“Wise” İnternet ödəniş xidməti Avropa İttifaqı ölkələrinin, həmçinin Norveç, İslandiya, Lixtenşteyn və ya İsveçrənin vətəndaşlığına və ya yaşayış icazəsinə malik olmayan Rusiya və Belarus vətəndaşlarının kartlarını bloklayıb. Bununla belə, ruslar və belaruslar xidmətin digər funksiyalarından istifadə etməyə davam edə biləcəklər.
Yeni məhdudiyyətlər Rusiyanın Ukraynaya qarşı davam edən genişmiqyaslı müharibəsi ilə əlaqədar olaraq Aİ-nin 19-cu sanksiya paketi çərçivəsində tətbiq olunub.
Kartın blokdan çıxarılması üçün 30 yanvaradək müştərilər Avropa İqtisadi Zonası ölkələrindən birinin vətəndaşlığını və ya müvəqqəti və ya daimi yaşayış icazəsini təsdiq etməlidirlər. Yoxlama tamamlanana qədər Rusiya və ya Belarus vətəndaşları kartlarından alış-veriş etmək, bankomatdan nağd pul çıxarmaq və kart rekvizitləri vasitəsilə müntəzəm abunə ödənişləri həyata keçirmək üçün istifadə edə bilməyəcəklər.
Tələb olunan Avropa vətəndaşlığı və ya yaşayış icazəsi olmayan müştərilər artıq “Wise” xidmətinin rəqəmsal və fiziki kartlarından istifadə edə bilməyəcəklər, lakin yenə də digər funksiyalara — pul göndərmək, saxlamaq, qəbul etmək və konvertasiya etmək imkanlarına malik olacaqlar.