Avropa Şurasının prezidenti Antonio Koşta Azərbaycana səfəri çərçivəsində Prezident İlham Əliyevlə görüşərək Avropa İttifaqı ilə Azərbaycan arasında enerji əməkdaşlığı, regional təhlükəsizlik və ikitərəfli münasibətlərin inkişafını müzakirə edib.
Görüşdən sonra İlham Əliyev və Antonio Koşta mətbuata açıqlama veriblər.
İlham Əliyev bildirib ki, Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr son vaxtlar fəal mərhələdədir. Onun sözlərinə görə, hazırda tərəflər müxtəlif səviyyələrdə fəal əməkdaşlıq edir və Avropa Komissiyasının üzvləri dəfələrlə Azərbaycana səfər edib.
Əliyev qeyd edib ki, Azərbaycan üçün Avropa İttifaqı əsas ticarət tərəfdaşlarından biridir.
“Bu ilin yanvarında ticari dövriyyəmizin 50 faizi Avropa İttifaqı ilə bağlı olub. Bu da göstərir ki, Avropa İttifaqı bizim üçün bir nömrəli ticari tərəfdaşdır”, – o bildirib.
Prezident çıxışında enerji əməkdaşlığının münasibətlərin əsas istiqamətlərindən biri olduğunu vurğulayıb.
“Bu gün Avropa İttifaqının 10 üzvü Azərbaycandan qaz alır və ölkələrin ümumi sayı 16-ya çatıb”, – Əliyev deyib.
Onun sözlərinə görə, Azərbaycan yaxın illərdə qaz hasilatını artırmağı planlaşdırır.
“Bugünkü həcmlə müqayisədə minimum 10 milyard kubmetr əlavə qazımız olacaq”, – o qeyd edib.
Prezident həmçinin bərpa olunan enerji sahəsində də əməkdaşlıq imkanlarının olduğunu bildirib.
“Planımız beş və ya altı il ərzində ixraca hazır olan 6-8 giqavatlıq bərpaolunan enerjiyə malik olmaqdır”, – Əliyev deyib.
Çıxışında regiondakı vəziyyətə də toxunan Prezident Ermənistanla sülh prosesinə münasibət bildirib.
“Biz cəmi yeddi aydır ki, sülh şəraitində yaşayırıq”, – o qeyd edib.
Əliyev bildirib ki, Azərbaycan artıq Ermənistana bəzi neft məhsullarının tədarükünə başlayıb və digər ölkələrdən Ermənistana gedən yüklərin Azərbaycan ərazisindən tranzitinə qoyulan məhdudiyyətlər aradan qaldırılıb.
“Bu da sülhə sadiqliyimizi göstərir”, – o əlavə edib.
Koşta: “Enerji təhlükəsizliyi əməkdaşlığın təməlidir”
Daha sonra Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta çıxış edib. O, Bakıya səfərindən məmnun olduğunu bildirib və Azərbaycanla əməkdaşlığın vacibliyini vurğulayıb.
“Azərbaycan Avropa İttifaqının əsas tərəfdaşıdır. Ötən bir il ərzində biz münasibətlərimizi yenidən canlandırmışıq”, – Koşta deyib.
Onun sözlərinə görə, tərəflər təhlükəsizlik, enerji, rəqəmsal və nəqliyyat sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir.
“Enerji təhlükəsizliyi ikitərəfli əməkdaşlığımızın təməlini təşkil edir”, – o bildirib.
Koşta qeyd edib ki, Cənub Qaz Dəhlizi Avropanın enerji mənbələrinin şaxələndirilməsində mühüm rol oynayıb.
O həmçinin Orta Dəhliz layihəsinin əhəmiyyətinə də diqqət çəkib.
“Orta Dəhlizin inkişafı yeni nəqliyyat bağlantıları üçün strateji fürsətdir”, – Koşta deyib.
Aİ Şurasının prezidenti Ermənistanla sülh prosesində əldə edilən irəliləyişi də “tarixi əhəmiyyətli” adlandırıb.
Koşta çıxışında bildirib ki, Avropa İttifaqı regionda sabitlik və əməkdaşlığın güclənməsini dəstəkləyir və Azərbaycanla tərəfdaşlığı genişləndirməyə hazırdır.
Avropa İttifaqı rəsmisinin Bakı səfəri ərəfəsində bəzi müşahidəçilər onun insan haqları və demokratiya ilə bağlı məsələlərə də toxunacağını gözləyirdi. Lakin verilən bəyanatlarda bu mövzulara yer verilməyib, əsas diqqət enerji əməkdaşlığı və nəqliyyat layihələrinə yönəlib və bu yanaşma vətəndaş cəmiyyəti arasında birmənalı qarşılanmayıb.
Bundan öncə, martın 3-də Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurasının 12-ci və Yaşıl Enerji Məşvərət Şurasının 4-cü nazirlər toplantısında Avropa Komissiyasının energetika üzrə komissarı Dan Yorqensen bildirib ki, Avropa İttifaqı Rusiya qazından imtina etdiyi bu dövrdə Azərbaycandan tədarük olunan qazı Avropa üçün son dərəcə vacib hesab edir.
Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen isə ötən gün Orta Dəhlizin Azərbaycan və Ermənistanı bir-biri ilə və Avropa ilə əlaqələndirərək Cənubi Qafqazda ticarət və əməkdaşlığı genişləndirə biləcəyini vurğulayıb.
Müşahidəçilər hesab edir ki, son aylarda Avropa rəsmilərinin Bakı ilə təmaslarında əsas diqqət enerji təhlükəsizliyi, qaz tədarükü və nəqliyyat dəhlizlərinə yönəlib. Vətəndaş cəmiyyəti arasında artıq Avropa üçün Azərbaycanda insan haqları və siyasi azadlıqlar mövzularının əvvəlki illərlə müqayisədə prioritet olmadığına dair fikirlər yer almaqdadır.
Ekspert: “Qərb üçün enerji təhlükəsizliyi prioritetdir”
Siyasətçi Nahid Cəfərov Meydan TV-yə bildirib ki, Qərb dövlətlərinin siyasətində milli maraqlar, xüsusilə enerji təhlükəsizliyi həmişə əsas yer tutub:

“Bəzən məhdud şəkildə insan hüquq və demokratiyadan danışsalar da, qapılar arxasında Azərbaycan rəsmiləri ilə enerji təhlükəsizliyi əsas prioritet mövzu olub. İnsan hüquqları və demokratiya ilə bağlı narahatlıqlar daha çox beynəlxalq təşkilatlar, ATƏT və Avropa Şurası kimi qurumlar vasitəsilə ifadə olunub”.
Nahid Cəfərovun sözlərinə görə, bu qurumlar avtoritar ölkələrdə demokratiya ilə bağlı narahatlıqları qabardaraq reform tələbləri irəli sürüblər. Qlobal media da bu tələbləri yayaraq ciddi səs-küy yarada bilirdi. İndi isə bu təşkilatların səsləri azalıb.
“Qərbdə əsas narahatlıq, xüsusilə Rusiya-Ukrayna müharibəsi fonunda, enerji təhlükəsizliyidir. Bu isə avtoritar ölkələrə olan ehtiyacı artırır və nəticədə insan hüquqları ilə bağlı beynəlxalq təşkilatlara maraq azalır. Hələ də bu təşkilatlar hesabatlar dərc edir, amma artıq onlar çox insanı maraqlandırmır”.
İnsan haqları mövzusu arxa planda
Vətəndaş cəmiyyətinin üzvü Zöhrab İsmayıl Meydan TV-yə bildirib ki, hazırda Avropa Birliyi üçün yeni geoiqtisadi vəziyyət formalaşıb. Onun sözlərinə görə, Çinlə ticarətin Rusiya üzərindən keçən marşrutları dayanıb və yüklər daha çox Azərbaycan, Gürcüstan, Xəzər dənizi və Mərkəzi Asiya üzərindən daşınır. O əlavə edib ki, İrandakı vəziyyət də tranzitə təsir etdiyindən Cənubi Qafqazın strateji əhəmiyyəti artıb.

“Enerji məsələsi Avropa üçün önəmlidir. Avropa Birliyi artıq Rusiya ilə neft ticarətini dayandırıb, qaz ticarətinin də dayandırılması nəzərdə tutulur. Bu isə əlavə enerji resurslarına ehtiyac yaradır. Azərbaycanın enerji resursları mövcuddur. Düzdür, onun Avropa bazarındakı payı azdır, amma müəyyən perspektivlər var”.
Ekspert bildirir ki, Avropa Birliyi Mərkəzi Asiyaya yönəlir, Orta Dəhlizə investisiya qoyur, eyni zamanda türkmən qazına ümid edir. O deyir ki, Avropanın Qazaxıstanla da ticarət əlaqələri mövcuddur. Məsələn, Qazaxıstan nefti Rusiya kəmərləri vasitəsilə Avropa Birliyinə daşınır. Yəni diqqət yalnız Azərbaycana yönəlmir.
“Özbəkistan, Qazaxıstan və Türkmənistan kimi ölkələrdə də insan haqları məsələləri çox qabardılmır. Burada vacibdir ki, insan haqları ilə bağlı danışanlar başqa, ticarətlə məşğul olanlar başqa sahədə fəaliyyət göstərir. İnsan haqları məsələlərinin gündəmdə qalması üçün vətəndaş cəmiyyəti, siyasi partiyalar, media və fəalların fəallığı, lobbiçilik və vəkillik fəaliyyəti zəruridir”.
Zöhrab İsmayıl deyir ki, Avropa Birliyi və Qərb ölkələri bu ölkələrdə ölkədə fəaliyyət imkanlarının məhdudlaşdığını görən kimi bəzən düşünürlər ki, orada müqavimət yoxdur. Halbuki müqavimət çox önəmlidir:
“Gürcüstan Şərq Tərəfdaşlığı çərçivəsində bir sıra sazişlər imzalayıb, viza liberallaşdırılması əldə edib və Avropa Birliyinə üzvlüyə namizəd statusu qazanıb. Buna görə də, öhdəliklər yerinə yetirilmədikdə ona qarşı təzyiq artır. Azərbaycanda isə belə öhdəliklər yoxdur. Amma Avropa Birliyinin insan haqları ilə bağlı prinsipləri var və bu məsələlər münasibətlərdə daim gündəmdə saxlanmalıdır. Bunun üçün vətəndaş cəmiyyəti və siyasi qüvvələrin fəallığı vacibdir”.