Rusiyada hökumət “Telegram”ın sürətini azaltmağa başlayır

Foto: Sergio Photone/shutterstock

Rusiya hakimiyyəti ölkədə “Telegram” messenjerinin fəaliyyətini mərhələli şəkildə məhdudlaşdırmağa başlayıb. Bu barədə RBK müvafiq dövlət qurumlarındakı mənbələrə istinadən məlumat yayıb.

Mənbələrin bildirdiyinə görə, Rusiyada rabitə, informasiya texnologiyaları və kütləvi kommunikasiyalar sahəsində nəzarəti həyata keçirən “Roskomnadzor” fevralın 10-dan etibarən “Telegram”ın işinin “yavaşladılması” ilə bağlı tədbirlər planlaşdırır. Nəşrin həmsöhbətlərindən biri bu tədbirlərin artıq qismən tətbiq olunmağa başladığını bildirib.

Rusiya Dövlət Dumasının İnformasiya siyasəti komitəsi sədrinin müavini Aleksandr Yuşşenko isə “Telegram”ın yavaşladılması məsələsinin parlamentdə müzakirə edilmədiyini deyib. Onun sözlərinə görə, “Roskomnadzor” qanunvericiliyin tələblərinin pozulduğunu əsas gətirərsə, messencerə qarşı daha sərt – bloklama da daxil olmaqla – tədbirlər görə bilər.

“Roskomnadzor” “Telegram”la bağlı yayılan məlumatlara dair hələlik rəsmi açıqlama verməyib. Buna baxmayaraq, Rusiyada istifadəçilər artıq ikinci gündür messencerin işində ciddi nasazlıqların yarandığını bildirirlər.

Qeyd edək ki, 2025-ci ilin avqustundan etibarən “Roskomnadzor” WhatsApp və “Telegram” üzərindən zənglərin həyata keçirilməsini bloklayıb. Qurum bu qərarı messencerlərin terror aktlarının təşkili, terrorçuların cəlb edilməsi, eləcə də dələduzluq və digər cinayətlərin törədilməsi üçün istifadə olunması ilə əsaslandırır.

Ötən ilin dekabr ayının sonunda Rusiya mediası WhatsApp-ın ölkə daxilində işləmə sürətinin 70–80 faiz azaldığını yazmışdı. “Roskomnadzor” həmin vaxt messencerə qarşı “məhdudlaşdırıcı tədbirlərin ardıcıl şəkildə tətbiq edildiyini” açıqlamışdı.

2025-ci ilin yanvarında “Telegram”a qarşı da oxşar məhdudiyyətlərin tətbiq olunmağa başlandığı barədə məlumatlar yayılmışdı. Lakin “Roskomnadzor” bu xəbərləri rəsmi şəkildə təkzib etmişdi. Eyni zamanda, Dövlət Dumasındakı mənbələr “Telegram”ın Rusiya hakimiyyəti ilə “kifayət qədər əməkdaşlıq etməməsini” messencerə qarşı təzyiqlərin əsas səbəblərindən biri kimi göstərmişdilər.

Ana səhifəXəbərlərRusiyada hökumət “Telegram”ın sürətini azaltmağa başlayır