Martın 5-də günorta saatlarında İran ərazisindən Azərbaycanın Naxçıvan Muxtar Respublikasına dron hücumları həyata keçirilib.
Bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, dronlardan biri Naxçıvan Hava Limanının terminal binasına, digər dron isə Şərur rayonunun Şəkərabad kəndində məktəb binasının yaxınlığına düşüb.
XİN bildirir ki, hücum nəticəsində hava limanının binasına ziyan dəyib və iki mülki şəxs xəsarət alıb.
Nazirlik hadisəni pisləyərək bunu beynəlxalq hüququn norma və prinsiplərinə zidd addım kimi qiymətləndirib və regionda gərginliyin artmasına səbəb ola biləcəyini qeyd edib.
Bəyanatda İran tərəfinin qısa müddətdə hadisəyə aydınlıq gətirməsi, izahat verməsi və belə halların təkrarlanmaması üçün tədbir görməsi tələb olunur.
XİN həmçinin bildirib ki, İranın Azərbaycandakı səfiri Müctəba Dərmiçilu nazirliyə çağırılıb və ona etiraz notası təqdim olunacaq.
Azərbaycan tərəfi bu hadisə ilə bağlı müvafiq cavab tədbirləri görmək hüququnu özündə saxladığını da açıqlayıb.
Hadisə ilə bağlı Azərbaycan Müdafiə Nazirliyi də açıqlama yayıb.
Nazirlik bildirib ki, martın 5-də İran silahlı qüvvələri İran ərazisindən pilotsuz uçuş aparatları ilə Naxçıvan Muxtar Respublikasının Naxçıvan Beynəlxalq Hava Limanına və digər mülki infrastruktura hücum edib.
Məlumata görə, dronların texniki xüsusiyyətləri və hücumun detalları hazırda araşdırılır.
Müdafiə Nazirliyi hərbi zərurət olmadığı halda mülki obyektlərə qarşı hücumları pislədiyini bildirib və baş verən hadisəyə görə məsuliyyətin İranın üzərinə düşdüyünü qeyd edib.
Nazirlik həmçinin Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin qorunması, mülki şəxslərin və mülki infrastrukturun təhlükəsizliyinin təmin edilməsi üçün cavab tədbirləri hazırlandığını və hücumun cavabsız qalmayacağını açıqlayıb.