İran ərazisindən Azərbaycanın Naxçıvan Muxtar Respublikasına dronlarla hücum edilməsi ilə bağlı cinayət işi açılıb.
Bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.
Məlumatda deyilir ki, martın 5-də İran İslam Respublikasının ərazisindən uzaqdan idarə olunan partlayan döyüş başlığı ilə təchiz edilmiş 2 ədəd pilotsuz uçuş aparatları (PUA) vasitəsilə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasının mülki infrastruktur obyektlərinə qarşı hücum həyata keçirilib.
Prokurorluğun məlumatına görə, hücum nəticəsində hava limanının inzibati binasına ciddi ziyan dəyib, xidmətlər pozulub və Naxçıvan-Bakı reysi üçün yola çıxmış təyyarə təhlükəsizlik məqsədilə geri qayıtmağa məcbur olub.
Hadisədə dörd nəfər mülki şəxs- hava limanında işləyən Vəliyeva Reyhanə, Zülfüqarlı Zülfüqar, Əsgərov Mehdi və sərnişin Cəfərov Əsəd xəsarət alıb. Onlara tibbi yardım göstərilib və müalicələri davam etdirilir.
Baş Prokurorluq bildirib ki, cinayət işi Cinayət Məcəlləsinin müvafiq maddələri üzrə açılıb və ibtidai araşdırmanı Baş Prokurorluğun İstintaq İdarəsi aparır. Hadisə yerində baxış keçirilib, sübutlar toplanıb, şahid və zərərçəkmişlərin ifadələri alınıb, ekspertizalar təyin olunub.
Açıqlamaya görə, dronların mənşəyi və idarəetmə marşrutu üzrə texniki araşdırmalar aparılır. Araşdırma beynəlxalq hüquqa zidd olan hücumun bütün detalları ilə öyrənilməsinə yönəldilib və təqsirkarlar qanun qarşısında cavab verəcək.
Baş Prokurorluq vurğulayıb ki, mülki əhalinin və strateji obyektlərin hədəf alınması beynəlxalq humanitar hüququn pozulmasıdır və cinayət işi üzrə istintaq davam edir.
Bu gün İran ərazisindən Naxçıvana dron hücumları ilə bağlı Azərbaycan Müdafiə Nazirliyi və Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Rəsmi məlumata görə, dronlardan biri hava limanına, digərləri isə digər mülki obyektlərə yönəlib, hücumun cavabsız qalmayacağı vurğulanıb. İranın bu hücumlara izahat verməsini tələb edilib.
Eyni zamanda, İran tərəfi, həm xarici işlər nazirinin müavini Kazem Qaribabadi, həm də Silahlı Qüvvələrin Baş Qərargahı hücumun İran tərəfindən həyata keçirilmədiyini, İsrail tərəfindən regionda gərginlik yaratmaq məqsədilə törədildiyini iddia edib.