“Xəbərim olmadan iki vəzifə daşıyırdım, etiraz etdim – işdən çıxarıldım”

İllüstrasiya: Meydan TV

“Mənim işdən kənarlaşdırılmağıma səbəb özümün də xəbərim olmadığı iki vəzifə daşıdığımın üzə çıxması oldu. Beş il ərzində adım başqa vəzifədə göstərilib, amma bundan xəbərim olmayıb. Bu halın qanun pozuntusu olduğunu səsləndirdiyim üçüm işdən çıxartdılar. Bir alimi yetişdirmək bu qədər asandırmı ki, bir imza ilə işdən uzaqlaşdırılsın?”.

Bu sözləri Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun elmi işçisi, nevroloq Mərziyyə Məmmədova Müstəqil Həmkarlar Birliyi və “Qarabağ əlilləri və veteranları” İctimai Birliyinin təşkil etdiyi tədbirdə səsləndirib.

Tədbir son illər səhiyyə və “Azəriqaz” sistemində baş verən qanun pozuntularına və ixtisara düşmüş işçilərin problemlərinə həsr olunmuşdu.

İki vəzifə, bir imza və işdən çıxarılma

Səhiyyə üzrə elmi işçi Mərziyyə Məmmədova bildirib ki, vaxtilə həkim-statistik kimi çalışdığı və bu vəzifədən azad olunmasına dair əmr verilməsinə baxmayaraq, adı tibbi kadrların vahid reyestrində uzun müddət aktiv qalıb. Sonradan məlum olub ki, işdən çıxarılma ilə bağlı əmr yalnız kağız üzərində mövcud olub və həmin vəzifə üzrə ona əməkhaqqı da yazılıb.

Bundan sonra M.Məmmədova və digər elmi işçilər institutda baş verən qanunsuzluqlar və korrupsiya faktları ilə bağlı Prezident İlham Əliyevə müraciət ediblər. Onun sözlərinə görə, bu müraciətdən sonra həm ona, həm də digər işçilərə qarşı təzyiqlər başlanılıb.

M.Məmmədova deyir ki, onun haqqında həqiqətə uyğun olmayan, saxta sənədlər əsasında təqdimatlar hazırlanaraq işdən çıxarılıb. O, eyni zamanda Səhiyyə Nazirliyində ictimai əsaslarla mütəxəssis-ekspert kimi fəaliyyət göstərib. Məmmədova məhkəməyə, Əmək Müfəttişliyi Xidmətinə, Səhiyyə Nazirliyinə, Baş Prokurorluğa və Ombudsman Aparatına müraciət etdiyini bildirib.

“Mən bir elmi işçiyəm və hansı meyarlara əsasən işdən çıxarılmışam? Heç bir müraciətimiz, təşəbbüslərimiz dinlənilmir. 22 ildir eyni institutda çalışıram, müxtəlif nazirlər görmüşəm. Əvvəllər vətəndaş şikayət edəndə rəsmi cavab verilirdi. İndi isə müraciətlər cavabsız qalır. Prokuror mənimlə mübahisə edir ki, ərizdə göstərdiyim maddənin tərkibi yoxdur. Əgər yoxdursa, bunu rəsmi cavabla bildirsinlər. Səhiyyə Nazirliyinə məktub yazıram, yenə cavab yoxdur. Məhkəməyə müraciət etdikdən sonra isə nazirlik cavab yazır ki, iş məhkəmədədir və müdaxilə edə bilmərik. Halbuki artıq beş aydır ki, nazirliyə müraciət etmişəm”, – deyə M.Məmmədova vurğulayıb.

Onun sözlərinə görə, həmkarlar təşkilatları da baş verən qanun pozuntuları zamanı işçinin deyil, müəssisə rəhbərliyinin mövqeyini müdafiə edir: 

“Əməkhaqqımızdan 3 faiz həmkarlar təşkilatına üzvlük haqqı kimi tutulurdu. Bu vəsaitlərin hara xərcləndiyi barədə niyə hesabat verilmir? Niyə mənim üzvü olduğum həmkarlar təşkilatının sədri işdən uzaqlaşdırılma prosesimdə iştirak edir? Təşkilat sədri mənimlə kobud şəkildə davranır, üstümə qışqırır. Biz sözümüzü kimə deməliyik? İctimai birlik kimi bu təşkilatın əsasnaməsində yazılanlarla faktiki icra edilənlər arasında ciddi fərqlər var. O zaman bu əsasnamə niyə yazılıb?”.

Mərziyyə Məmmədova həmçinin qeyd edib ki, 2020-ci ildə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən təsdiqlənən əməkhaqqı əlavələri həkimlərə və kiçik tibb personalına tam şəkildə verilmir. Bununla bağlı dövlət qurumlarına və həmkarlar təşkilatına müraciət etdikdə isə “biz yalnız tövsiyə verə bilərik” cavabını alıblar.

Attestasiya adı altında ixtisarlar

“Azəriqaz”ın Salyan Regional Qaz İdarəsinin ixtisara salınmış iqtisadçısı Pərvanə İsmayılova isə çıxışında bu sahədə keçirilən attestasiyanı “tamaşa” adlandırıb. Onun sözlərinə görə, attestasiya adı altında işçilər ixtisara salınıb, halbuki bütün regional idarələrin hamısında yeni ştat vahidləri ayrılıb:

“İşlədiyim şöbədə də ştat yeri ayrılmışdı. Bülletendən qayıdandan sonra həmin ştatlardan birinə qəbul edilmək istədim, lakin rəis razı olmadı. Mənimlə birlikdə şöbəmizdən üç nəfər işdən çıxarıldı. Daha sonra yeni vakansiyalar açıldı və rəhbərlik qohum-əqrabalarını o ştatlata yığmağa başladı”.

P.İsmayılova əlavə edib ki, son aylarda “Azəriqaz”da əmək qanunvericiliyinə zidd şəkildə attestasiya adı altında tamaşa təşkil edilir və guya işcilərin bilik dərəcəsi yoxlanılır: 

“Bütün keçmiş işçilərə deyirlər ki, ya öz xahişinizlə ərizə yazın, başqa idarəyə daha aşağı vəzifə ilə keçirək, ya da ixtisara salacağıq. Attestasiyanın keçirilməsi ilə bağlı əmr, protokol və imtahanı keçirən şəxslərin səlahiyyəti barədə sənədlər tələb edildikdə isə heç bir cavab verilmir. Hamıya eyni şablon cavab verilir ki, “narazısansa, məhkəməyə müraciət et’. Lakin mediasiya və vəkil xərcləri yüksək olduğundan çoxları bu addımı ata bilmir”.

Müstəqil Həmkarlar Birliyinin sədr müavini Əhməd Rəhmanov çıxışında bildirib ki, istər dövlət, istərsə də qeyri-dövlət sektorunda əmək hüquqlarının pozulmasının əsas səbəbi bu sahəyə birbaşa nəzarət etməli olan Dövlət Əmək Müfəttişliyi Xidmətinin səmərəsiz fəaliyyətidir.

Onun sözlərinə görə, son illərdə “lazımsız yoxlamaların dayandırılması” ilə bağlı verilən göstərişləri özlərinə sərf edən şəkildə şərh edirlər: 

“Hətta vətəndaş şikayətləri olduğu halda belə, müfəttişlik sadəcə şikayəti aidiyyəti quruma göndərməklə və ondan hesabat almaqla öz vəzifəsini görmüş hesab edir”.

Rəhmanov vurğulayıb ki, təqdim edilən cavabların reallığı əks etdirib-etdirmədiyini yoxlamaq üçün müəssisələrdə monitorinqlər aparılmır ki, bu da işəgötürənlərə sənədlərdə bir, reallıqda isə tam fərqli mənzərə yaratmağa şərait yaradır.

Müzakirələrin sonunda mövcud problemlərlə bağlı yekun müraciətin hazırlanması barədə qərar qəbul olunub.

Ana səhifəSosial“Xəbərim olmadan iki vəzifə daşıyırdım, etiraz etdim – işdən çıxarıldım”