Yanvarın 22-də Bakı Apellyasiya Məhkəməsində Çexiyanın Karlova Universitetinin doktorantı, elmi tədqiqatçı Bəhruz Səmədovun Qobustan həbsxanasına köçürülməsi ilə bağlı verilmiş şikayətə baxılıb.
O, 2025-ci il dekabrın 1-də 1 il müddətinə Umbakı qapalı tipli həbsxanasının ağır rejimli hissəsinə köçürülüb.
Prosesə hakim Murad Məmmədov sədrlik edib.
Bu barədə Səmədovun nənəsi Zibeydə Osmanova Meydan TV-yə məlumat verib.
Bəhruz Səmədov məhkəməyə bir neçə vəsatət təqdim edib.
O, bir neçə dəfə intihara cəhd etdiyini qeyd edərək bildirib ki, psixoloji vəziyyəti ilə bağlı ekspertiza keçirilməlidir. Səmədov həmçinin daha bir vəsatət verərək, həbsxana rəisi Şakir Qəniyevin iş üzrə şahid kimi dindirilməsini tələb edib.
Daha sonra vəkil Zibeydə Sadıqova məhkəməyə 2 vəsatət verib. Sadıqova bildirib ki, Bəhruz Səmədovun saxlanılarkən üstündə axtarış aparılan zaman etiraz etməsi və qaydanı pozması ilə bağlı kamera görüntüləri məhkəməyə təqdim olunsun.
Sadıqovanın digər vəsatəti isə protokol tərtib edən əməkdaşların məhkəmədə şahid qismində dindirilməsi olub.
Hakim vəsatətləri təmin etməyib.
Bəhruz Səmədov məhkəmədə çıxış üçün hakimdən vaxt tələb edib.
Növbəti məhkəmə prosesi yanvarın 29-na təyin olunub.
O, 2024-cü il avqustun 21-də Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.
O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham olunub.
Bəhruz Səmədov ittihamı qəbul etmir, özünü təqsirli bilmir.
O, 2025-ci il iyunun 23-də 15 il azadlıqdan məhrum edilib.