Ülviyyə Əli beynəlxalq media mükafatına namizəddir  

Ülviyyə Əli. Foto: Facebook şəxsi səhifəsindən

“Meydan TV işi” üzrə həbsdə olan jurnalist Ülviyyə Əlinin (Quliyeva) adı  Free Press Unlimited təşkilatının “Free Press Awards” (Azad Mətbuat Mükafatı) 2025-ci il üzrə finalistlərinin siyahısına salınıb. 

Təşkilat bildirib ki, Ülviyyə Əli “Ən Əzmkar Jurnalist” (Most Resilient Journalist) kateqoriyasında mükafata namizəd göstərilib.

Həmçinin onlar jurnalistin fəaliyyəti dövründə məhkəmələrdən, insan haqları pozuntuları barədə reportajlar, habelə sənədli filmlər çəkməsini yüksək qiymətləndirib.

Bundan başqa təşkilat Ülviyyə Əlinin namizədliyi barədə fikirlərini də öz informasiya platforması vasitəsilə bölüşüb.

“On ildir jurnalistika ilə məşğulam və son səkkiz aydır bu missiyanı həbsxanadan davam etdirirəm. Artıq əminəm ki, bəşəriyyətə xidmət fiziki azadlıqdan daha önəmlidir. Əgər təcrid olunmuş məhbuslar hələ də mənim onların səsini ucaltmağımı istəyirlərsə, jurnalistikanı dayandırmağı düşünmək belə onlara qarşı ədalətsizlik olardı”.

Bu kateqoriya üzrə digər namizəd livanlı fotojurnalist Kristina Assidir. O, 2023-cü ildə Livan–İsrail sərhədində jurnalistlərə qarşı həyata keçirilən hücum zamanı ağır yaralanıb və sağ ayağını itirib. Kristina Assi jurnalistlərə qarşı törədilən cinayətlərin cəzasız qalmasına qarşı mübarizənin simvolu kimi təqdim olunur.

“Free Press Awards 2025”in qalibləri 3 fevral tarixində Niderlandın Haaqa şəhərində, “Nieuwspoort” mərkəzində keçiriləcək “Free Press Live” tədbirində açıqlanacaq.

Jurnalist Ülviyyə Əli (Quliyeva) mayın 7-də Meydan TV ilə əlaqəli cinayət işinə görə həbs olunub.

Ona qarşı əvvəlcə Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

2025-ci il avqustun 28-də “Meydan TV işi” üzrə ittihamlar ağırlaşdırılıb.

Ana səhifəSiyasətÜlviyyə Əli beynəlxalq media mükafatına namizəddir