Solovyov: Rusiya Ermənistana qarşı “xüsusi hərbi əməliyyat” başlaya bilər

Solovyov və Putin, foto: Kremlin.ru

Kremlin ən tanınmış təbliğatçılarından biri olan Vladimir Solovyov Rusiyanın Ermənistana qarşı “xüsusi hərbi əməliyyat” (Rusiyanın Ukraynaya qarşı tammiqyaslı işğalını adlandırmaq üçün istifadə etdiyi termin) başlatmaqda haqlı ola biləcəyini irəli sürüb.

OC Media yazır ki, bazar günü efirə gedən televiziya proqramında təhqiramiz ifadələrlə dolu monoloqunda Solovyov ABŞ-nin Venesuelaya son müdaxiləsinə toxunaraq, bunun Rusiyanın uzunmüddətli müttəfiqi olan Prezident Nikolas Maduronun ələ keçirilməsi ilə nəticələndiyini qeyd edib.

“Bizim üçün Ermənistandakı hadisələr Venesueladakılardan qat-qat daha ağrılıdır. Ermənistanı itirmək nəhəng bir problemdir”, – deyə Solovyov bildirib.

“Biz məqsədlərimizi dəqiq müəyyənləşdirməliyik. Oyun vaxtı bitib. Cəhənnəm olsun beynəlxalq hüquq və qlobal nizam. Əgər milli təhlükəsizliyimiz naminə Ukrayna ərazisində (xüsusi hərbi əməliyyat) başlatmaq zəruri idisə, eyni mülahizələrə əsaslanaraq təsir dairəmizin digər nöqtələrində niyə başlatmayaq?”.

Solovyov şərhlərində Mərkəzi Asiyanı da “bizim Asiya” adlandırıb və bölgənin Qərbə yönəlməsinin “nəhəng bir problem” olacağını bildirib.

Bu çıxışdan sonra Rusiya səfiri Sergey Kopırkin Ermənistan Xarici İşlər Nazirliyinə çağırılıb.

Ermənistan XİN-in məlumatına görə, səfirə dövlət telekanalının efirində verilən bəyanatlardan dərin hiddət ifadə edən etiraz notası təqdim olunub. Dövlət telekanalının proqramının efirində verilən bəyanatların Ermənistan Respublikasının suverenliyinə qarşı qəbuledilməz təcavüz, düşmənçilik təzahürü olduğu və Ermənistanla Rusiya arasında dostluq münasibətlərinin təməl prinsiplərini kobud şəkildə pozduğu səfirin diqqətinə çatdırılıb.

Hakim “Vətəndaş Müqaviləsi” partiyasından olanlar da daxil olmaqla ayrı-ayrı siyasətçilər Solovyovun fikirlərini pisləyib və 2013-cü ildə o zamankı prezident Serj Sarqsyan tərəfindən Solovyova təqdim edilmiş dövlət mükafatının geri alınmasını tələb ediblər.

“Şərəf ordeni” adlı bu mükafat Solovyovun “Ermənistan-Rusiya dostluğunun inkişafına və möhkəmləndirilməsinə verdiyi töhfəyə görə” təqdim edilmişdi. Həmin vaxt yayılan rəsmi Ermənistan bəyanatında belə deyilirdi.

Hakim “Vətəndaş Müqaviləsi” partiyasından deputat Arusyak Julhakyan bazar ertəsi bildirib ki, Solovyovun açıqlamaları “Ermənistana qarşı düşmən münasibətin təzahürüdür” və ən azı onun mükafatının ləğv edilməli olduğunu vurğulayıb.

Antaqonizm və qızışdırıcı bəyanatların tarixçəsi

Solovyov qalmaqallara yad deyil; onun Ukrayna və Qərb əleyhinə düşməncəsinə və aqressiv çıxışları tez-tez gündəmə gəlir. Bunlara Kiyevə qarşı nüvə silahından istifadə çağırışları və Aİ paytaxtlarını raketlərlə vurmaq təhdidləri daxildir.

Ermənistanın Rusiya ilə münasibətləri pisləşdikcə, Solovyov hökuməti və Baş nazir Nikol Paşinyanı da tənqid edib və təhqir edib ki, bu da 2024-cü ildə onun televiziya proqramının Ermənistanda bloklanması ilə nəticələnib.

2025-ci ildə Solovyov Ermənistan hökumətini “korrupsiyalaşmış, iyrənc, dəyərsiz” adlandırıb və onu “Ermənistan tarixini satmaqda” ittiham edib. O, Paşinyanı da təhqiramiz şəkildə “Türkol” – adının (Nikol) və “türk” sözünün birləşməsi adlandırıb.

“Bununla belə, görünür ki, bazar günü səsləndirdiyi fikirlər “son illərdə Rusiya dövlət mediasında Ermənistana müdaxilə ilə bağlı yayımlanan ən açıq ictimai çağırışlardan bəzilərini əks etdirir”, – deyə erməni mediası CivilNet bazar ertəsi yazıb.

Lakin bu, Solovyovun son aylarda Cənubi Qafqazda hərbi müdaxilə ilə hədələdiyi ilk hal deyil.

Azərbaycanla münasibətlərin pozulması fonunda Solovyov 2025-ci ilin avqustunda bildirib ki, Xəzər dənizində NATO bazasının yaradılmasının qarşısını almaq üçün yeni bir “xüsusi hərbi əməliyyat” zəruri ola bilər.

Bu yazı ingilis dilindən tərcümə edilmişdir. Yazının əslini OC Media-dan oxuya bilərsiniz.

Ana səhifəXəbərlərSolovyov: Rusiya Ermənistana qarşı “xüsusi hərbi əməliyyat” başlaya bilər