Bu gün, noyabrın 24-ü səhər saatlarında Bakıda yerləşən beşmərtəbəli “AFEN Plaza” biznes mərkəzində partlayış baş verib. İlkin məlumatlara görə, hadisə nəticəsində beş nəfər xəsarət alıb.
Hazırda onların müalicəsi davam etdirilir. Vəziyyətləri orta-ağır olaraq qiymətləndirilir.
Hadisənin dəqiq səbəbi hələlik rəsmi qurumlar tərəfindən açıqlanmayıb.
Biznes mərkəzinin sahibi Əbülfət Əliyev bildirib ki, binada qaz olmayıb. Onun sözlərinə görə, ərazidə yol-təmir işləri aparıldığı üçün yeraltı qaz xətti zədələnib:
“Partlayış baş verən binada qaz yox idi. Burada yol işləri gedir, qaz xətti keçir. Tikintidə işləyən texnikalar xətti zədələyib. Ola bilsin ki, qaz sızması baş verib və sızma lazımi şəkildə aradan qaldırılmayıb. Nəticədə qaz zirzəmidə toplanıb, səhər işçi işığı yandıranda isə partlayış olub”.
“Azəriqaz” İstehsalat Birliyi və digər aidiyyəti qurumlar tərəfindən hələlik rəsmi münasibət bildirilməyib.
Bu son bir həftədə Bakıda hündürmərtəbəli binada baş vermiş ikinci belə hadisədir.
Noyabrın 21-i Bakının Yasamal rayonu, Mirəli Seyidov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında da yanğı baş vermişdi.
Həmin hadisə nəticəsində isə 3 nəfər həlak olub, 20-dən çox şəxs tüstüdən zəhərlənib.
Yanğınla bağlı həmin binanın zirzəmisində yerləşən “Loft Dent” klinikasının direktoru Bəhruz Sahib oğlu Paşayev cinayət məsuliyyətinə cəlb edilib.
Məlumata görə, o, binanın zirzəmi və birinci mərtəbəsində yerləşən qeyri-yaşayış obyektini icarəyə götürərək fəaliyyət göstərən klinikanın rəhbəri kimi şübhəli şəxs qismində tutulub.