Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri Avropa Şurasına müraciət ediblər

Mənbə: AŞPA

Xaricdə yaşayan Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri Avropa Şurasını Azərbaycana qarşı Birgə Əlavə Proseduru (Joint Complementary Procedure) başlatmağa çağırır. Bu çağırışla yanvarın 22-də “Azərbaycanda repressiyaya son kampaniyası” çıxış edib. Onlar ölkədə insan hüquqlarının kütləvi pozulmasına dərhal müdaxilə tələb ediblər.

Kampaniyada bildirilir ki, Azərbaycan onillikdir Avropa Şurasının standartlarını və öhdəliklərini görməzdən gəlir, nəticədə siyasi məhbusların sayı rekord həddə çatıb və hüquq sistemində sui-istifadə davam edir.

Bildirilib ki, yeni həbs dalğaları jurnalistləri, aktivistləri və alimləri hədəfləyir.

Avropa İnsan Hüquqları Məhkəməsi və AŞPA-nın siyasi orqanları bu vəziyyətdən xəbərdar edilsə də, ciddi nəticə əldə olunmayıb. Azərbaycan parlamenti 2025-ci il sessiyası üçün etimadnamələri təqdim etməyərək Assambleyanın monitorinq fəaliyyətində iştirakdan imtina edib. Bu, 2024-cü ilin yanvarında AŞPA-nın ölkəyə etimadnamələri ratifikasiya etməməsindən sonra repressiyaların artması ilə üst-üstə düşür.

Müraciətdə fəallar AŞPA-dan Əlavə Birgə Proseduru işə salmağı, davamlı nəzarət və ictimai-siyasi təzyiqi artırmağı tələb edirlər. Hədəf, siyasi motivli həbs olunanların azad edilməsi, məhkəmə təqiblərinin dayandırılması və hüququn aliliyinin təmin edilməsidir.

Fəalların sözlərinə görə, Azərbaycanın onillik etinasızlığı və Avropa Şurasının passivliyi üzv dövlətlərin hüquqlarını təhlükə altına qoyur, Əlavə Birgə Prosedurun tətbiqi isə vəziyyətin həllində prinsipial və koordinasiyalı yanaşmanı təmin edə bilər.

2024-cü ildən etibarən Azərbaycan Avropa Şurası Parlament Assambleyasında səsvermə hüququndan məhrum edilib. Bunun səbəbi kimi ölkənin insan hüquqları sahəsində öhdəliklərini yerinə yetirməməsi göstərilib. Azərbaycan hakimiyyəti isə bu qərara cavab olaraq qurumla əməkdaşlığı dayandırdığını açıqlayıb və həmin müzakirələrdə qərara səs vermiş deputatların ölkəyə girişini məhdudlaşdırıb. Rəsmi şəxslər bəyan ediblər ki, nümayəndə heyətinin mandatı bərpa olunduqdan sonra əməkdaşlığa hazırdırlar.

Prezident İlham Əliyev bu həftə “Euronews” telekanalına müsahibəsində bildirib ki, Azərbaycan uzun illərdir AŞPA və Avropa Parlamenti ilə birbaşa əməkdaşlıq etmir, amma Avropa Komissiyası ilə əlaqələr davam etdirilir.

Avropa Şurası 2020-ci ildə üzv-dövlətlərin öhdəliklərini kobud şəkildə pozması halında əlavə prosedurların tətbiqini nəzərdə tutan yeni qaydalar qəbul edib. Bu mexanizm ölkələrin prinsip və dəyərlərə əməl etməsini təmin etmək məqsədi daşıyır.

Hüquq müdafiəçiləri Azərbaycanda 340 siyasi məhbusun olduğunu bildirirlər, lakin hakimiyyət bu rəqəmi tanımır.

Ana səhifəSiyasətAzərbaycan vətəndaş cəmiyyəti nümayəndələri Avropa Şurasına müraciət ediblər