İnsan hüquqları müdafiəçiləri qətlə yetirilmiş çeçen qadınla bağlı Ermənistana çağırış ediblər

Aişat Baimuradova, foto: OC Media – sosial media

İnsan hüquqları təşkilatı ”NC SOS Crisis Group” Ermənistanı Aişat Baimuradovanın cəsədini Çeçenistanda dəfn olunması üçün təhvil verməyə çağıran petisiya başladıb. Artıq üç aydan çoxdur ki, Baimuradovanın cəsədi Yerevanda qətlə yetirilməsindən sonra hakimiyyət orqanları tərəfindən saxlanılır.

OC Media yazır ki, Yerevan hakimiyyəti Baimuradovanın cəsədinin onun qohumlarına və ya dostlarına verilməsinə icazə verməyib. İnsan hüquqları müdafiəçiləri vurğulayırlar ki, “insan hüquqları fəallarından tutmuş, Aişatın dostlarına qədər” onun dəfnini təşkil etməyə hazır olan şəxslər var.

”NC SOS Crisis Group”-un yaydığı bəyanatda Ermənistan hakimiyyətinə “cəsədi azad etmək və layiqli şəkildə vida və dəfn olunmasına imkan yaratmaq” çağırışı edilib. Qeyd olunub ki, bu həm qətlə yetirilmiş qadının dostları və yaxınları üçün vacibdir, həm də “qurbana qarşı adekvat və ləyaqətli münasibətin nümayiş etdirilməsi” baxımından əhəmiyyət daşıyır. Təşkilat insanları Change.org platformasında petisiyanı imzalamağa çağırıb. Petisiyada Baimuradovanın qətli ilə bağlı daha şəffaf istintaqın aparılmasına kömək göstərilməsi və işin gedişi barədə operativ məlumat verilməsi tələb olunur.

Petisiyanın müəllifləri, həmçinin gələcəkdə oxşar faciələrin qarşısını almaq məqsədilə Ermənistanda məcburi itkin düşmələr, qətllər və digər ciddi insan hüquqları pozuntuları ilə bağlı hallara cavab verən sürətli reaksiya mexanizminin yaradılmasını təklif ediblər.

Baimuradova oktyabr ayının sonunda Ermənistanın paytaxtı Yerevanda ölü tapılıb. O, məişət zorakılığından qaçmaq üçün Çeçenistanı tərk etmiş, Rusiyadan çıxa bilmiş və sonradan Ermənistanda məskunlaşmışdı. Petisiyada deyilir ki, o, burada “gənc bir qadının adi həyatını yaşayır, işləyir və sosial şəbəkələrdə hesablar aparırdı, başqa bir ölkədə təhlükəsiz olacağına ümid edirdi”.

Petisiyanın müəlliflərinə görə, köçdükdən sonra da Baimuradova təhdidlər almağa davam edib – “həm qohumlardan, həm də Çeçenistan Respublikasından olan digər şəxslərdən”. Bu təhdidlər onun qaçışı və “yerli sosial, siyasi və dini normalara” tənqidi münasibəti ilə bağlı olub.

Dostları onunla sonuncu dəfə 15 oktyabrda əlaqə saxlayıblar və bir neçə gün sonra o, ölü tapılıb. İlkin məlumatlara görə, qadın zəhərlənib, lakin ölümün dəqiq səbəbi hələ də rəsmi şəkildə açıqlanmayıb.

İnsan hüquqları müdafiəçiləri bildirirlər ki, Baimuradovanın qətli Şimali Qafqazda geniş yayılmış “namus qətli” kimi təsnif edilə bilər. İlkin istintaq məlumatlarına əsasən, qətlin təşkilində Çeçenistan Respublikasının nümayəndələri, o cümlədən regional hakimiyyət orqanları ilə əlaqəli şəxslər iştirak ediblər. Güman edilir ki, onlar cinayət törədildikdən dərhal sonra Ermənistan ərazisini tərk ediblər.

Daha əvvəl ”NC SOS Crisis Group” artıq Baimuradovanın qətli ilə bağlı ədalətli və operativ istintaq aparılması tələbi ilə petisiya başladıb. İnsan hüquqları müdafiəçiləri hesab edirlər ki, iş ətrafında yaranan ictimai diqqət və rezonans nəticəsində istintaqçılar hadisə yerindən qaçmış daha bir şübhəlini müəyyən edib, iki nəfər axtarışa verilib və onlara qarşı cinayət işi açılıb.

Bu yazı ingilis dilindən tərcümə edilmişdir. Yazının əslini OC Media-dan oxuya bilərsiniz.

Ana səhifəXəbərlərİnsan hüquqları müdafiəçiləri qətlə yetirilmiş çeçen qadınla bağlı Ermənistana çağırış ediblər