Almaniyada sabiq Bundestaq üzvü Aksel E. Fişerə qarşı açılmış rüşvət işi üzrə məhkəmə prosesi yenidən təxirə salınıb. 59 yaşlı siyasətçi Azərbaycan hökumətindən rüşvət almaqda ittiham olunur. Məhkəmə prosesi Münhendəki Ali Əyalət Məhkəməsində keçirilməlidir.
İttihama görə, Xristian-Demokrat İttifaqını təmsil edən Fişer Bundestaq üzvü olduğu dövrdə Azərbaycan maraqlarını müdafiə etmək və parlamentdə Bakı üçün əlverişli çıxışlar etmək müqabilində 2016-cı ildə Azərbaycan hökumətindən 21 min 800 avro rüşvət alıb. İddia müddətinin 10 il olduğunu nəzərə alsaq, bu məhdudiyyət 2026-cı ildə bitməlidir.
Proses bu dəfə Fişerin həyat yoldaşının məhkəməyə gəlməməsi səbəbindən təxirə salınıb. Ali Əyalət Məhkəməsi iclasın oktyabrın 20-də keçiriləcəyini bildirib.
Fişer ittihamları qəbul etmir və bütün fəaliyyətinin qanuni lobbiçilik çərçivəsində olduğunu iddia edir. Onun işi əvvəlcə keçmiş deputat Eduard Lintnerin işi ilə birlikdə aparılmış, lakin Fişerin dəfələrlə xəstəlik səbəbindən iclaslara gəlməməsi üzündən ayrılmışdı. Lintner iyul ayında 9 ay şərti həbs cəzası alıb və ittihamları etiraf etmişdi.
Anti-korrupsiya təşkilatı Transparency Deutschland işin uzanması səbəbindən rüşvət ittihamlarının köhnəlmə riski ilə üzləşə biləcəyini bildirir. Təşkilatın nümayəndələri beynəlxalq hüquq-mühafizə əməkdaşlığının gücləndirilməsinin vacib olduğunu vurğulayırlar.
Fişerlə bağlı məhkəmə araşdırması bu ilin yanvarında başlasa da, xəstəlik səbəbindən dəfələrlə məhkəmə prosesində iştirak etmədiyindən, hakimlər bu ilin aprelində onun işini keçmiş deputat Eduard Lintnerin işindən ayırdı. Lintner də Fişer kimi “mandat sahiblərinin pulla ələ alınması”nda ittiham olunurdu.
Xristian-Sosial İttifaqından olan 80 yaşlı Lintnerin Azərbaycandan rüşvət aldığı təsdiqini tapıb. O, iyulda doqquz ay şərti həbs cəzasına məhkum edilib. Lintner ittihamları rədd edərək lobbiçilik fəaliyyəti ilə məşğul olduğunu bildirib və qərardan şikayət verib.
Almaniya parlamentinin Xristian-Demokrat İttifaqından olan digər keçmiş deputatı Karin Sternz də yeni iş üzrə rüşvət almaqda günahlandırılırdı. Məhkəmə onun Azərbaycan hökumətindən 111 min avro vəsait qəbul etdiyi qənaətinə gəlib. Sternz 2021-ci ildə dünyasını dəyişdiyindən bu məbləği onun həyat yoldaşı geri ödəməli olacaq.
Fişerlə bağlı məhkəmə araşdırması oktyabrın 20-də başlayacaq. Prosesin 2026-cı il yanvarın sonuna tamamlanması gözlənilir.