Dövlət Statistika Komitəsinə yeni sədr təyin olunub

Foto: Azərtac

Azər Mursaqulov Dövlət Statistika Komitəsinin (DSK) sədri təyin edilib.

Bu barədə Prezident İlham Əliyev fevralın 10-da sərəncam imzalayıb.

45 yaşlı yeni sədr uzun illər Maliyyə Nazirliyində müxtəlif vəzifələrdə çalışıb. 2007-2010-cu illərdə nazirin iqtisadi məsələlər üzrə köməkçisi olub, 2010-2012-ci illərdə isə Vaşinqtonda Beynəlxalq Valyuta Fondunda icraçı direktorun müşaviri kimi fəaliyyət göstərib. 2012-2019-cu illərdə Maliyyə Nazirliyinin Dövlət Borclarının İdarə Edilməsi Agentliyində şöbə müdiri və direktor müavini vəzifələrində çalışıb, 2019-cu ildən isə həmin Agentliyin direktoru olub.

Prezidentin ötən gün imzaladığı sərəncamla Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov vəzifəsindən azad edilərək Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı təyin olunmuşdu.  61 yaşlı Budaqov bu posta Elxan İbrahimovu əvəz edir. Cəmi 47 gün bu vəzifəni daşıyan İbrahimov isə dekabrın 29-da vəzifədən azad edilmişdi.

Ekspertlər uzun illərdir Dövlət Statistika Komitəsinin açıqladığı statistik rəqəmlərə şübhə ilə yanaşır. Onların fikrincə, DSK sovet dövründəki kimi hökumətin maraqlarına uyğun məlumatlar təqdim edir. Komitə isə bu tənqidlərin əsassız olduğunu bildirir.

Ana səhifəSiyasətDövlət Statistika Komitəsinə yeni sədr təyin olunub