Həbsxanadakı qazanclarımdan biri…

Xəyalə Ağayeva. İllüstrasiya: Meydan TV

Yanvarın 18-də Meydan TV-nin həbsdə olan əməkdaşı Xəyalə Ağayevanın doğum günüdür. Bu münasibətlə Meydan TV-nin həbsdə olan baş redaktoru Aynur Elgünəş Xəyalə Ağayevaya təbrik məktubu yazıb:

İkinci ildir doğum gününü dəmir barmaqlıqlar arasında qarşılayır, Xəyalə. O, Meydan TV-nin ən balaca videoreportyorudur. Yəqin elə bu səbəbdən bütün şıltaqlığı, ərköyünlüyü hamımıza şirin gəlir.

Xəyalə həm də həbsxana həyatımdakı ən böyük qazanclarımdandır. Həyatının gətirdiyi bütün ağrıları şaqraq gülüşünün, gülən gözlərinin arxasında o qədər məharətlə gizləyir ki, sən ondan ancaq xoş enerji ala bilirsən. Qayğıkeşliyi, anlayışı, lazım gələndə ötkəmliyi yaşının çox üstündədir. Ən başlıcası gözüyumulu etibar ediləsi biridir. İndi belə adamları tapmaq üçün bütün ömrü fəda etmək lazım gəlir. Biz şanslıyıq.

 Aramızdakı yaş fərqinə baxmayaraq, ürəyimi ən rahat aça bildiklərimdəndir.

Həbsimizə qədər Xəyalə mənim üçün geniş yaradıcılıq potensialı olan, hadisələrə fərqli baxış bucağından baxan bir reportyor idi. Ədalətli yanaşmasını xatırlatmıram, bu, hamısında var. Burada isə onu dadlı yeməklər bişirən, kitabsevər, mütaliəsi ilə hamımızı üstələyən biri kimi kəşf etdim.

Əslində onun haqqında çoxdan yazmaq istəyirdim, doğum günü bir bəhanə oldu. İstərdim ki, yeni yaşında həll edəcək problemi qalmasın. Üzündən gülüş, qəlbindən həyat eşqi əskilməsin. Ona haqqı olan azadlığı arzulayıram!


Aynur Elgünəş.

Ana səhifəHəbsxanadan məktublarHəbsxanadakı qazanclarımdan biri…