Bakıda keçmiş Sovet Sosialist Respublikaları İttifaqı (SSRİ) və Azərbaycan SSR bayrağı qaldıraraq yürüş keçirməyə cəhd göstərən şəxslər polis tərəfindən saxlanılıb.
Daxili İşlər Nazirliyinin (DİN) məlumatına görə, polis əməkdaşlarının keçirdiyi əməliyyatlar zamanı Abdulla İbrahimli, İbrahim Əsədli və adları açıqlanmayan digər şəxslər müəyyən edilərək saxlanılıb, onların barəsində cinayət işi başlanılıb.
Onlara qarşı Cinayət Məcəlləsinin 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddəsi üzrə ittiham irəli sürülüb
Hadisə sosial şəbəkələrdə SSRİ bayraqları ilə çəkilmiş görüntülərin yayılmasından sonra gündəmə gəlib.
DİN bildirir ki, ilkin istintaq həmin şəxslərin “başqa bir dövlətin dəstəyi və maliyyəsi hesabına ofis icarəyə götürərək qrup halında fəaliyyət göstərdiyini və mütəmadi toplantılar təşkil etdiyini” müəyyən edib.
“Saxlanılan şəxslərə məxsus ofis və mənzillərə baxış zamanı “kommunist ideologiyasının təbliğinə yönəlik çoxsaylı materiallar, bayraqlar, radikallığı təşviq edən kitablar, CD-disklər və müxtəlif elektron cihazlar götürülüb. İstintaq tədbirləri davam edir”, – Nazirliyin məlumatında deyilir.
Saxlanılanlardan biri – İbrahim Əsədli – ixtisasca həkimdir və Valeologiya və İnteqrativ Nəbatət Mərkəzinin rəhbəri kimi tanınır.
Saxlanılanların ailə üzvlərinin məsələyə münasibəti məlum deyil.
Bəzi ölkələrdə kommunist ideologiyası, kommunist partiyaları və kommunist simvollarının istifadəsi ya tam qadağan olunub, ya da ciddi məhdudiyyətlərlə məruz qalıb. Məsələn, Ukrayna 2015-ci ildə kommunist partiyaların fəaliyyətini yasaqlayıb. Baltikyanı ölkələr — Latviya, Litva və Estoniyada kommunist və sovet simvollarının istifadəsi dekommunizasiya qanunları çərçivəsində məhdudlaşdırılıb. Macarıstanda 2013-cü ildən ictimai istifadədə kommunist simvolları qadağan edilib. Çex Respublikasında kommunist ideologiyasının ictimai təbliği cinayət sayılır. Slovakiya və Moldova kimi ölkələrdə də kommunist partiyaları və simvollarına müxtəlif məhdudiyyətlər tətbiq olunur. Qadağaların əsas səbəbi həmin ölkələrin keçmişdə kommunist rejimlər zamanı repressiv tədbirlərlə üzləşməsi və bu təcrübənin təkrarlanmasının qarşısının alınması göstərilir.
Azərbaycanda kommunizmin və SSRİ atributlarının təbliği qanunla qadağan olunmayıb. Bununla belə, bu mövzular zaman-zaman müzakirələrə səbəb olur.
Hüquqşünas Ruslan Əliyev Meydan TV-yə deyir ki, qanunvericilik səviyyəsində Azərbaycanda kommunizmin və SSRİ simvollarının təbliği qadağan edilməyib:

“Daxili İşlər Nazirliyinin açıqlaması elə göstərir ki, saxlanılan şəxslər sanki terror və ya radikal ekstremist qruplaşmasının üzvləridir. Halbuki bu, qanunvericilik baxımından əsassızdır. Azərbaycanda kommunizm ideologiyası, Kommunist Partiyası və SSRİ atributlarının istifadəsi, o cümlədən SSRİ və Azərbaycan SSR bayraqlarının qaldırılması qanunla qadağan olunmayıb. Konstitusiyanın 47-ci maddəsi fikir azadlığını, 49-cu maddəsi isə sərbəst toplaşma azadlığını təmin edir. Bu maddələr çərçivəsində siyasi əqidəni ifadə etmək və dinc yürüşlər təşkil etmək hüquqi baxımdan qorunur. Beləliklə, həmin şəxslərə qarşı polis müdaxiləsi və cinayət işi açılması qanunlara və Konstitusiyaya ziddir və hüquqi əsası olmayan tədbir kimi qiymətləndirilə bilər”.
Hüquqşünas qeyd edir ki, həmin şəxslərin həbsi qanunsuzdur:
“Saxlanılan şəxslər nə siyasi partiya, nə də radikal qruplaşma təşkil ediblər və qadağan olunmuş ədəbiyyatla məşğul olmayıblar. Onların belə təqdim olunması və şəxsi həyatlarının qabardılması qanunsuz, faktiki siyasi dözümsüzlük və təhqiramiz kampaniyadır. Bu metodlar hakim YAP-dan müxalif olan partiyalara qarşı da eyni şəkildə tətbiq olunur və siyasi ayrı-seçkilik, dözümsüzlük nümunəsidir”.
Azərbaycanda SSRİ bayrağı ilə bağlı müzakirələr ilk dəfə deyil ki, baş verir. Bu ilin yayında İmişli rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov “Georgi lenti” və SSRİ bayrağı ilə tədbirdə iştirakına görə vəzifədən azad edilmişdi. Daha sonra o, mənimsəmə ittihamı ilə həbs olundu. Səmədov ittihamları qəbul etmədiyini bildirərək, həmin tədbirdə digər bayraqların da olduğunu demişdi:
“Azərbaycan bayrağı bizim hər zaman başımızın üstündədir”, – deyə o, həbsindən əvvəl yerli mediaya müsahibəsində vurğulamışdı.