11 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan jurnalist Rəşad Ramazanov işgəncəyə məruz qalıb
Bu barədə jurnalistin özü “Qəzetçi”yə məktub ünvanlayıb. O bildirib ki, cəzaçəkmə müəssisəsinin rəhbəri Şakir Qəniyev tərəfindən döyülüb. Ramazanov deyir ki, Qəniyev onu ölümlə hədələyir.
“Şiddətli ağrılarım var. O qədər ağrıyıram ki, inildəyirəm və yanımda qalan məhkumlar səsimdən narahat olurlar. Rəis isə mənə deyir ki, Qənimət Zahidə Azərbaycan Saatı internet kanalına verdiyim müsahibədə üç məhkumun öldürüldüyünü demisən, elə etmə ki, dördüncüsü sən olasan”, – deyə Rəşad Ramazanov bildirib.
Jurnalist həmçinin qeyd edib ki, Şakir Qəniyevin bu davranışı təkcə siyasi məhbuslara qarşı deyil. Müəssisə rəhbəri digər məhbusları da döyür, onların ləyaqətini alçaldır. O deyir ki, rəisin bu davranışlarına görə Penitensiar Xidmətin rəisi Mirsaleh Seyidov və Ədliyyə Naziri Fərid Əhmədov da məsuliyyət daşıyır.
“Fərid Əhmədov dəfələrlə bəyan edib ki, məhkumların təhqir edilməsi və onlara işgəncə verilməsi cinayət tərkibli əməldir və bu cür hallara yol verən şəxslər kimliyindən asılı olmayaraq cəzalandırılacaq. Lakin Şakir Qəniyevin hələ də vəzifəsinin icrasında qalması Fərid Əhmədovun bu bəyanatlarının reallıqla uzlaşmadığını göstərir”, – deyə jurnalist məktubunda qeyd edib.
Ramazanovun ailəsi deyir ki, maddi durumlarının yaxşı olmadığına görə ona vəkil tuta bilməyiblər. Jurnalistin döyüldükdən sonra tibbi müayinədən keçməsi barədə məlumat əldə etmək mümkün olmayıb.
Rəşad Ramazanov 2022-ci il mayın 2-də saxlanılıb.
Bir gün sonra barəsində Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsilə (külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi) 4 ay həbs qətimkan tədbiri seçilib.
O, ittihamları rədd edib və fəaliyyəti ilə bağlı həbs olunduğunu deyib.
2024-cü ilin fevralında məhkəmə onu 5 il 4 ay müddətinə azadlıqdan məhrum edib.
Rəşad Ramazanov 2013-cü ilin mayında da həbs edilmişdi və külli miqdarda narkotik maddənin qanunsuz dövriyyəsi ittihamı ilə 9 il azadlıqdan məhrum edilmişdi.
2019-cu ildə isə ölkə başçısını sərəncamı ilə əfv edilib.
Yerli və beynəlxalq hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar.