Azərbaycan yanvarda Ermənistana 2,4 milyon dollarlıq məhsul ixrac edib

Kollaj: Meydan TV

2026-cı ilin yanvar ayında Azərbaycan Ermənistana 2 milyon 403,6 min ABŞ dolları dəyərində məhsul ixrac edib. Bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Rəsmi statistikaya görə, ötən il dekabrın 18-də Azərbaycandan Ermənistana 1 220 ton Aİ-95 markalı avtomobil yanacağı göndərilib. Yanvarın 9-da isə Ermənistan Azərbaycandan 1 742 ton Aİ-95 və 956 ton dizel yanacağı alıb, yanvarın 11-də isə 979 ton Aİ-92 markalı yanacaq ixrac edilib.

Komitənin məlumatına görə, bu ixrac Azərbaycanın ümumi ixracının 0,1%-ni təşkil edir. Ermənistandan isə yanvar ayında Azərbaycana heç bir məhsul idxal olunmayıb.

Yanvar ayında Azərbaycanın neft ixracında İtaliya birinci yerdədir – 861,7 milyon dollar dəyərində 1,85 milyon ton neft ixrac edilib. İkinci yerdə Rumıniya (93,7 milyon dollar, 197 min ton), üçüncü yerdə Portuqaliya (44,3 milyon dollar, 93,6 min ton) qərarlaşıb. Ümumilikdə yanvarda 11 ölkəyə 2,64 milyon ton və 1,24 milyard dollar dəyərində neft ixrac edilib.

Yeri gəlmişkən, yanvarda Azərbaycanın xarici ölkələrlə ticarət dövriyyəsi 3 milyard 538 milyon ABŞ dolları olub ki, bu da ötən ilin eyni dövrünə nisbətən 30,5% azalma deməkdir.

Xarici ticarət dövriyyəsinin 2 milyard 236 milyon dolları ixrac, 1 milyard 302 milyon dolları isə idxal payına düşüb. Son 1 ildə ixrac 26,4%, idxal isə 36,5% azalıb. Nəticədə xarici ticarətdə 934 milyon dollarlıq müsbət saldo yaranıb ki, bu da illik müqayisədə 5,3% azalma deməkdir.

Ana səhifəİqtisadiyyatAzərbaycan yanvarda Ermənistana 2,4 milyon dollarlıq məhsul ixrac edib