Azərbaycanın Ali Məhkəməsi təqsirsizlik prezumpsiyası pozulan şəxslərin mənəvi zərərə görə təzminat tələb edə biləcəyini açıqlayıb. Bu barədə məhkəmənin “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” Plenum qərarında qeyd olunub.
Qərarda bildirilir ki, təqsirsizlik prezumpsiyası şəxsin barəsində məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olmadan onun cinayət törətməkdə təqsirli kimi təqdim edilməsini qadağan edir. Ali Məhkəmənin izahına görə, yalnız məhkəmə hökmü ilə şəxs hər hansı cinayəti törətməkdə təqsirli hesab edilə bilər.
Plenum qərarında xüsusilə mediaya diqqət yönəldilir. Məhkəmə bildirir ki, media qurumları cinayət işləri ilə bağlı materiallar dərc edərkən şəxsin təqsirliliyini təsdiq edən ifadələrdən istifadə etməməlidirlər.
“Bu baxımdan, mediada yazılar dərc edilərkən şəxsin təqsirli olmasına dair qanuni qüvvəyə minmiş hökm olmadan onun hər hansı cinayəti törətməsi barədə təsdiqedici ifadələrdən çəkinilməlidir”, – qərarda qeyd olunur.
Təcrübədə vəziyyət
Azərbaycanda isə xüsusilə jurnalistlər, vətəndaş cəmiyyəti fəalları və siyasətçilərlə bağlı cinayət işlərinin hökumətyönlü mediada işıqlandırılması zamanı təqsirsizlik prezumpsiyasının pozulması halları tez-tez müşahidə olunur.
2023-cü ilin noyabrından sonra həbs edilən bir sıra müstəqil jurnalistlər və vətəndaş cəmiyyəti üzvləri hökumətyönlü mediada məhkəmə hökmü olmadan “qaçaqmalçı”, “casus” və ya “ABŞ agenti” kimi təqdim edilib.
“AbzasMedia işi” üzrə həbsdə olan jurnalist Hafiz Babalı müxtəlif vaxtlarda onun haqqında bu cür iddialar dərc etmiş media qurumlarını məhkəməyə verib. Lakin məhkəmələr onun iddialarını təmin etməyib.
“Qərar çox dar çərçivədə təqdim olunub”
Hüquqşünas Emin Abbasov hesab edir ki, Ali Məhkəmənin 2025-ci il 24 dekabr tarixli Plenum qərarında təqsirsizlik prezumpsiyasının pozulması halları çox dar çərçivədə şərh olunub.
Onun sözlərinə görə, qərar əsasən media müstəvisinə fokuslanır, halbuki bu hüququn pozulması riskləri daha çox dövlət orqanlarının ictimai bəyanatlarından qaynaqlanır.

“Milli hüquq və beynəlxalq insan hüquqları standartları göstərir ki, təqsirsizlik prezumpsiyasının əsas risk mənbələrindən biri məhz dövlət orqanlarının, xüsusilə prokurorluq və polis qurumlarının yaydığı ictimai məlumatlardır”, – Abbasov deyir.
Hüquqşünas xatırladır ki, Azərbaycan Konstitusiyasının 63-cü maddəsi təqsirsizlik prezumpsiyasını yalnız mediaya deyil, bütün dövlət orqanlarına və vəzifəli şəxslərə şamil edir. Bu standartlara görə, dövlət rəsmiləri məhkəmə hökmündən əvvəl şəxsi cinayətkar kimi təqdim edə bilməz və rəsmi bəyanatlarda ehtiyatlı terminologiyadan istifadə etməlidirlər.
Avropa Məhkəməsinin qərarları
Təcrübədə isə bu prinsipin pozulması halları ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsi Azərbaycana qarşı bir sıra qərarlar qəbul edib. Bu qərarlarda məhkəmə dövlət rəsmilərinin və hüquq-mühafizə orqanlarının açıqlamalarının təqsirsizlik prezumpsiyasını pozduğunu müəyyən edib. Belə işlərə Rauf Mirqədirov, Xədicə İsmayılova, İlqar Məmmədov, Əvəz Zeynallı və digərlərinin şikayətləri üzrə qərarlar daxildir.
Emin Abbasovun fikrincə, təqsirsizlik prezumpsiyasının pozulması hallarında effektiv hüquqi müdafiə təmin etmək üçün Ali Məhkəmə bu hüququ yalnız media kontekstində deyil, həm də dövlət orqanlarının bəyanatları və rəsmi sənədləri prizmasında izah etməli idi.
Onun sözlərinə görə, qərarda dövlət orqanlarının bu hüququ pozduğu hallarda hansı hüquqi mexanizmlərlə məsuliyyətə cəlb olunacağı və zərərin necə bərpa ediləcəyi aydın göstərilmir.