Həbsdə olan Milli Şuranın və Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun vəkilinə onunla görüşə icazə verilməyib.
Bu barədə Tofiq Yaqublunun qızı Nigar Həzi sosial media hesabında yazıb.
Onun sözlərinə görə, atasının vəkili Azər Rəsulov Kürdəxanıya gedərək müvəkkili ilə görüşmək istəyib, lakin müəssisənin qeydiyyat şöbəsi görüşə icazə verməyib.
Nigar Həzi yazıb ki, vəkilə bildirilib ki, onun orderi Ali Məhkəmədə iştirak üçündür. O, bu qərarı həm qanunsuz, həm də qərəzli sayır:
“Vəkilə qarşı olan bu davranış tam qanunsuzdur və qərəzlidir. Məqsəd Tofiq Yaqubludan ailəsinin xəbər almasına mane olmaqdır.”
Müəssisədən və ya digər rəsmi qurumlar mövzu ilə bağlı açıqlama verməyib.
Tofiq Yaqublu fevralın 25-də cəzaçəkmə müəssisəsində karserə salınıb. Ailəsinə bildirilib ki, Yaqublu guya kamerada aparılan axtarışa mane olduğu üçün 1 həftəlik karser cəzası alıb. Ailəsi bu qərarın siyasi motivli olduğunu deyir və bunu ABŞ-də qardaşı Rəhim Yaqublunun etiraz aksiyasından sonra baş verən “qisas” kimi qiymətləndirir.
Ailənin sözlərinə görə, Yaqublu karserə salınmasına və beynəlxalq ictimaiyyətin Azərbaycandakı insan haqları pozuntularına səssiz qalmasına etiraz olaraq aclıq aksiyasına başlayıb.
Tofiq Yaqublu 2023-cü ilin dekabrında həbs olunub.
O, 2025-ci il martın 10-da Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il azadlıqdan məhrum edilib.
Yaqublu Cinayət Məcəlləsinin külli miqdarda ziyan vurmaqla dələduzluq və saxta sənəd hazırlama və ya istifadə etmə maddələri ilə təqsirli bilinib.
Yaqublu bu ittihamlara etiraz olaraq 2025-ci il aprelin 1-dən mayın 10-dək – 40 gün aclıq aksiyası keçirib.
Bundan öncə də Tofiq Yaqublu bir neçə dəfə uzunmüddətli və inzibati həbslərə məhkum edilib. Döyülüb, işgəncələrə məruz qalıb və dəfələrlə aclıq aksiyası keçirib.