Bu gün, dekabrın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Meydan TV işi” üzrə həbs olunmuş şəxslərin hazırlıq iclası keçirilib.
Prosesə hakim Aytən Əliyeva sədrlik edib.
Məhkəmədə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.
Bundan sonra prosedur qaydası olaraq təqsirləndirilən şəxslərin hər birinə dövlət tərəfindən vəkil təyin edilib. Bütün təqsirləndirilən şəxslər həmin vəkillərdən imtina edib, şəxsi vəkilləri ilə təmin edilib.
Daha sonra vəkillər vəsatətlə çıxış ediblər.
Vəkillər təqsirləndirilən şəxslərin zalda əyləşməsini istəyib. Bu vəsatət təmin edilib. Gələn məhkəmə prosesindən bu iş üzrə təqsirləndirilən şəxslər zalda əyləşəcəklər.
Bu günki məhkəmə prosesində isə iş üzrə ittiham olunanlardan jurnalist Ülviyyə Quliyeva (Əli) nəfəsinin çatmadığını dediyi üçün məhkəmə onu vəkilinin yanında oturmasına razılıq verib.
Vəkillər bu iş üzrə həbs olunmuş jurnalistlər – Ramin Cəbrayılzadə (Deko), Natiq Cavadlı və vətəndaş cəmiyyətinin üzvü Ülvi Tahirovun 3 saylı İstintaq Təcridxanasından 1 saylı Bakı İstintaq Təcridxanasına köçürülməsi barədə məhkəməyə vəsatət veriblər.
“Meydan TV işi” üzrə həbsdə olan jurnalist Aytac Əhmədova (Tapdıq) isə evlənmək istədiyi şəxslə- Kamran Məmmədli ilə evliliyinə qoyulan məhdudiyyətin aradan qaldırılmasına dair məhkəməyə vəsatət təqdim edib.
Məhkəmə hər iki vəsatəti təmin edib.
Bu iş üzrə həbs olunmuş şəxslərin ev dustaqlığına buraxılması ilə bağlı vəsatətlər isə təmin edilməyib.
Məhkəmə baxışa təyin edilib.
Növbəti məhkəmə prosesi dekabrın 22-də keçiriləcək.
2024-cü il dekabrın 6-da Meydan TV-nin əməkdaşları Ramin Deko (Cəbrayılzadə), Aynur Qənbərova (Elgünəş), Aysel Umudova, Aytac Əhmədova (Tapdıq), Xəyalə Ağayeva, Natiq Cavadlı və vətəndaş cəmiyyətinin üzvü Ülvi Tahirov saxlanılıb.
Bu iş üzrə saxlanılanlara Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, əvvəlcədən əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə cinayət açılıb.
2025-ci il fevralın 5-i “arqument.az” saytının baş redaktoru, Meydan TV ilə əməkdaşlıq edən jurnalist Şəmşad Ağayev (Ağa), daha sonra digər jurnalistlər – fevralın 20-də Nurlan Libre (Qəhrəmanlı), fevralın 28-də Fatimə Mövlamlı, mayın 7-də Ülviyyə Əli (Quliyeva), avqustun 27-də isə Əhməd Muxtar bu iş üzrə həbs olunub.
Avqustun 28-də “Meydan TV işi” üzrə ittihamlar ağırlaşdırılıb, iş üzrə həbs edilən şəxslərə ümumilikdə Cinayət Məcəlləsinin 7 maddəsi ilə ittiham irəli sürülüb.
Həbs edilən jurnalistlər ittihamları qəbul etmirlər və hesab edirlər ki, siyasi sifarişlə həbs olunublar, məqsəd ölkədə müstəqil medianı, azad səsləri susdurmaqdır.