“SK SOS” Hüquq müdafiə təşkilatı aldadılaraq Gürcüstandan geri, Çeçenistana aparılan daha bir çeçen qadının, 33 yaşlı Aliyə Özdamirovanın ölümü barədə məlumat yayıb. Aliya vətənə qaytarıldıqdan çox qısa müddət sonra naməlum şəraitdə həlak olub. Bu, son bir ayda ailəsinin nəzarətindən çıxmağa çalışdığı üçün ölən artıq üçüncü çeçen qadındır. Onlardan ikisi Ramzan Kadırovun yaxın ətrafı sayılan nüfuzlu klanlardan idi.
Materialın tam versiyasını “Novaya qazeta, Yevropa”dan oxumaq olar.
Aliyə hüquq müdafiəçiləri ilə ilk dəfə 2023-cü ildə əlaqə saxlamışdı. O, seksual orientasiyası ilə bağlı risklərdən, qardaşı tərəfindən ağır döyülməsindən, habelə onu oğurluqda ittiham etməyə çalışan biznes ortaqlarının şantajından danışmışdı. 2025-ci ilin oktyabrında o, qaçmağa qərar verir və Türkiyə üzərindən Gürcüstana keçir. Üçüncü ölkəyə uçmalı olan Aliyənin qohumları uçuşdan əvvəl onu fikrindən daşındırmağa nail olurlar. 9 noyabrda Aliya Rusiya sərhədini keçir və 10 noyabrda onun öldüyü məlum olur. Çeçenistan hakimiyyəti nə hadisə barədə açıqlama verir, nə də araşdırma aparır.
Həmin günlərdə Yerevanda 23 yaşlı Ayşat Baymuradovanın meyiti tapılıb. Ayşat 17 oktyabrdan bəri itkin sayılırdı. O, güc strukturlarına yaxın bir ailədə böyümüşdü və atasının, həmçinin ərinin illərlə davam edən zorakılığı barədə danışırdı. Ermənistana köçürüldükdən sonra gizlənmirdi, sosial şəbəkələrdə açıq fəaliyyət göstərir, mübahisələrə girir və təhlükəsizlik qaydalarına əməl etmirdi. Müşahidə kameraları qətl gecəsi mənzildən çıxan iki nəfəri qeydə alıb; onların hər ikisi qısa müddət sonra Rusiyaya yola düşüb.
Üçüncü qurban — 39 yaşlı Larissa Arsanukayeva — Fransanın Nitsa şəhərində öz keçmiş əri tərəfindən öldürülüb. Kişi onu illərlə döyür, uşaqları üzərində tam nəzarət saxlayır və boşandıqdan sonra da təqib edirdi. Qətl günü o, mənzilə dublikat açarla daxil olub. Fransa prokurorluğu hadisəni femisit, yəni qadına nifrət zəminində törədilən qətl kimi qiymətləndirib.
Bu üç hekayənin ortaq məzmunu birdir: qadınları qoruyacaq real mexanizmlər yoxdur və problemin özü də cəmiyyət tərəfindən qəbul edilmir. Çeçenistanda bir qadının ailə nəzarətindən çıxmağa çalışması hələ də onun həyatı bahasına başa gələ bilər.