Rusiyada “Telegram” bloklanır

Foto: Sergio Photone/shutterstock

“Telegram” aprelin 1-dən etibarən Rusiyada tamamilə bloklanacaq

Bu barədə kremlyönlü Baza “Telegram” kanalı bir neçə qurumdakı mənbələrinə istinadən məlumat verib.

“Bu tədbir Rusiyanın bütün ərazisində tətbiq olunacaq. Tətbiq nə mobil şəbəkələr, nə də sabit internet sistemləri vasitəsilə yüklənməyəcək”, – Baza yazıb.

Rəqəmsal inkişaf, rabitə və kütləvi media naziri Maksut Şadayev isə bildirib ki, “Roskomnadzor” “Telegram” ölkə qanunvericiliyinə davamlı olaraq əməl etmədiyinə görə məhdudlaşdırmaq qərarına gəlib.

Nazirin sözlərinə görə, messencer qanunsuz məzmunun silinməsi ilə bağlı təxminən 150 min müraciəti cavabsız qoyub. O bildirib ki, 2022-ci ildən etibarən messencer vasitəsilə 150 mindən çox cinayət törədilib. Nazir əlavə edib ki, “Telegram”da səsli zənglər 2025-ci ilin yayından bloklandıqdan sonra saxta zənglərin sayı azalıb.

“Bu 150 min cinayət rəsmi şəkildə qeydə alınıb və hazırda onların araşdırılması davam edir”, – nazir qeyd edib.

Şadayev həmçinin platformanı xarici kəşfiyyat orqanları üçün açıq olmaqda günahlandırıb.

“Xarici kəşfiyyat orqanlarının mesajlaşma tətbiqi yazışmalarına çıxışı olduğuna və bu məlumatlardan Rusiya ordusuna qarşı istifadə etdiyinə dair çoxsaylı əlamətlər var”, – Şadayev bildirib.

Rusiya hakimiyyəti 2025-ci ilin yayından etibarən “Telegram”ın fəaliyyətini məhdudlaşdırır və messencerdə videozəngləri bloklayıb. Fevralın 10-da RBC mənbələrinə istinadən xəbər verib ki, hakimiyyət “Telegram”ın Rusiyada işləməsini daha da yavaşlatmaq qərarına gəlib. Sonradan “Roskomnadzor” açıqlayıb ki, messencerdə “ardıcıl məhdudiyyətlər” tətbiq etməyə davam edəcəklər ki, “Rusiya qanunvericiliyinə əməl olunsun və vətəndaşlar qorunsun”.

Rusiyada “Facebook”, “Instagram”, “WhatsApp” və “YouTube” şəbəkələri tam bloklanıb.

Ekspertlər bu məhdudiyyətlərin 2026-cı ilin sentyabr ayında Rusiya Dövlət Dumasına keçiriləcək seçkilərlə əlaqəli olduğunu düşünürlər. 

Ana səhifəDünyaRusiyada “Telegram” bloklanır