Rəsmi Tehran Naxçıvana dron hücumu edilmədiyini bildirib

İran tərəfi Azərbaycana zərbə endirmədiyini bildirib.

Bu barədə İran xarici işlər nazirinin müavini Kazem Qaribabadi Azərbaycanın AnewZ kanalına müsahibəsində danışıb.

O bildirib ki, İran qonşu ölkələrə hücum etmir və Naxçıvanla bağlı insident barədə məlumatı mediadan eşidib.

“Biz qonşu ölkələrimizə hücum etmirik. Bu insident barədə sizdən eşidirəm. Bu məlumatı və onun mənbəyini araşdırdıqdan sonra cavab verə bilərəm”, – Qaribabadi deyib.

Onun sözlərinə görə, İranın hərbi siyasəti yalnız regionda yerləşən və İran ərazisinə qarşı istifadə oluna bilən xarici hərbi bazaları hədəf almağa yönəlib.

“Əvvəldən elan etmişik ki, əgər regionda hərbi baza varsa və onlardan İrana hücum etmək üçün istifadə olunursa, onları hədəfə alacağıq. Bizim yürütdüyümüz siyasət budur”, – o bildirib.

İran Silahlı Qüvvələrinin Baş Qərargahı da Azərbaycan istiqamətində pilotsuz uçuş aparatlarının göndərilməsi ilə bağlı iddiaları təkzib edib.

Tasnim-in verdiyi xəbərə görə, bəyanatda bildirilir ki, İran Silahlı Qüvvələri tərəfindən Azərbaycana pilotsuz uçuş aparatının göndərilməsi barədə məlumatlar doğru deyil.

“İran İslam Respublikası bütün ölkələrin, xüsusilə müsəlman və qonşu ölkələrin suverenliyinə hörmətlə yanaşır və Silahlı Qüvvələr tərəfindən Azərbaycan Respublikasına pilotsuz uçuş aparatının göndərilməsini təkzib edir”, – bəyanatda deyilir.

Bəyanatda həmçinin iddia olunur ki, baş verən hücum İsrail tərəfindən İranla qonşu müsəlman ölkələri arasında münasibətləri gərginləşdirmək məqsədilə təşkil olunmuş təxribat ola bilər.

Bu gün Azərbaycan Xarici İşlər Nazirliyi və Azərbaycan Müdafiə Nazirliyi İran ərazisindən pilotsuz uçuş aparatları ilə Naxçıvan Beynəlxalq Hava Limanı və digər mülki infrastruktura hücum edildiyini açıqlayıb.

Rəsmi məlumatlara görə, hadisə nəticəsində hava limanı ərazisində 4 nəfər xəsarət alıb. Azərbaycan tərəfi hücumu pislədiyini və məsələ ilə bağlı izahat tələb etdiyini bildirib.

Ana səhifəSiyasətRəsmi Tehran Naxçıvana dron hücumu edilmədiyini bildirib