İran ərazisindən Naxçıvana dron hücumu ilə bağlı Tehrana nota verilib.
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Bakıda Moldova Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Mixay Popşoi ilə birgə mətbuat konfransında deyib.
Nazir bildirib ki, Naxçıvan Muxtar Respublikasına İran İslam Respublikasının ərazisindən dron hücumları ilə bağlı diplomatik addımlar atılıb və məsələ rəsmi Tehranın diqqətinə çatdırılıb.
Onun sözlərinə görə, məsələ ilə bağlı İranın Azərbaycandakı səfiri Azərbaycan Xarici İşlər Nazirliyinə çağırılıb.
“Azərbaycan dövlətinin mövqeyi dünən çatdırılıb, İran səfiri XİN-ə çağırıldı, gözləntilərimizi ona bildirdik. Dünən Prezident İlham Əliyevin Təhlükəsizlik Şurasının iclasındakı mesajlarını hamı dinləyə bilib. İran tərəfi məsələnin araşdırılacağı vəd edib. Bu araşdırmanın nəticələrini biz yaxın zamanda gözləyəcəyik”, – deyə nazir bildirib.
Bayramov əlavə edib ki, məsələ ilə bağlı bütün tapşırıqlar Prezident tərəfindən verilib və təhlükəsizlik tədbirləri gücləndirilib.
“Eyni zamanda, təhlükəsizlik tədbirləri Prezidentin nəzarəti altında ən yüksək səviyyədədir. Hərbi qüvvələrin hazırlıq səviyyəsi daha da yüksəldilir. Bütün müvafiq tapşırıqlar da verilib”, – nazir qeyd edib.
Onun sözlərinə görə, həm Azərbaycanın Tehrandakı səfirliyinin, həm də Təbrizdəki Baş konsulluğunun təxliyəsi ilə bağlı tapşırıqlar verilib.
Bayramov bildirib ki, Yaxın Şərqdə baş verən hadisələr fonunda region ölkələrində olan Azərbaycan vətəndaşlarının təxliyəsi üçün də iş aparılır.
Nazir deyib ki, diplomatik nümayəndəliklərə müraciət edən vətəndaşların sayı təxminən min nəfərdir.
“Əsas 5 ölkə – Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Qətər, Bəhreyn və Küveytdə 1000-ə yaxın vətəndaşımızdan müraciətlər almışıq”, – deyə o əlavə edib.
Rəsmi məlumata görə, ötən gün İran ərazisindən Naxçıvana dron hücumları baş verib, 4 nəfər xəsarət alıb.
Azərbaycan tərəfi hücumun cavabsız qalmayacağını vurğulayıb. İranın bu hücumlara izahat verməsi tələb edilib.
Baş verən hadisə ilə bağlı Baş Prokurorluqda cinayət işi açılıb.
Eyni zamanda, İran tərəfi, həm xarici işlər nazirinin müavini Kazem Qaribabadi, həm də Silahlı Qüvvələrin Baş Qərargahı hücumun İran tərəfindən həyata keçirilmədiyini, İsrail tərəfindən regionda gərginlik yaratmaq məqsədilə törədildiyini iddia edib.
Azərbaycan Prezidenti İlham Əliyev ötən gün keçirilən Təhlükəsizlik Şurasının iclasında Naxçıvana qarşı edilən hücuma münasibət bildirib. Prezident çıxışında bu hücumu birbaşa “terror aktı” adlandırıb və Silahlı Qüvvələrə cavab tədbirləri həyata keçirilməsi ilə bağlı təlimat verildiyini bildirib.