilən şəxslərin dindirməsi başlayıb. Əvvəl “Meydan TV”nin baş redaktoru Aynur Elgünəş (Qənbərova) ifadə verib. Aynur Elgünəşin ifadəsini olduğu kimi təqdim edirik:

Biz – 12 nəfər Cinayət Məcəlləsinin 7 absurd maddəsilə ittiham olunuruq. Mən düz 13 aydır ki, hakimiyyətin “mirzə”si olmadığım üçün cəza çəkirəm. Bir ilə yaxın davam edən istintaq müddətində 30 cildlik cinayət işi, 560 səhifəlik ittiham aktı hazırlayıblar. Ancaq bu cinayət işinin içində bir dənə də olsun, sənəd dedikləri şeyin əsli yoxdur.

Rəsmi sənədləri saxtalaşdırmada, bilə-bilə rəsmi sənədlərdən istifadə etməkdə ittiham olunuruq. Hansı rəsmi sənədləri saxtalaşdırmışıq? Hansı sənədlərdən istifadə etmişik? Hanı bunu sübut edən sənədin əsli? Kompüterdə yığılmış, yaxud kopyalanmış, heç bir möhürü, ştampı, blankı olmayan “sənəd”lər qoyublar ortaya. Elə öz ekspertizaları da rəy verib ki, bu “sənəd”lərdəki imzalar həmin şəxslərə məxsus deyil. O zaman məni nəyə əsasən ittiham edirsiniz? Niyə ittihamda ekspertizanın rəyi bizim xeyrimizə şərh olunmayıb?

İttihamda iddia olunur ki, saxta sənədlər donor təşkilatlardan yeni vəsaitlər əldə etmək üçün öz fəaliyyətinin qanuniliyi görüntüsü yaratmaqla etibar qazanmaqdan ötrü həqiqətə uyğun olmayan məzmunlu hesabatlar vermək üçün yaradılıb və daha sonra bu məqsədlə istifadə edilib. Lakin iş materiallarında Meydan TV- nin hər hansı bir xarici donora hesabat verdiyini göstərən sübut yoxdur. İttiham tərəfi “Demokratiya Uğrunda Assosiasiya”nı Meydan TV-nin xarici donoru kimi təqdim edir. Halbuki,  bu xarici donor təşkilatı  deyil,  Meydan TV  layihəsinin sahibi olan qeyri-hökümət təşkilatıdır.

Deyirsiniz ki, özümü mövcud olmayan bir media qurumunun baş redaktoru elan etmişəm. Mövcud deyilsə, necə deyirsiniz ki, “Meydan TV-nin direktoru ilə əlbir olub”?

“Rəsmi sənəd” deyiləndə bu ölkənin dövlət qurumlarının tanıdığı təşkilatlara məxsus və ya həmin qurumlara təqdim olunmuş sənədlər nəzərdə tutulursa, hanı o rəsmi sənədlər? Əslini göstərib deyin ki, “bax, bu sənəd saxtalaşdırılıb”. Yaxud cinayət işindəki əsli olmayan o sənədlərin xarici donorlara göndərildiyini nəzərdə tutursunuzsa, hanı o təşkilatların şikayəti? Bu sənədlərin onlarda olduğunun, onlara göndərildiyinin sübutu?

Xüsusilə külli miqdarda gəlir əldə etmək məqsədilə qanunsuz sahibkarlıqda ittiham olunuruq. Necə sahibkarlıq etmişəm? Mənim heç kimlə müqaviləm olmayıb. Heç bir fonddan da layihə almamışam. Təmsil etdiyim Meydan TV Almaniyada rəsmi fəaliyyət göstərir, dövlət vergisini, sosial sığortasını da ödəyir, hər il audit yoxlaması aparılır. Azərbaycan adına hər hansı layihə yoxdur və mənim də Meydan TV adından maliyyə mənbələri ilə əlaqə qurmaq kimi səlahiyyətim olmayıb. Bu halda, mən necə qanunsuz sahibkar ola bilərəm? Eyni zamanda, əsasnaməsinə görə, Meydan TV reklam almır və bizim heç vaxt reklam gəlirlərimiz olmayıb. Başqa bir məsələ, əgər bu qurumun rəhbəri kimi məni görürsünüzsə, bu qədər insan niyə qanunsuz sahibkarlıqda ittiham olunur?

Bütün müstəqil mediaya qarşı irəli sürülmüş ittiham – qaçaqmalçılığa gəlincə, bizim heç birimiz dövlət sərhədində bu ittihamla üzləşməmişik. Mənim ayağımda endoprotez var və bütün aeroportlarda xüsusi yoxlamaya məruz qalmışam. Heç vaxt üzərimdə ölkəyə gətirilmə həddini aşan vəsait olmayıb.

Guya Ramin Dekonun külli miqdarda pul gətirdiyinə dair əsaslı şübhələri olub, taksidə saxlayıblar, üzərindən 8 min, çemodanından 30 min avro pul çıxıb. Elə əsaslı şübhələri vardısa, niyə bu əməliyyatı elə aeroportda yoxlamadan keçəndə aparmırdılar? Aeroportda yoxlamadan keçəndə kameraların altında aşkarlansaydı, daha inandırıcı olardı da. Digər tərəfdən, ölkəyə 38 min avro keçirilibsə, gömrük xidməti, sərhəd xidməti hara baxırdı? Niyə buna imkan verən gömrük əməkdaşları bizimlə birlikdə mühakimə olunmur? Əgər qaçaqmalçılıq varsa və biz dəfələrlə sərhəddən gizli müxtəlif məbləğlər keçirmişiksə, deməli, hər dəfə bizi buraxan gömrük əməkdaşları da işdən çıxarılıb, həbs olunmalıdır.

Əlinizdə şahid ifadələrindən başqa heç nə yoxdur. O ifadələrin də hansı şərtlər altında verildiyini bilirik. Lap tutaq ki, hansısa dostum mənim xahişimlə belə bir dəstək verib. Əlinizdə hansı sübut var ki, bu məhz Meydan TV ilə bağlıdır? Məsələn, Avropa Məhkəməsinin qərarı əsasında mənə ödənilmiş təzminatı rəfiqəmə borc vermişdim.  Məqsədim o idi ki, həm onun ehtiyacı ödənsin, həm də pul əlimdə qalıb xərclənməsin. Həmin borcu qaytaranda rəfiqəm artıq Gürcüstanda idi və dostumdan xahiş etdim ki, onu alıb mənə gətirsin. Yaxud xaricdəki dostlarım yığışıb mənə dəstək olmuşdular, bu da böyük məbləğ olmayıb. Ümumiyyətlə, şahidlərin hamısı ayrı-ayrı aylarda bir təşkilat üçün böyük məbləğ hesab edilməyən pullar gətirdiklərini deyirlər. Meydan TV adına 12 nəfər tutmusunuz, onların tam yarısının bu qurumla işgüzar əlaqəsi olmayıb. Bununla belə, gətirildiyi deyilən pulları aylara bölsən, belə çıxır ki, daşıdığımız su basdığımız palçığı yumayıb. Ümumiyyətlə, şahid ifadələri, həbs olunan jurnalistlərin evlərinə qoyulan pullar və özümüzə məxsus pullar ümumilikdə 160 mini keçmir, istintaq 173 min yazır. Olsun. İstintaq 2019-2024-cü illəri əhatə edir. Gülməli rəqəm deyil? Bunun üçün çəkdikləri əziyyəti deyim: Meydan TV-nin əməkdaşı olmayan, yalnız bizim həbsimizdən sonra təmənnasız ona informasiya dəstəyi verən Fatimə Mövlamlının evindən 13500 avro “tapılıb”. Evində bu qədər pulu olan adamın niyə banklara borcu vardı? Üstəlik, bu pulların arasında 500-lük əskinas da var. Deyəsən, əməliyyatı planlaşdıranlar unudub ki, Avropada 500-lük çoxdan dövriyyədən çıxarılıb. Heç bizim banklar da götürmür. Fatimədə bu əskinas hardan ola bilər?

Yaxud Ülviyyə Əlinin evindən 6700 avro “çıxıb”. Meydan TV-nin pulu niyə Ülviyyədə olsun axı? Ülviyyə “Amerikanın səsi” radiosunun əməkdaşı olub. Həbsindən iki ay əvvələ qədər bu qurumda çalışıb. O, bizdən 5 ay sonra həbs olunub. Amerikada da pul vahidi dollardır. Bu qızların hər ikisi Meydan TV-yə görə yox, məhz özlərinin jurnalist fəaliyyətlərinə görə həbs olunublar. Sadəcə, ayrıca cinayət işi açmağa səbəb olmayıb, elə açıq cinayət işinə onları calayıblar.

Eləcə də Nurlan Libre. Nurlan bacarıqlı reportyordur, videoları, yazısı Meydan TV-də yayımlanıb. Bizim həbsimizdən sonra da Meydan TV-yə dəstək verib. Amma o, Meydan TV-nin daimi əməkdaşı olmayıb. O da müstəqil fəaliyyətinə, yayımladığı materiallarına görə həbs olunub və eyni qaydada bu işə əlavə edilib.

“Ülvi Tahirovun burada olmasının səbəbi mənim dostum olmasıdır”

İstintaq başa düşürdü ki, bu qədər adamı bu məbləğlə həbsdə saxlasa, gülməli görünəcək. Ona görə də Bakı Jurnalistika Məktəbi ilə Meydan TV-ni əlaqələndirməyə çalışdı. Lakin sona qədər alınmadı. Bəli, mən BJM-nin ilk məzunlarındanam, orada 4 kurs keçmişəm, sonra “var.az” saytına rəhbərlik etmişəm, daha sonra təlim vermişəm. Amma bunların hamısı 2014-cü ilə qədər olub. Ondan sonra BJM-ə ancaq dostlarım üçün, bir az da “ata ocağı” kimi getmişəm, vaxtilə “var.az”a məxsus otaqda oturmuşam. BJM bütün tələbələri üçün bir növ resurs mərkəzi rolunu oynayırdı. Kim istəyirdisə, gəlib, avadanlıqlarından istifadə edə bilirdi. BJM-lə Meydan TV-nin heç vaxt işgüzar əlaqəsi olmayıb. Elə olsaydı, heç vaxt burada Ülvi Tahirov oturmazdı. Çünki o, BJM-in direktoru deyil. Ülvi məhz mənim dostum olduğu üçün buradadır.

Bu iki qurum müxtəlif profillərə malikdir. Meydan TV Almaniyada təsis edilmiş, qeydiyyatdan keçmiş və orada yayımlanan media resursudur. BJM isə Bakıda yaradılıb, təlimlər təşkil edən QHT-dir. Nə BJM-dən götürülmüş qurğularda, nə Əhmədin, Ülvinin qurğularında Meydan TV-yə aid sübut aşkarlanıb, nə də Meydan TV-yə aid edilən əməkdaşlara məxsus  qurğularda BJM-ə aid sənədlər aşkarlanıb. BJM-lə əlaqəsi olan mənəmsə, niyə heç bir sənəd yoxdur məndə? Bir sözlə, cinayət işində Meydan TV ilə BJM-i mütəşəkkil dəstə elan etsələr də, heç bir fakt bu iki qurum arasında əlaqəni göstərmir.

İstintaq materiallarının böyük bir hissəsi BJM-lə əlaqəlidir. Məhz bu səbəblə məbləği 1 milyon manata çatdırıblar. Mən BJM-in “Meydan”dan ayrılmasını tələb edəndə müstəntiq dedi ki, “sən olsan, ayırardın?” Etiraf etdi ki, işi şişirtmək üçün 2 qurumu bir-birinə bağlamaq lazım gəlib.

BJM adı ilə işə tikilən sənədlərin heç biri orijinal deyil, heç hansısa e-maildən də götürülməyib. O imzalar da təsdiqini tapmayıb. Mən son 10 ildən bu qurumdan 1 qəpik də almamışam. Bu qurumun hansısa donordan qrant aldığını da eşitməmişəm, görməmişəm. Ülvi ilə bu haqda söhbətimiz olmayıb. Ekspertiza da təsdiqləyib, özüm də deyirəm, heç bir sənədə imza atmamışam. O sənədlər kompüterdə hazırlanıb, imzam əlavə edilib. Sübut kimi, eyni imzamın olmasını göstərirəm. Necə olur, müxtəlif sənədlərə imza atıram, hərfin biri də əyilmir, fərqli düşmür? Yaxud imza mənimdir, amma xətt mənim deyil. Belə çıxır ki, boş blanka imza atmışam. Ümid edirəm, mənim bunu edəcək qədər ağılsız olduğumu düşünmürsünüz. Boş olmayıbsa, o zaman almadığım pula görə niyə imza atım? Bunda nə marağım ola bilər? İşə xeyli qaimənin kopyası əlavə olunub, heç birinin əsli yoxdur. Həmin qaimələrdə mənim xəttimdir, “qarpız”, “qənd”, “çörək” və s. yazılıb. Ofisə alınan şeylərin siyahısıdır və xəttim aydın oxunduğundan mən yazmışam. O qaimələrin harasında yazılıb ki, donor üçündür? Ərzaq adı yazmaqla əməkdaşlıq olur? Yaxud lap tutaq ki, mən 3-4 yerlə əməkdaşlıq edirəm, bu o deməkdir ki, Meydan TV əməkdaşlıq edir? Nə absurd yanaşmadır? Mən “var.az”ın redaktoru olduğum dövrdə universitetdə dərs deyirdim, televiziya verilişlərinə müəlliflik edirdim, iki qəzetə, bir sayta yazılar yazırdım. İndi o deməkdir ki, bunların hamısı bir-birinə bağlıdır? Ortada hər hansı əlaqə, pul dövriyyəsi yoxdursa, bu iki qurumu necə əlaqələndiriblər?

İstintaq bizi mütəşəkkil dəstə adlandırır. Bu adamların çoxu Ülvini həbsdən sonra tanıyıb. Necə dəstəyik ki, Natiqdə Ülvinin, Ülvidə Natiqin, Şəmşadın, lap elə Nurlanın nömrəsi yoxdur?

İttihamda “mütəşəkkil dəstə” üzvlərinin cinayət törətmək üçün öz aralarında necə cinayət xarakterli vəzifə bölgüləri aparmaları göstərilməyib. Halbuki, verilən maddədə bu tələb olunur. İş materiallarından görünən odur ki, biz məhz jurnalistika funksiyasını yerinə yetirmişik. Bu da cinayət törədilməsi məqsədi daşıyan rol bölgüsü deyil. Bizim aramızda rol bölgüsünün jurnalistika ilə bağlı olmasını evimizdən götürülən maddi sübutlar da təsdiq edir.

İstintaq materiallarının bir cildi telefon nömrələridir. Məsələn, Aynur 2020-2024-cü illərdə Əhmədlə 345 dəfə, Ülvi ilə 79 dəfə telefonla danışıb. 2020-2022-ci ildə Şəmşadla 38 dəfə telefonla danışıb. Buradakı uşaqların əksəriyyəti ilə telefon danışığının sayı göstərilib. Məgər biz bir-birimizi tanıdığımızı danırıq? Hamısı məni tanıyır. Yaxud necə ola bilər ki, 4 ildə Ülvi ilə cəmi 79 dəfə danışım? Hər gün gördüyüm adam idi axı. Deməli, sosial şəbəkə üzərindən də danışa bilərəm. Telefonla danışmaq cinayət göstəricisidir? Yaxud 2019-cu ildən başlayan cinayət işinə 2018-ci ildə Ülvi ilə olan yazışmamızı əlavə ediblər. Borc istəmişəmmiş. Nə olsun? Dostumdan borc istəməyim cinayətdir? Üstəlik, cinayət işini əhatə etməyən ildə. İşdə “Zolotaya korona”dan pul göndərməyimin mesajı var. Birincisi, görünür, mən göndərmişəm, almamışam. İkincisi, “Zolotaya korona” hansı ölkələrdə işləyir? Bunu bilirmi istintaq? “Western Union”la yenə mənim göndərdiyim məbləğin alındığını təsdiq mesajı əlavə edilib. Bir qərar verin, ölkəyə pul gətirmişəm, ya çıxarmışam?

Başqa bir fakt kimi, “Getcontact” proqramında adımızın necə yazıldığı göstərilib. İstənilən şəxsin adının istənilən şəkildə yazılmasının mümkün olduğu proqram necə əsas kimi götürülə bilər?

Cinayət işində vahid niyyətlə əhatə olunan qəsd ifadəsi var. Meydan TV-ni BJM lə birləşdirən və onları vahid niyətlə yönləndirən yuxarı bir subyekt yoxdur.

Şəmşad mənim qurbanlarımdandır. Ən yaxın dostlarımdandır. İstintaqın qənaətinə inansaq, 2022-ci ildən sonra əlaqə saxlamamışıq. Niyə “mütəşəkkil dəstə”dədir?

Əhmədin Meydan TV ilə aşağı-yuxarı heç bir əlaqəsi olmayıb. Meydan TV-dən pul aldığını deyən şahidlər çöldə gəzdiyi halda, Əhməd niyə buradadır? Üstəlik, zülmlə qazanıb aldığı maşınına da həbs qoyulub. Mən bilirəm, o, aylıq krediti ödəmək üçün tədbirlərdə neçə saat kamera şaqqıldadıb. İnsanların həyatı ilə bu qədər rahatlıqla oynamaq olmaz axı. Bu adamlar heç bir günah sahibi deyil, əl çəkin onlardan, mən qarşınızdayam.

Bütün bunlar göstərir ki, istintaq saxta, qərəzli şəkildə aparılıb, məqsəd rəhbərlik etdiyim media qurumunu susdurmaqdır. BJM isə sadəcə, məbləği şişirtmək, işi böyütmək üçün lazımdır.

Adımızı həm qaçaqmalçı qoyurlar, həm də qaçaq maldan vergi istəyirlər. İnanıram ki, mülki iddiaçı kimi burada əyləşən bu xanım bizdən nə qədər vergi istədiyini belə bilmir. Buna görə də oturub, ancaq prokurorun fikrini dəstəkləməklə məşğuldur.

Sizə bir az da həbsim zamanı baş verən qanun pozuntularından danışım. Polislər evimə soxulduqdan sonra mənim üstümü kişi polis yoxladı. Qadın hardasa bir saat sonra gəldi. Əməliyyata rəhbərlik edən şəxs etirazlarıma tutuquşu kimi, ancaq bir cavab verirdi: “Qanunu biz pozuruq, özümüz də həll edəcəyik”. Evdə axtarış apardılar, şəxsi pulumu tapa bilmədilər. Bir gün əvvəl sayıb, notebook-un çantasına qoymuşdum. Baxdılar, görmədilər. Artıq protokol yazılırdı, bir də gördük, hal şahidi əlində pul qoyduğum kisəni yelləyə-yelləyə gətirir. Təkidlərimə baxmayaraq, bu fakt protokola yazılmadı. Üstəlik, məbləğ də sayıb qoyduğum qədər deyildi. Bunu bir neçə dəfə müstəntiqə də dedim. Hal şahidi mənim pulumdan bir xeyli götürmüşdü. Hətta liftin aşağısında əməliyyatın rəhbəri onun əlini sıxıb, əlaqə saxlayacağını dedi. Belə anladım ki, “dejurnı” şahidlərdəndir. Bu şikayətlərimin heç biri işə əlavə olunmadı.

İstintaqa kömək etdiyimi də deyim. Müstəntiqdən soruşdum ki, pul gətirdiyini deyən şahid onu necə gətirib? “Konvertdə olar də”, – dedi. İçərisini görüb-görmədiyini, hansı valyuta olduğunu soruşdum. “Hər halda, dollar”, – dedi. Mən də istehza ilə “Meydan TV dollarla işləyir?”, – soruşdum. Cinayət işinə baxsanız, istintaq yekunlaşana yaxın şahidi təkrar çağırıb ifadə alır, o da deyir: “Mən elə bilirdim dollardır, sonra xatırladım ki, avrodur”.

“İstintaq sirri” dedikləri yazışmaları, səs yazılarını yayımlayıb, şou verdilər. Bir daha sübut olundu ki, həbsimiz siyasidir. Məqsəd ictimaiyyəti bizim cinayət törətdiyimizə inandırmaqdır. Təbii, buna nail ola bilmədi. İnsanlar ağzının yolunu tanıyır, çörəyi qulağına yemir.

Vaxtınızı alıb, məni həbsə aparan yoldan danışmaq istəyirəm. Çünki heç də hər şey “salam, səni həbs etməyə gəlmişik” şəklində olmayıb. Meydan TV-yə gəlişimin əvvəlindən başlayım. Çünki BJM-lə bağlılığımın tarixi daha uzaqdır. 28 illik jurnalistika fəaliyyətimin son 10 ili Meydan TV ilə bağlıdır. Mən ona qədər artıq ölkənin tanınmış jurnalistlərindən idim. Həm sosial yazar, araşdırmaçı jurnalist kimi çalışırdım, həm də universitetlərin birində dərs deyirdim, BJM-də təlimçi idim. Özüm fəaliyyətimin yarısı qədər də təhsil almışam, iki diplomum var, biri qırmızıdır. Təlimçilərin liderlik proqramı ilə ABŞ-də olmuşam, Keniyada, Niderlandda təşkil edilən media menecmentliyi kursuna qatılmışam. Sülh quruculuğu, insan haqları, konfliktlərin mediada işıqlandırılması sahəsində onlarla kurs keçmişəm. Beynəlxalq sertifikatlarım var və onların bir neçəsi istintaqdadır, hələ qaytarılmayıb. Şəxsi təşəbbüsümlə araşdırdığım materiallardan biri də Azərbaycanla Ermənistan arasında münaqişəni qızışdıran media nümunələri ilə bağlı olub. İnternetdə axtarış aparmaqla 3 dildə nəşr olunan və mükafata layiq görülmüş, 1988-90-cı illərin mediasında qızışdırıcı məqalələrin araşdırılmasına dair geniş yazıma rast gələ bilərsiniz. Sülhpərvər yazılarımdan bir neçəsini mərhum erməni sülhpərvər Georgi Vanyan da öz saytında dərc etmişdi. Bunlara görə 1 qəpik də qonorar almırdım, sırf münaqişənin əleyhinə olan jurnalist kimi, borcumu yerinə yetirirdim.

2008-2010-cu illərdə Helsinki Vətəndaş Assambleyasının Azərbaycan Milli Komitəsinin mətbuat katibi işləmişəm. Bu qurumda daha çox insan haqları və sülh diplomatiyası ilə məşğul olmuşuq. Bu da mənə böyük təcrübə qazandırıb. Eyni zamanda, beynəlxalq təşkilatların təlimlərində həssas qruplarla necə işləməyi, media monitorinqi necə aparmağı öyrənmişəm. Təlimçilərim arasında mərhum türk televiziya mütəxəssisi Məmmədəli Birand da olub. Çalışdığım media qurumu üçün konfliktlərin işıqlandırılması və həssas qruplarla iş üzrə lüğət hazırlamışam. Hər il yeniləyirdik. Əsasən xəbərçilik və media etikasından təlimlər vermişəm.

Həmişə gənclərlə işləmişəm. “Var.az” BJM-in laboratoriyası hesab olunurdu. İREX-in açdığı “Azerlife” saytında redaktor oldum, burada da region jurnalistləri ilə işlədim. Daha doğrusu, jurnalist olmaq istəyənlərlə. Bu gün müxtəlif media qurumlarının region müxbirləri arasında həmin insanlar var. Biz bölgələrdəki aktiv, bacarıqlı insanların şəbəkələşməsinə yardım edirdik. Təəssüf ki, 2013-cü ildə QHT-lərə və ölkədəki beynəlxalq təşkilatlara qarşı hücum bu prosesi dayandırdı. Nəticədə regionlarda kütləvi savadsızlıq, gənclərin paytaxta axını tendensiyası sürətləndi.

Bütün bu illər ərzində almadığım şirnikləndirici təklif qalmamışdı. Jurnalistlərə ev verilməsi məsələsi gündəmə gələndə ilk buna qarşı çıxanlardan biri mən oldum, bunun rüşvət olduğunu söylədim. Dəfələrlə radio verilişlərinə, online platformalara çıxıb, həmkarlarıma dedim ki, gəlin bunu etməyin, razılaşmayın. Çünki bu, ələ almaqdır, susdurmaqdır, azad medianın məhvidir. Eşitmədilər. Anlada bilmədik ki, müəllimə, həkimə, lap elə polisə ev verilmədiyi halda, bizi niyə əzizləsinlər? Təəssüf ki, qarın mənlikdən, heysiyyətdən öndə gəldi, nəticə də göz qabağında. Hamısı bir əldə cəmləşdi, oldular hakimiyyətin dediyini yazan mirzələr. Halbuki, jurnalistikanın əsas vəzifəsi başqadır: hökumət qarşısında cəmiyyətin maraqlarını müdafiə etmək, insanları siyasətçilərin manipulyasiyasından duyuq salmaq, hökumət üzərində ictimai nəzarəti təşkil etmək.

Mənə elə bir yerli media göstərin ki, buna əməl edir. Təzə-təzə vaxtlarda sifarişli yazılar yazırdılarsa, artıq bu da dəyişib, indi Prezident Administrasiyası konkret tezis göndərir, hansı media orqanı kimi ekspert kimi danışdırsın, hansı ekspert hansı sözü desin. Bunların hamısına onlar qərar verir. Baş Prokurorluq lap gül vururdu, göndərdiyi xəbərin altına 3 başlıq qoyub yazırdı: “Bunlardan birini seçə bilərsiniz”.

Jurnalistlər ev üçün redaksiyalarda bir-birinin başına külqabı çırpanda mənə o evi götürüm deyə dil tökürdülər. Bu, o vaxtlar idi ki, yazdığım yazılara görə aldığım qonorarın böyük hissəsi evin kirayəsinə gedirdi. ATƏT-in media ilə bağlı tədbirində Mətbuat Şurasının o vaxtkı sədri, keçmiş deputat Əflatun Amaşov mənə dedi ki, “sənədlərini gətir, sənə 2 otaqlı ev verək, ailəni də yığ başına, bu, dövlətin evidir, heç kimin şəxsi büdcəsi deyil. Bilirik ki, özün kirayə qalırsan, ailən məktəbdə qalır”. Dedi ki, “üzdə sənin kimi danışanların hamısı ev üçün qapımda yatır”. Dedim ki, “mən publikaya oynamıram, mənim ziqzaq həyatım yoxdur, hakimiyyətin evində oturub, onu tənqid edə bilmərəm”.

Qohumlarım, qonşularım mənə tənə edib, “əşşi, yaxşı jurnalist olsaydın, sənə də ev verərdilər”, – deyirdi. Heç biri inanmırdı ki, imtina edərəm. Mövlana boşuna demir ki, hər kəs səni duyduğu və anladığı qədər qəbul edir. Azərbaycanda sənin seçimlərin qəbul olunmur. Ailə qurmamısansa, deməli, səninlə evlənmək istəyən olmayıb, uşağın yoxdursa, deməli, olmur, puldan imtina edirsənsə, deməli, səfehsən və s.

Bunu ona görə indi yada salıram ki, biləsiniz, əgər mənim üçün dəyərlər satılıq olsaydı, onu elə o vaxt satıb, bəy balası kimi yaşayardım. Sifarişlə yazı yazası olsaydım, dilini bilmədiyim xariciləri neynirdim, elə xoş söz üçün ürəyi gedən məmurlarımızı seçərdim. İndi bizə qaçaqmalçı damğası vuran, hakimiyyətin 1 nömrəli mirzəsinə çevrilmiş media kapitanının xahişi ilə vəzifədə olan bir nəfərlə görüşdüm. O adam indi də vəzifədədir, ölkədəki jurnalistlərin yarısını dolandırır. Bu adam çıxarıb ofisin açarını qoydu stolun üstünə. Dedi ki, filan saytı sən işlət, hələlik 5 min manat maaşla işə başla, söz verirəm, 6 aya maşının, 1 ilə evin olacaq. Dedim ki, mən qələmimi satmıram. Güldü, məni Don Kixota bənzətdi. O vaxt da, indi də o fikirdəyəm ki, əgər gördüyün işin doğruluğuna inanırsansa, azlıqda qalmaqdan qorxma. Əsas odur ki, güclüsən, rahatsan. Kafka demiş, hər şeydən əvvəl azad insan asılı insandan üstündür.

Bax, belə bir məqamda 2014-cü ilin aprelində Meydan TV-nin o vaxtkı rəhbəri və təsisçisi Emin Millidən iş təklifi aldım. Meydan TV 1 ilə yaxın idi fəaliyyət göstərirdi, alternativ kanal kimi yaradılmışdı. Bu təklifə qədər ora iki peşəkar həmkarımı yönləndirmişdim. Hələ formalaşmamışdılar, konkret hansı sahədən, nədən yazmaq, çəkmək lazım gəldiyini düzənə sala bilməmişdilər. Razılaşdım ki, 3 ay kömək edim. Müstəqil çalışmağa öyrəşmişdim deyə, daimi bir yerə bağlanmaq istəmirdim. Səhər 9-da işə gedib, axşam 6-da çıxmaq rejimi mənlik deyil. İki gün bir-birinə bənzəsə, çökərəm. Ancaq gözlədiyim kimi olmadı. Mən hələ redaksiyanı yeni formalaşdırıb, xəbər siyasətini müəyyənləşdirmişdim ki, hakimiyyət QHT-lərə və xarici təşkilatların yerli nümayəndəliyinə qarşı hücuma keçdi. Kollektivi buraxıb gedə bilmədim. Çoxu gənclər idi. Emin də vədinə əməl edirdi, yaradıcılığa qətiyyən qarışmırdı. Bir adam belə demirdi ki, ondan yazın, bundan verməyin. Xəbər siyasətini formalaşdırdım, əsas prioritet kimi, insan hüquqlarını və sülh quruculuğunu götürdük. Yaxşı bildiyim sahələr idi. Meydan TV bir redaktor kimi, özümü realizə edəcəyim ən yaxşı məkan idi. İstəyirdim ki, doğru xəbərin ünvanı kimi görsünlər. “Demə, göstər!” prinsipi. Rəng qatmadan, manipulyasiya etmədən, şərh vermədən. Qoy tamaşaçı gördükləri ilə bağlı qərar versin. Heç kimdən göstəriş, tapşırıq almadığım kimi, heç bir reportyoru da yönləndirmirdim. Nəinki reportyorları, heç müəllif yazılarını da. Bugünədək hansısa əməkdaşa deməmişəm ki, məsələn, get, filan ekspertə filan fikri dedizdir. Halbuki, medianın böyük əksəriyyəti belə işləyir. Rasistlik, islamafobluq, homofobluq, faşistlik etməyən hər kəs üçün qapımız açıq olub.

Fəaliyyətimin 5-ci ayında mənimlə məsuliyyəti bölüşən şəxs də ölkədən getdi, qaldım tək. Bir ildən sonra düşündüm ki, Meydan TV artıq relsə düşüb, gedim, başqa işlə məşğul olum. Xəbər gəldi ki, Mingəçevirdə bir nəfər polis şöbəsindən düşüb ölüb, meyitin üzərində çoxsaylı xəsarət izləri var. Mərhumun yaxınları polis şöbəsinin qarşısında etiraz aksiyası keçirmək istəyirdi. Gecə ilə xəbəri hazırladıq, meyitin üzərindəki xəsarət görüntülərini yaydıq. Jurnalist Sevinc Vaqifqızı və o vaxt Azadlıq radiosunda çalışan Ramin Deko Mingəçevirə getdi. Aksiyanı çəkdik, canlı yayım verdik. Ölkədə böyük rezonans doğurdu. Bundan sonra “Mingəçevirdə iğtişaş yaratmaq” adı ilə Meydan TV haqqında cinayət işi başlandı. Sonra cinayət işinin adı dəyişdi, vergidən yayınmaqda ittiham olunduq. Ofisi bağladıq, keçdik online fəaliyyətə. Sonra ölkədən çıxışımıza da qadağa qoyuldu. Düz 4 il.

Qərar verdik ki, susmaq olmaz. Ölkədə dalbadal önəmli hadisələr baş verirdi. Nardaran hadisələri, MTN-in ləğvi, oradakı həbslər. Bütün təzyiqlərə baxmayaraq, heç bir hadisəni diqqətdən kənarda qoymurduq. Hamıdan tez, fərqli və ətraflı yayımlayırdıq. Eyni zamanda, saatlarla Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İstintaq İdarəsində dindirilirdik. Aytac Əhmədova mağazadan çıxanda, Şirin Abbasov dərsə gedəndə oğurlanıb “Bandotdel”ə aparıldı. Günüm ya istintaq idarəsinin içində, ya da qarşısında kimisə gözləməklə keçirdi.

Tərtər hadisələrini ilk biz yazdıq. Yadımdadır, gecəykən xəbər gəldi ki, işgəncə ilə öldürülən hərbçinin cənazəsini məzarlığa buraxmayıblar, “vətən xaini” deyib, çəpərin dibində dəfn ediblər. İnsanların qorxudan danışmadığı, pıçıldadığı faktları biz açıq yazırdıq. Özü də hədəfdə ola-ola. Nardaranda polis kordonundan keçib çəkiliş apara bildik, hətta ildönümündə film hazırladıq. Dünyaya bu kənddə baş verənləri çatdırdıq. Ən aparıcı media orqanları “Al Jazzera”, “Reuters”, “The Guardian” bizimlə əməkdaşlıq müqavilələri bağladı.

2016-cı ilin 4 günlük aprel döyüşləri. Müdafiə Nazirliyi cəmi 38 nəfərin şəhid olduğunu deyirdi. Ancaq kütləvi şəkildə ailələrə tabutlar gedirdi. Ailələrə övladlarının intihar etdiyi və ya cinayətin qurbanı olduğu deyilirdi, tabuta baxmağa qoymurdular. Bütün təxribatlara baxmayaraq biz o əsgər ailələrini bir-bir tapdıq, sübut etdik ki, hamısı döyüşdə ölüb. 100-dən çox əsgərin adı olan siyahı yaydıq. Qaça bilmədilər, 100-dək şəhid verdiyimizi etiraf etdilər. Bu qədər ailə status aldı.

Bundan sonra bizə total hücumlar başladı. Bizi gözdən salmaq üçün gah Mehdiyevlərə bağladılar, gah Paşayevlərə, arxamızda hansısa qüvvəni gəzdilər. Heç kimi tapmadılar, çünki yox idi. İndi düşmən elan etdiyiniz Ramiz Mehdiyevin qılıncının kəsən vaxtlarıydı. Meydan TV-nin xarici havadarlarının əli ilə ölkənin nüfuzuna xələl gətirdiyini göstərən məqalələr yazdı. Parlamentdə Meydan TV müzakirəyə çıxarıldı, bizi dövləti sevməyən, xaricə işləyən düşmən elan etdilər. Elə bir hakimiyyətyönümlü media qurumu yox idi ki, bizi söyməsin. Şərhlər yazırdılar, heç birini də silmirdik. Söyüşə immunitetimiz yaranmışdı. Əksinə, söyülməyəndə, barəmizdə danışan olmayanda özümüzdən şübhələnirdik ki, yəqin yaxşı işləmirik. Onlar üstümüzə gəldikcə, biz ölkənin ən yuxarı pillələrində olanlarla bağlı bioqrafik videolar hazırlayırdıq.

Ölkənin ən bərkgedən agentliklərinin rəhbərləri isə məni görəndə deyirdilər ki, hansısa hadisə ilə bağlı xəbər yayılanda gözləyirik görək Meydan TV nə yazacaq. Əgər Meydan yazmırsa, deməli, doğru deyil. Mən qarşıma qoyduğun bütün hədəflərə çatmışdım: Bir-birinin ayağından çəkməyən, sağlam rəqabət mühitində çalışan, ən başlıcası bir-birini sevən gözəl bir kollektivimiz vardı və indi də var. Meydan TV ölkə ictimaiyyətinin ən güvənli xəbər yayımçısı olmaqla bərabər, özündən sonra gələn müstəqil media qurumları üçün flaqman olub. Təəssüf ki, bu gün həmin qurumların jurnalistləri də həbsdədir. Bir jurnalist, media kapitanı üçün bundan şərəfli nə ola bilər? Fəxrlə deyə bilərəm ki, bu qədər söydüklərinə, təzyiq etdiklərinə baxmayaraq, tək bir nəfər belə bizi məhkəməyə şikayət edib demədi ki, filan xəbəri yalan yazmısız. Tək bircə dəfə seçki saxtakarlığını ifşa etdiyimiz məktəb direktorunun müavini ilə bağlı məhkəməyə verildik. Onda da ər deyirdi ki, niyə arvadının saxtakarlığını göstərib onu biabır etmisiz?

Avropa Oyunları keçirildi, qəzaya düşən atletin video görüntülərini tapıb yaydıq. İslam Oyunları oldu, ölkədəki dini inanclıların başına gətirilənləri qabartdıq. Formula 1-in marşrutu üzrə yerləşən otellərin, binaların bir əldə cəmləşdiyinə diqqət çəkdik. “Bayraq Meydanı”na çəkilən xərcin israfçılığından, Bayıl sakinlərinin bu səbəbdən üzləşdikləri problemlərdən, “Sovetski”nin sökülməsinə etirazlardan tutmuş, mitinqlərə qədər hər şeydən yazdıq, çəkdik. Siyasi təzyiqlərə məruz qalmışların məhkəməsini ən geniş şəkildə biz verdik, beynəlxalq təşkilatlar hesabatlarını bizim materiallar əsasında hazırladı. Qarabağ müharibəsindən tutmuş, dünyada baş verən bütün müharibələrdən tərəf tutmadan yazdıq. Söyüdlü hadisələri oldu, orda olduq, Xankəndi ətrafında aksiya təşkil olundu, bir də xəbər tutdular, ordayıq, quşu boğazlayıb öldürən “ekoloq” xanımın görüntüsünü yayırıq. Ən son COP29. Bir il sərasər bu mövzuya uyğun materiallar işlədik, oradakı aksiyanı işıqlandırdıq.

İndi yəqin qulaq asıb düşünürsüz ki, elə tutulmalıydınız. Bəli, demokratiyanın olmadığı ölkədə biz məhz vəzifə borcumuzu yerinə yetirdiyimiz üçün tutulmalı idik.

Bu 10 ildə elə bir il olmadı ki, indi məni güdən qurumların nümayəndələri danışığa çağırmasınlar, mənimlə, həmkarlarımla söhbət aparmasınlar. “Maks”ı sahiblənənə qədər parklarda ancaq onlarla gəzirdim, başqa yerə getmirdim. Meydan TV-ni buraxacağım təqdirdə nə işlər təklif etdilər. İndi bizi söyən saytların əməkdaşları bilmir ki, razılaşsaydım, indi onların rəhbəri idim. Razılaşmadım, əksinə, yeni qəbul olunmuş media haqqında mürtəce qanuna qarşı aksiyanın təşkilatçılarından oldum. İndi burada əyləşən Natiq, Nurlan, Şəmşad, Aytac, Aysel, Xəyalə, Ülviyyə, Fatimə o aksiyalarda fəal iştirak edənlərdən oldu. Nurlan parlamentin önünə medianın simvolik məzar daşını gətirdi. Əlbəttə, hamımız bilirdik, bunların heç biri cəzasız qalmayacaq. Oğlanlar bir kənara, burada mühakimə olunan bu qızlar var ha, bütün mətbuatı gəzsəniz onlar kimi bacarıqlı, peşəkar, tutduğunu qoparan reportyor tapmazsınız. Elə bir çəkiliş olmayıb ki, oradan əliboş qayıtsınlar. Bütün bunları sevərək, istəyərək heç bir şirnikləndirmə, basqı olmadan etmişik. Yəni bu gün burada dayanıb ifadə verirəmsə, bu, şüurlu seçimimdir. Nəinki mən, hətta hamımız bilirdik ki, bu hakimiyyətin tənqidə dözümü yoxdur. Hakimiyyət anlamaq istəmir ki, tənqidi media onun eyiblərini düzəltməsi üçün göstərir. O isə əksinə, onu çirkin göstərən güzgünü sındırır. Bu ölkənin düşmənləri onun eyiblərini göstərənlər deyil, zibili palazın altına süpürənlərdir. Gec-tez üfunət iyi zibili aşkara çıxaracaq.

Bu 10 ildə biz kimi tənqid etdiksə, zamanla o adam elə öz əllərilə vuruldu. Yaltaq, çoxüzlü media rəhbərləri vurulmuş adamları tənqid etdi. Düşünün, Ramiz Mehdiyevə qalmayan iqtidar kimə qalacaq?

Bu gün bizi qaçaqmalçılıqda ittiham edənlərin heç biri öz gələcəyini bu ölkədə görmür. Nəinki məmurlar, hətta buqələmun media rəhbərlərinin hamısı xaricə sərvət yatırır, övladlarını göndərir. Hətta bu qaçaqmalçıların sayəsində ölkəyə yatırım edən şirkətlər risk altına girir.

Bəs Meydan TV mənə nə qazandırıb? Hər şeydən əvvəl gözəl kollektiv, mehriban, sədaqətli insanlar. Mən onun sayəsində iki dəfə əməliyyat olunmuşam, əzizlərimin yasını vermişəm. Berlinin mərkəzində bahalı əməliyyat keçirmişəm. Bu əməliyyatdan öncə İstanbulda, Ankarada, elə Berlinin özündə həkim müayinələrindən keçmişəm, bütün xərcləri Meydan TV ödəyib. Birbaşa otelə, xəstəxanaya, biletə və s. Belindəki əməliyyata 14 günlük xəstəxana xərcləri, 17 min avroluq endoprotez, gediş-gəliş və s. daxildir. Ondan sonra ildə iki dəfə reabilitasiya. Buna xaricdə yaşayan dostlarım yardımçı olurlar və indi Meydan TV-nin adına yazılan o xərclər həmin ianələrdir. Bu da heç bir nəfərin maaşı qədər deyil.

2023-cü ilin mayında baş redaktor kimi əlaqəmizi rəsmiləşdirdik. İstintaq isə mənə 2021-ci ildə maaş yazıb. Nəyə, hansı sənədə əsasən? Nə hikmətdirsə, 4 il ərzində bu “maaşım” heç artmayıb da. Müstəntiqdən səbəbini soruşuram, gözünü döyür.

Məqsəd məni qanunsuz sahibkar kimi göstərməkdir. İstintaqın hesabladığı kimi, mən 3 il boyunca muzdlu əməkhaqqı almışamsa, bu, necə sahibkarlıq fəaliyyəti kimi göstərilə bilər? Axı sahibkarlıq fəaliyyəti nəticəsində əldə olunan gəlirlə aylıq əməkhaqqı hesab olunan məbləğlər  hüquqi baxımdan tam ayrı anlayışlardır. Yəqin ki, vəkillərim çıxışında bunu izah edəcəklər. Mənim muzdlu işçi kimi qazancım sahibkar tək əldə etdiyim gəlir kimi göstərilə bilməz. Hətta qanunsuz sahibkar hesab olunursam belə, bu ittiham muzdlu işçilərə də verilə bilməz.

Yaxud şahidlərdən biri deyir ki, təyyarədən düşən günü Aynur mənə zəng etdi, gedib onun yaşadığı həyətdə görüşdüm. Əllərində “Azercell”in siyahısı var, niyə tapıb ortaya qoymadılar o zəngi? Niyə anten məlumatlarından adamın həmin tarixdə bizim məhəlləyə gedib-gəlmədiyi yoxlanılmadı? Bəli, bu adam ayrı-ayrı vaxtlarda bizim məhəlləyə gəlib, ancaq o tarixdə və pul gətirmək üçün yox. Mənim borcumu almaq üçün. Mən vəsatət verib “Azercell”dən iyun-avqust aylarının siyahısını istədim, verilmədi. Mənə istintaq materiallarına əlavə edilmiş telefon danışıqlarını gətirdilər. Halbuki, o adamla əlaqəmin olmadığını ortaya çıxara bilərdilər. Sadəcə, rəfiqəmin qohumları araşdırılıb, aeroportdan bilgiləri götürülüb və canlarını qurtarmaq üçün dediklərini ediblər. Özü də 4 nəfər nöqtəsinə, vergülünə toxunmadan eyni ifadəni verib. Diqqətlə baxsanız, görərsiz, hətta cümlələrin ardıcıllığı da eynidir.

Bu gün bizi ittiham edib Meydan TV-nin mövcud olmadığını deyirlər. Adam gözünü yumanda Günəş yox olmur. 2022-23-cü illərdə Prezident Administrasiyası Füzuli və Ağdam şəhərlərinə jurnalistlərin səfərini təşkil edəndə bizi məhz Meydan TV-nin əməkdaşı kimi dəvət etmişdilər. Orada Hikmət Hacıyev məni “Meydan TV” kimi səsləyirdi. Jurnalistlər arı şirəyə daraşan kimi onun ətrafında cəmləşəndə məni çağırdı ki, “Meydan TV”, uzaqda durma”. Bir neçə dəfə yaxınlaşıb əhvalımı soruşdu. Nahar fasiləsində isə yaxınlaşıb hansısa ingilis dostunun sözlərini xatırlatdı, dedi ki, səfəri bəyəndinsə yaz, bəyənmədinsə yazma, bizə de. Ağdama səfər zamanı da bizə açıqlama verdi. Orada nə görmüşdümsə, yazdım. Hətta Ağdamla bağlı filmim ən nüfuzlu festivallarda mükafatlar qazandı.

Meydan TV müstəqil mediadır, onun siyasi məqsədləri yoxdur. Fərdləri deyil, hakimiyyətin işini, siyasətini təftiş edir. Sabah hakimiyyət dəyişsə, yenə də dönüb iqtidar mediası olmayacaq.

Yenə deyirəm, mən jurnalistlikadan başqa bir iş görməmişəm. Bu gün redaksiyalara torbalarla medal paylayırlar. Milli Mətbuatın 150 illiyi ilə bağlı. Yaşlı-başlı professor Zərdabinin portreti altında dayanıb utanıb-qızarmadan “jurnalistlər prezidentin ətrafında sıx birləşməlidir”, – deyir. Halbuki, elə özü öyrədirdi ki, Zərdabi “Əkinçi” qəzetində məhz o dövrün hakimiyyətini, çarı tənqid edirdi. Bu səbəbdən də “Əkinçi” cəmi 56 nömrə çıxdı, qapatdılar. Zərdabi deyirdi ki, çardan qorxaraq qəzet oxumayanların sayı Allahdan qorxaraq oxumayanların sayından çoxdur. 150 il keçib, vəziyyət eynidir. Sadəcə bir məsələni unudurlar ki, Zərdabilər, Cəlillər hər dövrdə yaşayır, amma məsələn, tarixin heç bir səhifəsində o dövrün Mirşahininin adı yoxdur. Yalnız Ü.Hacıbəyov “O olmasın, bu olsun” operettasında o jurnalistlərin ümumiləşdirilmiş obrazını yaradıb.

Günə uyğun yaşayanlar, mən onları “buqələmun” adlandırıram, unutmasınlar, kəfənin cibi yoxdur. Bizim qazancımız böyükdür, tarixin səhifələrinə köçürük. Onların qazancı isə günün sonunda sifonu çəkməklə yox olur.

Bu 10 ildə azı 10 dəfə Meydan TV-də missiyanın bitdiyini düşünüb gedəcəyimi demişəm. Hətta 2024 gələndə deyirdim ki, ilsonu sizinlə vidalaşacam. Hər dəfə getmək istəyəndə hakimiyyət nəsə edirdi, qalırdım. Bu dəfə də həbs edib məni həmişəlik Meydan TV-yə bağladı. Nə qədər həbsdəyəmsə, o qədər də adımın qarşısına “Meydan TV-nin həbsdə olan baş redaktoru” yazılacaq.

Həbsimə gəlincə, yaşadıqlarıma görə qətiyyən peşman deyiləm. 28 illik fəaliyyətim dövründə, xüsusilə son 10 ildə “kaş” dediyim peşmanlığım, bir xatirəm belə yoxdur. Ümumiyyətlə, həyatımda nə yoxdursa, mən istəmədiyim üçün yoxdur. Nə varsa, özüm qazanmışam.

Siz məndən illərimdən başqa nə ala bilərsiz ki? Olsun. Bütün acılarıma rəğmən, o qədər dolu, mənalı bir ömür yaşamışam ki, bundan sonra gələn bütün illərə dəyər. Belə baxanda sizinki də bir yaşayış deyil: Başqasının iradəsini icra etməklə məşğulsuz. Mandela deyirdi ki, bir dövlətin həbsxanasında olmayınca, həmin dövlətin necə idarə olunduğunu görə bilməzsən. Məncə, bir jurnalistin həyatın dibini görməsi onun şansıdır. Çox sevdiyim bir deyim var: “Yıxılanda sən insanları, qalxanda onlar səni tanıyır”. Əgər yıxılmasaydım, məsələn, bilməzdim ki, yanımda olan yaxşı qohumlarım var. Halbuki, həmişə məni danlayırdılar. Bilməzdim ki, 30 illik tələbə yoldaşım pul üçün məni aldadırmış, mərhəmətimdən yararlanırmış. Bunu ifadələrindən oxumaq da varmış. Bilməzdim ki, hər çətin anında yanında olduğum, əlini çörəyə çatdırdığım bir həmkarım, sayt rəhbəri mənə göndərilən sovqatı mənimsəyər. Həyatımı bu sarmaşıqlardan təmizləmək üçün həbsə dəyərdi.

Bəli, mən heç də həyatı sizdən az sevmirəm. Ancaq dəyərlərimi, əqidəmi daha çox sevirəm. Mən və dostlarım məhz əqidəmizin məhbuslarıyıq.

Sonda bunu da deyim: Mən uşaqlıqdan bəri çox az halda yıxılardım, hər dəfə də yerdən nəsə tapardım. Əmin olun, bu dəfə də əliboş ayağa qalxmayacam!

Məndən bu qədər. Ayrı-ayrı epizodlar üzrə gərək duyduğumda danışacam“.

İfadəsi tamamlanandan sonra prokuror, vəkillər və hakimlər ona suallar verib. Aynur Elgünəş prokuror Elgin Qafarovun suallarını cavablandırmaqdan imtina edib. Vəkillərin, digər təqsirləndirilən jurnalistlərin və hakimlərin suallarını isə cavablandırıb.

Aynur Elgünəş təqsirləndirilən şəxslərdən Bakı Jurnalistika Məktəbinin direktor müavini Ülvi Tahirovun vəkilinin suallarını cavablandırarkən bildirib ki, Ülvini məhz onunla dostluğuna görə cəzalandırıblar:

“Ülvinin bu gün burada oturmasının səbəbi Aynurun dostu olmasıdır. Halbuki, onun “Meydan TV”yə heç bir aidiyyəti yoxdur. Ülvi ilə bizim dünyagörüşlərimiz, müxtəlif məsələlərə baxışımız da fərqlidir. Məsələn, o, Əliyevçidir, mən isə anti-Əliyevçi”.

“Meydan TV-də maliyyə məsələlərinə mən baxmırdım”

Aynur Elgünəş sualları cavablandırarkən vurğulayıb ki, “Meydan TV”də yaradıcılıq, iş bölgüsü kimi məsələlərə baxırdı, maliyyə məsələlərinin nə ona, nə də digər əməkdaşlara aidiyyəti vardı:

“Bu işə rəhbərlik baxırdı”.

O, digər təqsirləndirilən jurnalistlər barədə də danışaraq qeyd edib ki, Fatimə Mövlamlı və Ülviyyə Əli (Quliyeva) “Meydan TV”nin əməkdaşı olmayıb:

“Fatimə ilə iki dəfə ünsiyyətim olmuşdu. Bir dəfə “Meydan TV”də işləmək istədiyini demişdi. Bildirmişdim ki, vakansiya yoxdur. Bir dəfə də onun olduğu təlimdə master klass keçmişəm. Ülviyyə Əli “Amerikanın səsi”nin jurnalisti olub. Onu özünün peşə fəaliyyətinə görə həbs eləmək istəyiblər. Əlavə cinayət işi açmağa ehtiyac görməyiblər, elə “Meydan TV işi”nə qatıblar”.


Məhkəmə prosesinin gedişində Şəmşad Ağa onun ifadəsinin İctimai Televiziyada canlı yayımlanması barədə vəsatət qaldırıb:

“Bir ildən çox bizə qarşı qarayaxma kampaniyası aparılıb. Buradan istintaq sirrini yaymamaq barədə iltizama qol çəkdirib, o tərəfdən bizim əleyhimizə materialları özləri yayıblar. Bizim cavab vermək imkanımız olmayıb. İctimai Televiziya büdcədən maliyyələşir. Zəhmət çəkib, mənim ifadəmi canlı yayımlasınlar. Mənim də ünvanımıza səslənən şər-böhtanlara cavab vermək haqqım var”.

Şəmşad Ağanın vəsatəti təmin edilməyib.

“Meydan TV işi” üzrə məhkəmə prosesi aprelin 3-nə qədər təxirə salınıb.

2024-cü il dekabrın 6-da Meydan TV-nin əməkdaşları Ramin Deko (Cəbrayılzadə), Aynur Qənbərova (Elgünəş), Aysel Umudova, Aytac Əhmədova (Tapdıq), Xəyalə Ağayeva, Natiq Cavadlı və vətəndaş cəmiyyətinin üzvü Ülvi Tahirov həbs edilib.

Bu iş üzrə saxlanılanlara Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət açılıb.

2025-ci il fevralın 5-i “arqument.az” saytının baş redaktoru, Meydan TV ilə əməkdaşlıq edən jurnalist Şəmşad Ağayev (Ağa), daha sonra  digər jurnalistlər –  fevralın 20-də Nurlan Libre (Qəhrəmanlı), fevralın 28-də Fatimə Mövlamlı, mayın 7-də Ülviyyə Əli (Quliyeva), avqustun 27-də isə Əhməd Muxtar bu iş üzrə həbs olunub.

Avqustun 28-də “Meydan TV işi” üzrə ittihamlar ağırlaşdırılıb, iş üzrə həbs edilən şəxslərə ümumilikdə Cinayət Məcəlləsinin 7 maddəsi ilə ittiham irəli sürülüb.

Həbs edilən jurnalistlər ittihamları qəbul etmirlər və hesab edirlər ki, siyasi sifarişlə həbs olunublar, məqsəd ölkədə müstəqil medianı, azad səsləri susdurmaqdır.

Ana səhifəMeydan TV işiAynur Elgünəş: Bütün bunlar Meydan TV-ni susdurmaq üçündür