“Neft qiymətlərində artım ilin böyük hissəsində davam edərsə, bu, qlobal inflyasiyanın 40 baza bəndi artmasına və qlobal istehsalın 0,1–0,2 faiz azalmasına səbəb ola bilər”.
Bu sözləri Beynəlxalq Valyuta Fondunun rəhbəri Kristalina Georgieva deyib.
K.Georgieva qeyd edib ki, hazırda Hörmüz boğazından keçən gəmiçilik hərəkəti 90 faiz azalıb. Fond rəhbərinin sözlərinə görə, Asiya və dünyanın böyük bir hissəsi üçün enerji təhlükəsizliyi hazırda əsas narahatlıq mənbəyinə çevrilib:
“Birincisi, qlobal neft tədarükünün və mayeləşdirilmiş təbii qaz ticarətinin təxminən beşdə biri normal şəraitdə Hörmüz boğazından keçir. Buraya Asiyanın neft idxalının təxminən yarısı və mayeləşdirilmiş təbii qaz idxalının isə dörddə biri daxildir. İkincisi, dünya neft qiymətləri dekabr ayından bəri təxminən 50 faiz artıb, Asiya və Avropa isə qaz qiymətlərində kəskin bahalaşma ilə üzləşib”.
Qeyd edək ki, ABŞ və İsrailin İrana endirdiyi zərbələrdən sonra neft obyektlərinin zədələnməsi və Hörmüz boğazında hərəkətin məhdudlaşdırılması dünya bazarında neftin və qazın qiymətini kəskin şəkildə bahalaşdırıb. Bazar ertəsi birjalar açıldıqdan sonra Brent markalı neftin bir barelinin qiyməti 103–119,5 dollar aralığında dəyişib. Bu göstəricilər may ayı üzrə fyuçers müqavilələrinin qiymətləridir. Xatırladaq ki, fevral ayının sonlarında “qara qızıl” təxminən 73 dollar ətrafında satılırdı.
Qiymətlər daha da bahalaşa bilərmi?
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban sosial media hesabında qeyd edib ki, neftin kəskin bahalaşmasının əsas səbəbi Səudiyyə Ərəbistanı, İraq, BƏƏ və Küveytin şənbə günündən etibarən neft hasilatını azaltması ilə bağlı xəbərlərdir:
“Müharibənin ilk həftəsində bu baş verməmişdi, çünki hasil edilən neft ehtiyat çənlərində toplanırdı. Onlar dolduqca ixrac imkanlarının daralması ucbatından hasilatın azaldılması məntiqlidir”.
İ.Şaban bildirir ki, artıq bu həftə bir sıra iri neft idxalçıları özlərinin strateji neft ehtiyatlarından istifadə etməyi gündəmə gətirə bilərlər:
“Yəni bahalı nefti almamaq üçün. O zaman təbii ki, belə hal özünü qiymətlərdə də əks etdirəcək və neftin üzüyuxarı hərəkətinin qarşını alan maneə kimi çıxış edəcək.
Asiya ölkələrinin (Körfəz ölkələrinin əsas ixracı Asiya bazarına yönəlib) ən böyük “neft ehtiyatı yastığı” Yaponiyaya məxsusdur – 254 gün idxalsız keçinə bilər. Çinin topladığı neft ehtiyatları əslində açıqlanmır, sirr kimi saxlayırlar. Bununla belə ehtimal olunur ki, 200 günə bəs edər. ABŞ kimi ölkənin 400 milyon bareldən çox strateji neft ehtiyatı mövcuddur”.
Xarici analitiklər də hesab edirlər ki, əsas logistik marşrutlardan birinin bağlanması və münaqişənin uzanması bazarlara ciddi təzyiq göstərir.
BMI Fitch Solutions analitikləri bildirir, Hörmüz boğazından keçən malların qlobal ticarətdə payı 5 faiz təşkil edir. Analitiklərin fikrincə, boğaz bağlanacağı təqdirdə risk altına düşən gündəlik ticarət həcmi 2,3 milyard ABŞ dolları təşkil edəcək.
Analitiklər onu da əlavə edir ki, Hörmüz boğazında gəmi hərəkətində yaranan fasilələr qarşıdakı həftələrdə qlobal təchizat zəncirlərinə ciddi təsir göstərəcək. Adətən gündə yüzdən çox gəmini qəbul edən boğaz enerji daşımalarının həyata keçirildiyi əsas marşrutlardan biridir.
Mövcud bəzi məhdud boru kəməri alternativlərinə baxmayaraq, analitiklər hesab edirlər ki, onların ötürmə qabiliyyəti Hörmüz boğazından keçən enerji axınını tam əvəz etməyə kifayət etmir.
“Hörmüz boğazı regional və qlobal aktorların uzun müddət bağlanmasına imkan verə bilməyəcəyi qədər strateji əhəmiyyətə malikdir. Yaxın Şərqdə quru nəqliyyatı dəniz daşımalarına rəqabətli alternativ olmaq üçün hələ də məhdud imkanlara malikdir və ötürmə qabiliyyəti baxımından ciddi məhdudiyyətlərlə üzləşir. Regionun avtomobil və dəmir yolu şəbəkələri heç vaxt böyükmiqyaslı regiondaxili yük axınları üçün nəzərdə tutulmayıb. Mövcud infrastrukturun əksəriyyəti limanları yalnız yaxınlıqdakı şəhər mərkəzləri ilə birləşdirir və vahid Şərq-Qərb ticarət dəhlizi formalaşdırmır”, – BMI Fitch Solutions-un təhlilində qeyd olunur.
Neftin bahalaşması Azərbaycan büdcəsindəki böhranı azaldacaq
Zöhrab İsmayıl Meydan TV-yə açıqlamasında bildirib ki, yaxın zamanlarda neftin qiyməti ilə bağlı daha yüksək qiymətlər gözləniləndir. İqtisadçı bildirir ki, Azərbaycanın iqtisadiyyatının əsas gəlirləri neft və qazdan formalaşır, bu baxımdan neftin qiyməti olduqca önəmlidir:
“Azərbaycan faktiki olaraq bu müharibə öncəsi böhranla üzbəüz idi. Çünki neftin qiyməti büdcədə 65 dollar nəzərdə tutulub, ancaq keçən ilin sonuncu rübündə bu qiymət haradasa 60 dollar civarındaydı. Ümumiyyətlə, yanvar ayında da dövlət büdcəsinin gəlirləri dəyərinə yetirilməmişdi, o cümlədən xərclər də çox aşağı səviyyədə icra olunmuşdu.
Bu baxımdan, neftdən asılı iqtisadiyyat üçün bu, bir “nəfəslikdir”. İndi əsas sual budur ki, bu vəziyyət nə qədər davam edəcək. Davam etdiyi müddətdə Azərbaycan öz maliyyə problemlərini müvəqqəti həll etmiş olacaq”.
Z. İsmayılın sözlərinə görə, böhranın davam etməsi ticarət üçün müəyyən problemlər yaradır:
“Bu daha çox ərəb ölkələri və İranla olan ticarətə aiddir. Çünki həmin ölkələrə ixrac imkanımız elə çox deyil. Daha çox neft ixrac edirik, o da Avropa ölkələrinə və İsrailə. İrandan idxalın azalması ilə əlaqədar olaraq Azərbaycan idxalda daha çox Rusiyadan və Çindən asılı vəziyyətə düşə bilər. Bu isə idxalın həmin ölkələr hesabına kompensasiya olunması deməkdir. Ərzaq məhsulları daha çox Rusiyadan kompensasiya olunacaq. İrandan da Azərbaycana böyük həcmdə ərzaq məhsulları daxil olurdu. Bundan əlavə, Birləşmiş Ərəb Əmirlikləri ilə də geniş ticarət mövcuddur”.
İqtisadçı hesab edir ki, bunlara baxmayaraq, böyük problemlər gözlənilmir:
“Qazancları və itkiləri müqayisə etsək, Azərbaycan bu vəziyyətdən daha çox qazanacaq. İndi nə zamana kimi davam edəcəyi bilinmir. Əsas odur, indiki qiymətlər çox böyükdür. Halbuki 2026-cı il üçün beynəlxalq maliyyə institutları neftin qiymətini 60 dollar səviyyəsində proqnozlaşdırırdılar. İndi isə qiymətlər 107–108 dollara çatıb, hətta 150 dollara qədər arta bilər. Bu isə Azərbaycan üçün maliyyə sabitliyini müvəqqəti təmin etmək imkanı yaradır”.
İlham Şaban isə qeyd edir ki, Azərbaycan neft satan ölkədir və Səngəçal və Böyükşor gölü ətrafında SOCAR-ın neft ehtiyatı anbarları var. Onun sözlərinə görə, neft qiymətlərinin artımı ölkə iqtisadiyyatında gəlirləri artıracaq:
“Çünki baha satmaq şansın yaranır. Amma bu, stabil olmadığından, situativ hal olduğundan nə qazancı müəyyənləşdirmək mümkündür, nə də rifahı. Çünki neft şirkətləri də büdcəyə vergini rüblük şəkildə ödəyirlər. Hardasa aprelin ortasında Maliyyə Nazirliyinin əlində tam real məlumatlar olacaq ki, neft-qaz sektorundan büdcəyə proqnoz göstəricisindən nə qədər çox və ya az vəsait daxil olub”.