Gürcüstanın keçmiş Baş naziri İrakli Qaribaşvili həbs edilib. Bu haqda məlumatı Gürcüstan Baş Prokurorluğu yayıb.
Məlumata görə, Qaribaşvili xüsusilə külli miqdarda qanunsuz gəlirlərin leqallaşdırılmasında ittiham olunur. O, 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Bundan əlavə, keçmiş Baş nazirə 1 milyon lari (təxminən 371 min dollar) miqdarında cərimə tətbiq olunub və cinayət yolu ilə əldə olunmuş pullar müsadirə ediləcək.
Prokurorluq bildirir ki, Qaribaşvili 2019-cu ildən 2024-cü ilə qədər müdafiə naziri və Baş nazir postlarında çalışdığı dövrdə müxtəlif kommersiya fəaliyyətləri ilə məşğul olub, bunlardan qanunsuz gəlir əldə edib, gəliri vergi bəyannamələrində isə “ailə üzvündən hədiyyə olaraq pul alması” kimi göstərib.
Məhkəmə prosesində Qaribaşvili ittihamı qəbul edib. Prokurorluğun açıqlamasına görə, o, cinayət yolu ilə əldə olunmuş təxminən 7 milyon dollar dəyərində pul və aktivlərə sahib olub və bu məbləğlərin bir hissəsi artıq ondan müsadirə edilib.
Bundan əvvəl Gürcüstan hakimiyyəti Qaribaşvili və onun yaxın çevrəsinə aid olduğu deyilən bir sıra evlərdə axtarışlar aparmışdı. Prokurorluq bu əməliyyatlar zamanı böyük məbləğdə pul və digər aktivləri müsadirə etmişdi.