Jurnalistlərin gedişindən sonra qadın korpusundakı böyük dəyişikliklər: Hava belə pulludur

Bakı İstintaq Təcridxanası. Foto: “coe.int”

“Jurnalistlər buradan gedəndən sonra məhbusların vəziyyəti xeyli ağırlaşıb”. Bakı İstintaq Təcridxanasının (BİT) qadın korpusunda saxlanılan məhbusların Meydan TV-yə göndərdikləri məktubda belə deyilir. Onların sözlərinə görə, AbzasMedia-nın jurnalistləri Lənkəran Penitensiar Kompleksinə aparıldıqdan sonra orada kordinal dəyişikliklər müşahidə olunur. 

“Cuku var!”

Adının açıqlanmasını istəməyən məhbus yaxını deyir ki, bütün məhbusların həftədə iki dəfə telefonla danışmaq hüququ var, əlavə danışıq istəyənlər isə 5 manat ödəniş edirlər. Hər səhər növbə dəyişikliyinə gələn Türkan adlı qadın nəzarətçi, baş nəzarətçi Günel və qadın korpusunun rejim rəisi psixoloq Təranə Quliyeva bir-bir otaqlara girir, hal-əhval tutandan sonra bu gün kimlərin ödənişli əsaslarla telefona çıxacağını soruşurlar. Türkan telefon danışığı üçün alınan rüşvətə “cuku” deyir. Baş barmağı ilə şəhadət barmağını bir-birinə sürtüb, “cuku var” deyə soruşur. Məsələn, otaqda üç nəfər danışmaq istəyirsə, sevinəcək “bugün 15 manat var” – deyir. Türkan zabit olmaq üçün imtahandan keçib, leytenant rütbəsi alandan sonra vəzifəyə gedəcəyini, o vaxta qədər “bir şeylər qazanmaq” lazım gəldiyini az qala hər məhbusa deyir. 

Məhbuslar deyir ki, qadın jurnalistlərin olduğu dövrdə rüşvət gizli şəkildə, küncdə bucaqda alınırdısa, indi açıq şəkildə, kameraların altında alınır. Hətta pullar nəzarətçilərin otağındakı çəkməcədə toplanır, gün sonu bölünür. Dustaqlar yaranan vəziyyətdən narazıdırlar, lakin səslərini heç kimə çatdıra bilmirlər. “Ona görə də məcbur qalıb yaxınlarımız vasitəsilə mediaya məlumat ötürürük” – məhbuslardan biri deyib. 

“Nəfəs almaq pulludur”

“Oktyabrın sonlarından etibarən qadın korpusunda nəfəsliklər bağlanıb. Digər korpuslarda günün müxtəlif saatlarında nəfəslik açılsa da, burada hətta gəzinti yeri bağlandıqdan sonra da qapalı qalır. Nəfəs almaq da pullu olub. Gecədən səhərə qədər nəfəsliyin açıq qalmasını istəyirsənsə, 30 manat ödəməlisən” – məhbus deyib. 

Qadın korpusuna yeni “dəb”də gəlib: hansısa məhbus söz demək istəyirsə, qapını döyüb səs sala bilməz. O, istəyini kağıza yazıb nəfəsliyin bir hissəsindən bayıra çıxarmalıdır. Bu “xahiş kağızı” görülsə, o zaman istəyinə vaxta ayıran tapılacaq. Əksər halda isə bu kağızlar yerə düşür və diqqət yetirən olmur.

“Rəisə yazılan ərizələr” 

Məhbuslar əmindirlər ki, bu hallardan Bakı İstintaq Təcridxanasının rəisi Elnur İsmayılov xəbərsizdir. Çünki onun adına yazılan şikayət ərizələri toplanır, sonra Təranə Quliyeva tərəfindən cırılır. Təranə Quliyeva bunu məhbuslara deməkdən çəkinmir də. Yalnız şəxsi şikayətlərlə bağlı ərizələr pul qarşılığında rəisə çatdırılır, nəzarətçilərdən və ya rejim rəisindən edilən şikayətlər isə heç bir halda çatdırılmır. İstəkdən asılı olaraq, ərizələrin çatdırılması 20-50 manat arasındadır. 

Etiraz edib səs-küy salan məhbusları isə əsasən rəis müavini Cavid Güləliyevin qəbuluna aparırlar. Onun məhbuslarla kobud davranışı, onları aşağılaması səbəbindən çoxu bundan imtina edir, bu da Təranə Quliyevanın işinə yarayır, rəis müavininin bu çatışmazlığından istifadə edərək məhbusları hədələyir. 

Məhbus qadınlar deyir ki, ailə ilə görüşdən gələnlərin də cibinə girirlər. Belə ki, Təranə Quliyeva hər görüşdən gələndən sonra “məni görməyəcəksən?” – deyə məhbuslardan soruşur. Görüş dustaqların qanuni hüququ olsa da, yenə bundan pul güdürlər. Görüşdən gələn məhbus pul vermirsə, qısnamaya, gözüm çıxdıya məruz qalır. Hətta ödəniş etsə belə gündəlik telefona çıxarılmır. Qadınların sözlərinə görə, görüşdə məhbusa pulu təqdim edən nəzarətçi anında bu barədə Təranə Quliyevaya məlumat ötürür. Bu səbəbdən də alınan puldan həmin nəzarətçiyə də “pay” düşdüyü güman edilir. 

Məhbuslar deyir ki, pul yığımında təsərrüfat işçisi kimi işə götürülən, günün böyük hissəsi nəzarətçilərə yemək bişirib, çay daşıyan Ramilə Xəlilovanın da xidmətindən istifadə edilir. Məsələn, “Xoz” əməkdaşı imkanı pis olmayan məhbusların kamerasına yaxınlaşıb, “bugün Təranə xanıma 200 manat lazımdır” – deyir. 

Təranə Quliyevanın daha bir qazanc yeri məhbusları həkimə aparmaq adıyla hava almağa çıxarmasıyla bağlıdır. Pul qarşılığında qadınları tibbi-sanitar hissəyə gətirdiyi deyilir. Həqiqi xəstəlikdən əziyyət çəkən məhbus isə yalnız vəziyyəti kəskinləşəndə həkimə aparılır. 

“Yastıq döşək satışı”

Penitensiar Xidmətin dustaqlar üçün ayırdığı yastıq 10 manat, döşəklər isə 50-100 manat arasında dustaqlara satılır. Ödəniş etmirsənsə, məcburən köhnə, nimdaş içərisindəki pambığı düyümlənmiş döşəklərdə yatmalı olursan. 50-100 manata satılan döşək də yeni olmur, köhnə məhbuslardan qalır. Əgər kameranı bəyənməyində yaxşı otağa keçmək istəyirsənsə, azı 100-200 manat ödəməlisən.

Feldşer üçün ödəniş 

Məhbusların möhtac qaldığı feldşer də pul almadan işini görmür. Qadın həkimin olmaması səbəbindən Könül adlı feldşerin ümidinə qalan məhbuslar müayinə olunacaqların siyahısında qabağa düşsünlər deyə 20-30 manat ödəyirlər. Pulu ödəyə bilməyən məhbusun vəziyyəti heç kimi düşündürmür. Ümumiyyətlə, pulsuz məhbusların Təranə Quliyeva üçün heç bir dəyəri yoxdur. Məhbuslar arasında gəzən söhbətlərə görə Təranə Quliyeva qadın həbsxanasına gedən məhbuslara xassiyyətnaməni 15 manata yazır. Bu barədə rəis Elnur İsmayılov xəbər tutub və Təranə Quliyevanı bərk danlayıb. “Necə gün qorxusundan səsi çıxmırdı” – deyə məhbuslar danışır.

Amnistiya üçün 135 manat 

Narkotik istifadəçisi olduğu üçün həbs olunan şəxslərə deyilib ki, Amnistiya Aktının onlara şamil edilməsindən ötrü mütləq müalicə almalarına dair arayışları olmalıdır. Bu arayış üçün isə rəis müavini Əhəd Abdiyevə 135 manat ödənilməlidir. Niyə 135 manat sualının cavabı isə heç kimdə yoxdur. Məhbuslar bu məbləğin nə qədərinin Təranə Quliyevaya çatdığını bilmirlər. Korpusda məhbuslar bir-birindən borc istəyirlər. “Narkotik istifadəçilərinin çoxunda istənilən məbləğ yoxdur” – deyə, məhbuslardan biri deyib. Qısası, dustaqlar deyir ki, jurnalistlərdən sonra açıq bazar yaranıb. Sovqatda BİT-ə gətirilməsinə icazə verilməyən məhsullar nəzarətçilər tərəfindən alınır və ikiqat bahasına satılır. Baş nəzarətçi Günel isə hər günün sonunda siyirməsini açıb deyir ki, “bu gün nəsə cuku az olub”.

Ana səhifəHəbsxanadan məktublarJurnalistlərin gedişindən sonra qadın korpusundakı böyük dəyişikliklər: Hava belə pulludur