“Meydan TV işi” üzrə həbs olunmuş jurnalist Ülviyyə Əli (Quliyeva) saxlanıldığı Bakı İstintaq Təcridxanasından yazır:
Onun yazdıqlarını olduğu kimi davam edirik:
“Oktyabrın 23-də vəkillərimdən biri mənimlə görüşə gəlmişdi. Öncədən eşitdim ki, artıq vəkillə görüşlərin keçirildiyi istintaq otağında da məhbusların üzərində axtarış-baxış həyata keçirilir. Vəkillə görüşə getməmişdən əvvəl məktub hazırladım və cibimə qoyub İstintaq otağına getdim. Qadın nəzarətçi cibimi yoxlayarkən məktubumu “tapdı” və öz cibinə qoyub otaqdan çıxdı. Mən isə yoxlamanın keçirildiyi otaqdan çıxıb vəkilimi çağırdım və məktubun aktlaşdırılmasını istədim. İstintaq otağının rəisi Ruslan adlı şəxs otaqdan çıxıb kiməsə zəng etdi, bir neçə saniyə sonra məni çağırdı və dəstəyi uzatdı. Telefonda Bakı İstintaq Təcridxanasının rəis müavini Əhəd Abdiyev idi. Məktubu kimə yazdığımı soruşdu, mən isə “Ruslan bəy sizə oxuyar” deyib dəstəyi ona uzatdım və məktubumu əlindən götürüb yapışqanını açdım. Məktubda “Bakı İstintaq Təcridxanası, qanunsuz əməllərindən əl çək!” yazmışdım. Məktubu İstintaq otağının rəisinə verib vəkilimlə görüşə keçdim.
Oktyabrın sonuncu həftəsi vəkillərim görüşə gəlmədi, gəlsələr bu etirazımı davam etdirəcəkdim. Lakin bir ümid dedim ki, bəlkə Bakı İstintaq Təcridxanası verdiyim mesajı anlayar və qanunsuz əməlinə davam etməz.
Nəhayət noyabrın 3-də yenidən vəkilim gəldi. İstintaq otağına çatanda gördüm ki, istintaq otağının rəisi dəyişdirilib. Mənə otağa keçib üzərimdə yoxlanılma aparıldıqdan sonra vəkillə görüşə biləcəyimi dedi. Mən isə buna etiraz etdim və vəkilə görüşün konfidensial olduğunu, qanunu pozduqlarını bildirdim. Adətən həbsxanada münasibətimin sadəcə “salam-sağ ol”dan ibarət olduğu vəzifəli şəxslərin sevdiyi bir söz var: “Münasibətləri korlama, problem çıxarma”. Həmin şəxslər bizim siyasi məhbus olduğumuzu bilsələr də, elə hesab edirlər ki, sanki biz hansısa qanunsuz əmələ etiraz edərkən şəxsi düşmənlik məqsədi ilə edirik. Daha bir vacib məqam isə odur ki, istintaq otağının yeni rəisi Şəhriyar Abbasov həm də görüş otağının rəisidir. İnsafən, deyim ki, orada heç vaxt hər hansısa qanunsuzluq etdiyinə şəxsən görməmişəm. Onsuz da anlamaq lazımdır ki, mənim problemim şəxslərlə deyil, qurulan qanunsuz sistem ilə bağlıdır. Həm istintaq, həm görüş otağının məsul şəxsinin eyni şəxs olması doğru deyil. Onun deyimi ilə desək “problem” olanda bunu ikinci tərəfə də yansıda bilər. Şəhriyar Abbasova yoxlamaya etiraz etdiyimi deyəndə kiməsə məruzə etdi və dedi ki, yoxlamaya izn verməsən vəkillə görüşə bilməyəcəksən. Telefonun ardında qərar verən şəxsin kim olduğunu bilmədim, lakin qanunsuz olaraq vəkilimlə görüşə bilmədim və kamerama qaytarıldım. Onu da qeyd edim ki, bu qanunsuz yoxlamaya sadəcə mən məruz qalmıram, təcridxanada vəkillə görüşən hamıya qarşı tətbiq olunur. Yoxlamanın qanunsuz olduğunu dediyim bir müddətcə hüquqlarını bilməyən məhbuslar inkubatora salınırmış kimi otağa yoxlamaya göndərilirdilər. Orada bilirdim ki, mən bu etirazı təkcə özümlə bağlı aparmırdım, həm də təcridxana saxlanılan yüzlərlə dustağın haqqını qorumağa çalışırdım. Hər nə qədər hüquqlarından bixəbər olan bu insanların arasında “ağ qarğa” kimi görünsəm də qanunsuzluğa qarşı israrlı idim.
Təxminən bir saat sonra Elməddin adlı əməliyyatçı gəlib dedi ki, vəkillə görüşə bilməməyimlə bağlı izahat almağı üçün Bakı İstintaq Təcridxanasının rəisi Elnur İsmayılov onu göndərib. Rəis məsələnin araşdırılmasını istəyib. Mən isə hadisəni ətraflı şəkildə yazıb hüquqi əsaslandırma ilə yoxlamanın qanunsuz olduğunu izah etdim.
Elməddin izahatımı alıb getdi. Artıq iş saatının bitməsinə yaxın bir müddətdə əməliyyatçı yenidən gəldi və “Həbs yerlərinin daxili intizam Qaydalarının təsdiq edilməsi barədə Nazirlər Kabinetinin qərarının 36.2-ci maddəsini göstərdi, yoxlamanın qanunsuz olmadığını iddia elədi. Qaydalarda yazılıb ki, həbs edilmiş şəxslərin üzərində, istintaq təcridxanasının ərazisindəki binalarda, kameralarda axtarış, yaşayış sahəsinin ərazisində və istehsalat obyektlərinə baxış tədbirləri həm planlı, həm də qəflətən keçirilir. Lakin, əməliyyatçı Elməddin adlı şəxs həmin qərarın 36.1-ci maddəsini gözardı edirdi. Orada qeyd olunur ki, axtarış-baxış tədbirləri həbs edilmiş şəxslərdən qadağan olunmuş əşyaların götürülməsi, gizli saxlancların (tayniklərin) və qaçış üçün hazırlanmış yerlərin aşkar edilməsi, habelə gizlənmiş həbs edilmiş şəxslərin tapılması məqsədi ilə həyata keçirilir, axtarış—baxış tədbirləri zamanı texniki vasitələrdən istifadə edilir.
- 36.5. Həbs edilmiş şəxslər üzərində axtarış aşağıdakı hallarda mütləq qaydada aparılır:
- 36.5.1 istintaq təcridxanasına daxil olarkən və oradan çıxarkən;
- 36.5.2. cərimə təcridxanasına, birnəfərlik kameraya keçirilərkən və oradan azad edilərkən;
- 36.5.3. görüşdən əvvəl və sonra;
- 36.5.4. rejimi pozduqda və ya cinayət törətdikdə.
Bu maddələrin heç birində vəkillə görüş zamanı yoxlanılmaya dair hər hansı nəsə yoxdur.
Qeyd edim ki, burada sadaladığım bütün hallarda yoxlanılmışam və buna etiraz etməmişəm. Elməddinə həm Cinayət Prosessual, həm Cinayət Məcəlləsini, həm də Konstitusiyanı pozduqlarını dedim, o isə “sizi səhv çıxarmaq üçün gəlməmişəm,” – deyib getdi.
Noyabrın 4-də vəkilimə zəng etmək üçün telefon istədim, lakin vəkilimə zəng etməyə icazə verilmədi və yenə də müdafiə hüququm pozuldu. Onu da qeyd etmək lazımdır ki, siyasi məhbuslar qanuni telefon günündən əlavə telefona çıxmaq istəyəndə kimdənsə icazə alınır və sonra telefona çıxarılır, adi dustaqlarda isə bu belə deyil.
Noyabrın 5-də isə Bakı İstintaq Təcridxanasının rəisi Elnur İsmayılov saxlanıldığımız Tibb Sanitar Hissəyə gəldi. Qəbul üçün kameradan çıxarılıb aparıldım, problemi izah etdim, o isə yoxlamanın qanunsuz olmadığını dedi. Hətta qeyd etdi ki, 2 hüquq üzrə təhsili var, mən isə hüquq üzrə təhsili varsa, yoxlamanın qanunsuz olduğunu hamıdan yaxşı bilməli olduğunu bildirdim. Bakı İstintaq Təcridxanası rəisi bundan əvvəl dəfələrlə yaxın qohumumun Təcridxanada saxlanılmasından istifadə edərək onu qəbula çağırıb mənə görə məzəmmət edib. Həmin qohumum məndən çox əvvəl qeyri-siyasi əsaslarla həbs olunub və mənim məsələmə aidiyyəti yoxdur. Hər yazım, digər siyasi məhbuslardan aldığım müsahibələr yayımlananda ona mənimlə bağlı şikayət edirdi ki, mənə necəsə təsir göstərə bilsin. Bunu eşidəndən sonra, telefon danışıqlarından birində anama “əgər yazılarımla bağlı kimsə mənə bir kəlmə söz desə, onu silərəm,” – dedim. Mənim üçün son damla ad günümdə ailəmlə görüşə bilməməyimlə bağlı məsələni ictimailəşdirəndən sonra oldu. Yenə həmin qohumumdan istifadə edərək xəbərin silinməsini istəmişdi. Bunu eşidəndən sonra həmin qohumumla əlaqəmi bir dəfəlik kəsdim. Nəhayət, oktyabrın sonlarında həmin qohumumu cəzaçəkmə müəssisəsinə göndərdilər. Elnur İsmayılov belə bir şeyin baş vermədiyini bildirdi və bunu edənə qarğış etdi. Təcridxana rəisinin, rəsmi vəzifəli şəxslərin dilindən bəddua eşitmək də qarşılaşdığım qəribə şeylərdən biridir.
Rəis ilə danışığımın yekunu olaraq deyim ki, bir daha yoxlamanın qanunsuz olduğuna, onların da bunu bildiyinə əminlik qazandım. Rəis dedi ki, bu təlimatlara uyğun edilir, bu təlimatlara isə o, qərar vermir. Bildirdim ki, “həmin təlimatlarda məhbusun barmağını sındır deyilsə, edəcəksiniz?!”, cavabında: “yox,” – dedi. Dedim: “çünki, qanunsuzdur, elə bu yoxlama da qanunsuzdur, ona görə belə təlimat olmamalıdır”. Elnur İsmayılov manipulyativ şəkildə qeyd etdi ki, “əgər kəlmələrə ilişirsənsə, onda vəkilə getməzdən əvvəl mənim otağımda yoxlanıldıqdan sonra vəkilə aparılarsan,” cavabımda bildirdim ki, “mən kameramdan vəkilə aparılıramsa səbəb və nəticə dəyişmir, üstəlik sizin qəbulunuza gətiriləndə heç vaxt yoxlama aparılmır”. BİT rəisi qeyd etdi ki, “yoxlama təhlükəsizlik məqsədilə edilir, ancaq üzərinizdə axtarış keçirilir, özünüzü müdafiə etmək üçün yazdığınız yazılara baxılmır”. Bu məsələni hüquqi müstəvidə mübahisələndirəcəyimi bildirəndə onun əsəbiləşdiyini gördüm, mənimlə tez-bazar sağollaşdı və qəbul otağından çıxıb yenidən kamerama qayıtdım. Üstündən beş dəqiqə keçdi, Elnur İsmayılov bu dəfə otağımıza girdi və “sizi tutanlar haqqında yazmırsınız, elə məndən yapışmışınız” – dedi. Cavabında dedim ki, “mən ən yuxarıdan, aşağıya qədər bütün qanun pozuntuları barədə yazıram, siz sadəcə özünüz haqda olanları oxuyursunuz yəqin”. Yenə “insanlara yaxşılıq yoxdur,” – deyə məzəmmət etdi, dedim ki, “yaxşılıq qarşılıq gözləmədən olur, qarşılıq gözlənilirsə yaxşılıq deyil”. Daha sonra o, kameranı tək etdi. Başa düşmədiyim isə hüququmun pozulmasından şikayət etməyim niyə kiməsə pislik kimi dəyərləndirilməsi idi.
Noyabrın 7-də yenidən vəkilim gələcəkdi. Həmin gün nəzarətçi həbsxana telefonunu mənə uzatdı və vəkilimin mənə zəng etdiyini dedi. Dəstəyi götürdüm, vəkilim bildirdi ki, gəlib və bu gün görüşmək lazımdır. Artıq başa düşdüm ki, məni vəkilimlə üz-üzə qoymağa çalışırlar. Vəkilimi qınamaram da, çünki Azərbaycanda siyasi işlərə çıxan vəkillərin hansı təzyiqlərə məruz qaldıqlarını bilirik.
Kameramdan çıxarılıb vəkilimlə görüşə aparıldım. İstintaq otağında yenidən yoxlamaya məruz qaldım. Üstəlik, əvvəl sadəcə ciblərim yoxlanılırdısa, indi şalvarımın balağını qaldırıb corablarımın boğaz nahiyəsini, qollarımın altını, alt paltarlarımın rezin hissələri yoxlanıldı. Sənədlərimin olduğu qovluğun yoxlanılmasına isə etiraz etdim və “yoxlama” otağından çıxıb, vəkilimlə görüşəcəyim otağa keçid etdim. Elə təzə oturmuşdum ki, İstintaq və Görüş otağının rəisi Şəhriyar Abbasov otağa daxil olub vəkilimin yanındaca qanunsuz əmələ davam etdi və sənədlərimi vərəqlədikdən sonra birdən qayıtdı ki, “qoy qızları, çağırım, onlar yoxlasınlar”. Aysu Mütəllimova adlı nəzarətçi gəlib sənədlərimə bir-bir baxdı, dəftərlərimin arasını yoxlayıb getdi. İki gün əvvəl “sənədlərin yoxlanılmayacaq” deyən rəisin dedikləri yalan çıxdı.
Təxminlərim doğru idi, təhlükəsizlik adı ilə keçirilən yoxlama birbaşa jurnalist fəaliyyətimə mane olmaq üçün sui-istifadə edilirdi. Halbuki, Həbs yerlərinin daxili intizam Qaydalarının təsdiq edilməsi barədə Nazirlər Kabinetinin qərarının 8.1.14-cü maddəsinə görə mən öz hüquqlarının və qanuni mənafelərinin həyata keçirilməsi ilə bağlı olan sənədləri və yaxud əqli fəaliyyətinin nəticəsi olan yazıları və ya onların surətlərini, o cümlədən təklif, ərizə və şikayətlərinə verilən cavabların surətlərini özümdə saxlamaq hüququna malikəm. Nəticə olaraq artıq əminəm ki, əgər Bakı İstintaq Təcridxanasının hansısa qanunsuz əməlindən şikayət etmək istəyirsənsə, bunun qarşısını almaq üçün daha bir qanunsuz əməl törədəcəklər. Çox uzaq keçmişdə olmayan hadisələri nümunə gətirim, “AbzasMedia” əməkdaşları BİT barədə yazı yazanda da “Toplum TV işi” ilə bağlı həbs olunan Əli Zeynal burada şəraitdən şikayət edəndə də ailəsi ilə görüşləri, telefon danışıqları və vəkillə görüşünə mane törədilib. Yəni BİT rəhbərliyi hansısa qanunsuz əməl edəndə onun ictimailəşdirilməməsi üçün başqa qanunsuz əməli etməkdən çəkinmir.
Mövcud vəziyyəti nəzərə alaraq vəkilimə dedim ki, “sizə təhlükə yaranmasın deyə və Vəkillər Kollegiyasında problem çıxmasın deyə mənə qarşı törədilmiş qanun pozuntularının şikayətlərini özüm yazacam”. Beləliklə, özümüzü günahkar hiss etdirməklə BİT rəhbərliyi bizi həm də müdafiəsiz qoymaq niyyətindədir. Hamımıza aydındır ki, Vəkillər Kollegiyasına şikayət vəkilin aradan çıxarılması ilə nəticələnə bilər. Artıq Azərbaycanda vəziyyət o həddə çatıb ki, müvəkkil vəkilini qorumaq məcburiyyətində qalır. Bu davranışlar qorxu salır, çünki siyasi məhbusları müdafiə edən vəkillər onsuz da barmaqla sayılacaq qədərdir və heç kim özünə problem istəmədiyi üçün həmin insana yaxın durmaq istəməyəcək, avtomatik olaraq şəxs müdafiəsiz qalacaq.
BİT-də saxlanıldığım 6 ay müddətində mənə olunan üstüörtülü təhdidlərə xəbərdarlıqlara məhəl qoymurdum, çünki necəsə yola verib özüm həll edirdim. Ümumilikdə isə hər xırda məsələnin ictimailəşdirilməsinə, gündəmi zəbt etməyə qarşı mövqedəyəm. Bu yazını yazmadan öncə də sakit şəkildə nəticəsini əvvəlcədən bildiyim məhkəməyə şikayət verəcəkdim. Lakin düşündüm ki, Bakı İstintaq Təcridxanasında təkcə mənim yox, digər məhbusların da hüquqlarının pozulduğunu hamı bilməlidir.
Təhlükəsizlik adı altında məhbusların müdafiəçisi ilə konfidensial görüş hüququ pozulur.
Bu hərəkət, ilk növbədə, Konstitusiyanın 61-ci maddəsində təsbit olunmuş hər kəsin keyfiyyətli hüquqi yardım almaq hüququnu zədələyir. Belə ki, hüquqi yardımın konfidensiallığı təmin edilmədən onun keyfiyyətindən danışmaq mümkün deyil. Sənədlərin yoxlanılması “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 15.2-ci maddəsinin tələblərinə zidd olaraq, qanunvericiliklə müəyyən olunmuş qaydada müdafiə və ya təmsil edilən şəxslə təklikdə, maneəsiz görüşüb danışmaq hüququ pozulur. Vəkil ilə müdafiə taktikası qurarkən otağa İstintaq otağı rəisinin girib sənədləri vərəqləməsinin qanunun müvafiq bəndindəki maneə ifadəsinin təsir dairəsinə düşdüyü əslində kifayət qədər açıqdır. Eyni hal Cəzaların İcrası Məcəlləsinin 81.9-cu maddəsində qeydə alınır ki, tərəflər istədikdə vəkillə görüş təklikdə olmalıdır. Təcridxana vəkil və müvəkkildən soruşmadan onların görüşün konfidensiallığına dair iradə ifadəsini özləri təyin edir. Məhkumla vəkilin görüşü konfidensial şəraitdə, yəni nəzarətçilərin görə biləcəyi, lakin eşidə bilməyəcəyi tərzdə keçirilməlidir. Sənədlərin məzmununa baxılması bu “eşitməmə” (məlumat almama) baryerini faktiki olaraq aradan qaldırır.
Beynəlxalq hüquq müstəvisində sənədlərin vərəqlənməsi İnsan Hüquqları üzrə Avropa Konvensiyasının 8-ci maddəsi ilə qorunan “şəxsi həyata və yazışmalara hörmət” hüququna birbaşa müdaxilədir. Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) presedent hüququna (Kempbel Birləşmiş Krallığa qarşı işi) görə, vəkillə məhbus arasındakı yazışma və sənədləşmə “imtiyazlı” hesab olunur və onların məzmununun oxunması yolverilməzdir. Təhlükəsizlik məqsədilə yoxlama yalnız qadağan olunmuş əşyaların (məsələn, kəsici alətlərin) aşkar edilməsi üçün texniki baxışla məhdudlaşmalı, mətnin oxunmasına yol açmamalıdır. Məhkəmə həmin işdə vəkil–müştəri yazışmasının gizliliyini ədalətli məhkəmə hüququnun əsas elementlərindən hesab etdiyinə görə bu 6-cı maddənin dairəsinə doğru da genişləmiş olur.
Bakı İstintaq Təcridxanasının rəhbərliyinin fəlsəfəsi isə belədir: qanunsuzluğa etiraz edən birisənsə, deməli, problemli dustaqsan. Bu fəlsəfə isə az qala qanuni oğru fəlsəfəsi ilə yaxındır, onların yazılmamış qaydalarını pozanda səni düşmən kimi görür, ona pislik edirmiş kimi identifikasiya edir, qisasçılıq edir və passiv aqresiya nümayiş etdirirlər. Halbuki, istədiyin tək şey qanunların pozulmaması və ədalətli davranışdır.
Məsələn, telefon danışıqlarını dinləyən Rövşən adlı şəxs qərar verir ki, sən telefona hansı saatda çıxa bilərsən. Əgər son zamanlar özünü “ağıllı” aparmamısansa və telefonda xoşuna gəlməyən nəsə demisənsə passiv aqresiya göstərir. Nəzarətçidən saat 11 radələrində telefona çıxmağı xahiş etsən də, həmin Rövşən adlı şəxs “12-də çıxar, nazı ilə çox oynama” deyir. Saat 12 gəlir, nəzarətçi sənə 12 deyib deyə yenidən telefona çıxmaq istəyirsən, bu dəfə həmin şəxs zəngi bir az da təxirə salır. Yaxud bundan əvvəl nəyinsə icazəsini almısansa, özünü “ağıllı” aparmamısan deyə artıq “mümkün olmur”. Həbsxanada verilən hər imtiyaz sənə itiriləcək nəsə yaradır və bəzən insan özünü itirəcək şeylərdən azad etməlidir ki, bu sənə qarşı istifadə olunmasın.
10 noyabr tarixində təxminən saat 12 radələrində məni yuxudan oyatdılar ki, qəbula çıxmalıyam. Kimin qəbuluna soruşduqda bir əməliyyatçı və rəisin növbətçi köməkçisini gördüm. Soruşdum ki, nə etmişəm? Dedilər “sən yaxşı bilirsən”. Əl-üzümü yuyub kameradan çıxarıldım. Əməliyyatçı qeyd etdi ki, mən insanları aclıq aksiyasına səsləmişəm və bununla bağlı izahat yazmalıyam. Əlavə olaraq onu deyim ki, Tibb Sanitar Hissədə “Meydan TV işi” üzrə həbs olunmuş 6 qadın və avqustda həbs olunan 6 inanclı qadının üçü burada ayrı kameralarda saxlanılır. Noyabrın 9-dan həmin inanclı qadınlar həbs qətimkan tədbirinin müddətinin 2 ay uzadılması ilə bağlı aclıq aksiyası edirlər. Əməliyyatçıya belə bir şey demədiyimi bildirdim, o isə “bizə siqnal belə gəlib, dedilər nəfəslikdən səs-küy salmısan, demisən ki, aclığı dayandırmasınlar” – dedi. Cavabımda dedim ki, “rəis müavini Əhəd Abdiyev aclığı dayandırmasanız, karsa salınacaqsınız deyib, mən də onlara bildirmişəm ki, siyasi məhbuslar aclıq aksiyası edəndə dayandırmaları üçün belə təzyiqlər olur”. Əməliyyatçı aclıq aksiyasına başqa adamları səsləyib-səsləmədiyimi soruşduqda isə “Meydan TV işi” ilə bağlı həbs olunanların inanclı qadınlara bir aidiyyəti olmadığını və buna səsləməyimin məntiqsiz olduğunu dedim. Üstəlik, əgər bir adamın aclıq etmək potensialı üç gündürsə, mənim 40 gün aclıq aksiyası keçir deməyimin nə əhəmiyyət ola bilər? İzahatı yazdıqdan sonra əməliyyatçı və rəisin növbətçi köməkçisi getdi.
Mənim buradan başa düşdüyüm bu idi ki, vəkil məsələsi ilə bağlı etirazımdan sonra həbsxana rəhbərliyi mənim necə hərəkət edəcəyimi yoxlayır və məni problemli məhbus kimi qələmə verməyə çalışır. Məsələ ondadır ki, hətta onların iddia etdiyi kimi ifadələr işlətsəm, bu qanunsuz deyil, amma fərziyyəni məntiqə sığdıra bilməmişdilər.
Həbsxanaya düşəndən sayını itirdiyim qədər izahat yazmışam. Bu izahatların nəticəsi barədə heç vaxt sənə məlumat verilmir, sadəcə şəxsi işinə əlavə olunur.
Həbsxana rəhbərliyi öz səhvini düzəltməkdənsə xaotik şəkildə hərəkətlər edirdi və bunların hamısında qanunsuzluq üstünə qanunsuzluq edirdi:
- Vəkilə gedərkən qanunsuz yoxlama
- Məni vəkilə buraxmamaq
- Vəkilimi hədələmək
- Mənim şikayətimin qarşısını almağa çalışmaq
- Məni vəkilsiz buraxmağa çalışıb müdafiə hüququmu pozmaq
- Dolayı yolla məni digər vəkillərlə də müdafiə olunmaq hüququmdan çəkindirmək
- Məni problemli məhbus kimi qələmə vermək
Halbuki, etdikləri ilk qanunsuz hərəkətdən çəkinsələr bu qədər qanunsuzluq davam etməyəcəkdi. Bir də həbsxanada tez-tez eşitdiyim bir söz var: “filankəsi sakitləşdir,”. Hansısa məhbus nəyəsə etiraz edəndə işçilərə tapşırırlar ki, onu sakitləşdirsinlər və işçi məhbusla söhbət edərkən onun “qazını” almağa çalışır. Məsələ, çox sadədir, məhbusun haqlı tələbi yerinə yetirilsə o sakitləşər, amma işçilər sadəcə malalamaqla məşğul olurlar, problem isə həll olunmur.
Noyabrın 14-də yenə vəkilim gəlmişdi, bu dəfə məni yoxlamaq üçün Görüş otağına apardılar. Bakı İstintaq Təcridxanasının rəhbərliyi bunu qanunsuzluğa don geyindirmək üçün edirdi, belə ki, qanunda vəkillə görüşə gedərkən yoxlama qanunsuz olduğundan daxili qaydalara görə inzibati binalarda nəzərdə tutulan yoxlamadan istifadə edirlər.
Bu dəfə nəzarətçi Aysu Mütəllimova məni xüsusi cihazla yoxladı, daha sonra ciblərimin astarını çölə çıxarmağımı, çantamdakı sənədləri özümün vərəqləməyini istədi. Buna qədər hər şey normal idi, ta ki, nəzarətçi üzərimdə əlləriylə də baxış keçirmək istəyənədək. Yenə buna etiraz etdim: “əgər əl ilə yoxlanalırıqsa cihazlara nə ehtiyac var, ya əksinə cihazla yoxlanılırıqsa, ələ nə ehtiyac var?” – dedim.
Etirazımdan sonra nəzarətçi kiməsə məruzə etdi, dedi ki, rəis müavini Cavid Güləliyev “yoxlanılmırsa vəkilə buraxılmayacaq”, – deyə bildirdi.
Artıq ikinci dəfə vəkilimin mənlə görüşməmiş getməsini istəmədiyim üçün və ona hörmətsizlik olmasın deyə razı olmağa məcbur qaldım.
Bakı İstintaq Təcridxanası, müdafiə hüququmu dəfələrlə pozmuşdu, BİT rəisi Elnur İsmayılov isə vəkillərimdən birini hüquq pozuntusu barədə şikayət ediləcəyi təqdirdə Vəkillər Kollegiyasına şikayət edəcəyi ilə təhdid etmişdi.
Vəkilimi qorumaq üçün ondan müdafiəmdən çəkilməsini istədim, çünki mənə görə ona zərər gəlməsini istəmədim.
Bu yazıdan sonra ehtimal edirəm ki, həbsxana rəhbərliyi ailəmlə görüşə, telefon danışıqlarıma qadağa qoya, vəkillərimi “zərərsiz” hala gətirə bilərlər. Biz Bakı İstintaq Təcridxanasında ikiqat təcrid yaşayırıq, sadəcə tək qalmayaq deyə yanımızda bir dustaq qalır, özümüz isə Təcridxananın Tibb Sanitar Hissəsində saxlanılırıq. Qadın korpusunda baş verənlərdən tamamilə xəbərsiz vəziyyətdəyik, onsuz orada baş verənləri də həmkarlarım olan “AbzasMedia”-nın jurnalistlərindən öyrənmişik. Bizim azadlıqla bağlantımızı təmin edən yeganə şəxslər isə ailəmiz və vəkillərimizdir. Bizi artıq onlardan da məhrum edirlər. Ola bilər ki, siyasi məhbuslarla bu cür davranış kimlər üçünsə hakimiyyətin gözündə vəzifə yüksəlişi və “baş ucalığı” kimi görünür. Onsuz da, ölkə belə qanunsuz əməlləri törədənlərin əlindədir. Sizlər qanunsuz qərarlar çıxaran məhkəmələrə güvənir, elədiyiniz qanun pozuntularının cəzasız qalacağını bilirsiniz, bundan əmin şəkildə vəzifədən vəzifəyə keçid edirsiniz. Bizlər sizin əsirliyinizdə olsaq da “ağ qarğa” kimi görsənsək də mütləq sizə “Dur!” deyəcəyik.
Qeyd: Təxminən bir ay sonra, 30 noyabrda təkbaşına elədiyim etiraz artıq nəticə verdi və mən və bütün digər məhbuslar texniki vasitələrlə yoxlanılırıq, müdafiə sənədlərimiz açılıb oxunmur”.