Yanvarın 22-də Davosda Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Donald Trampla görüşüb. Görüş Davos İqtisadi Forumunun gedişində baş tutub.
Rəsmi məlumata görə, Trampın yenidən prezident postuna qayıtmasından sonra Bakı ilə Vaşinqton arasında münasibətlərin müxtəlif sahələrdə inkişaf etməsindən məmnunluq ifadə olunub. Tərəflər ötən ilin avqustunda ABŞ-də Azərbaycan və Ermənistan arasında sülh prosesinin irəliləməsində Donald Trampın rolunu xüsusi vurğulayıblar.
İlham Əliyev Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində atılan addımlardan danışıb. Onun sözlərinə görə, regionda artıq faktiki sülh mühiti formalaşıb və bu, iki ölkə arasında ticarət əlaqələrində də özünü göstərir. Əliyev Azərbaycandan Ermənistana neft məhsullarının göndərildiyini, həmçinin Ermənistana idxal olunan taxılın ölkə ərazisindən tranzitlə keçdiyini bildirib. O, TRIPP layihəsinin regionda nəqliyyat və iqtisadi əlaqələr baxımından əhəmiyyətini də qeyd edib.
Görüşdə Trampın təşəbbüsü ilə yaradılan yeni “Sülh Şurası” məsələsi də müzakirə olunub. Azərbaycan bu quruma təsisçi üzv kimi dəvət edilib və bu, rəsmi Bakıda ABŞ ilə strateji tərəfdaşlığın göstəricisi kimi dəyərləndirilib.
Donald Tramp Davos Forumunda çıxışı zamanı Sülh Şurasının BMT ilə birgə fəaliyyət göstərəcəyini deyib. Onun sözlərinə görə, qurum yalnız Qəzza məsələsi ilə deyil, daha geniş beynəlxalq münaqişələrlə məşğul olacaq.
Rusiya Prezidenti Vladimir Putin də Sülh Şurasına qoşulmaq istədiyini açıqlayıb. O bildirib ki, Rusiya bu quruma 1 milyard dollar ayırmağa hazırdır və daimi üzv statusu əldə etmək niyyətindədir. Putin bu vəsaitin Rusiyanın ABŞ-də dondurulmuş aktivlərindən istifadə edilə biləcəyini deyib.
ABŞ ümumilikdə 50-yə yaxın ölkəni Sülh Şurasına dəvət edib. Artıq Azərbaycan, Ermənistan, Argentina, Macarıstan, Qazaxıstan, Mərakeş, BƏƏ, Vyetnam və bir sıra digər ölkələr bu dəvəti qəbul edib. İsrailin baş naziri Benyamin Netanyahu və Belarus lideri Aleksandr Lukaşenko da quruma qoşulmaq istədiklərini açıqlayıblar. Fransa, Almaniya və Böyük Britaniya da daxil olmaqla bir çox Avropa ölkəsi isə təşəbbüsə qatılmaqdan imtina edib. Trampın tənqidçiləri bu addımı BMT-ni zəiflətmək cəhdi kimi qiymətləndirirlər.
Davos Dünya İqtisadi Forumu yanvarın 19-da başlayıb və əsas məqsəd ölkələr arasında dialoqu gücləndirməkdir. Yeni yaradılan Sülh Şurası da forumun ən çox müzakirə olunan mövzularından biri olub.