İranın Sistemin Məsləhətini Müəyyənləşdirmə Şurasının üzvü (Majma-i Təşxis-i Məsləhət-i Nezām) və parlamentin keçmiş sədr müavini Məhəmməd Rza Bahonarın hicabla bağlı son açıqlaması ölkədə mübahisə yaradıb.
Oktyabrın 3-də Bahonar çıxışında bildirib ki, “qanun hicabı məcburi hesab etmir” və özü də heç vaxt hicabın məcburi olmasına inanmayıb.
Onun sözlərinə görə, parlamentin qəbul etdiyi “İffət və hicab” qanununun icrası da Milli Təhlükəsizlik Şurasının qərarı ilə dayandırılıb.
“Hicab qanunu məcburi deyil və Milli Təhlükəsizlik Şurasının məsləhətləşməsi ilə parlamentin “İffət və Hicab” adlı qondarma qanunu dayandırılıb”.
Bu bəyanat xüsusilə sərt xətt tərəfdarları və mühafizəkar mətbuat tərəfindən ciddi tənqid olunub. “Keyhan” qəzeti və bir sıra deputatlar Bahonarın sözlərini “sistemin mövqeyi ilə ziddiyyətli” adlandıraraq, onları “səhv və təhlükəli” kimi qiymətləndiriblər.
İranın mühafizəkar qəzeti hesab olunan “Keyhan” yazıb:
“Bir sistem rəsmisinin belə danışması, düşmənin ümidlərini artırmaqdan başqa heç nəyə yaramır. Qanun icra olunmur demək, dövlətin zəifliyini göstərməkdir”.
Bəzi parlament üzvləri də Bahonarın açıqlamasını “qanunun açıq-aşkar ziddinə çıxmaq” kimi qiymətləndiriblər.
Digər tərəfdən, sosial şəbəkələrdə və islahatçı çevrələrdə Bahonarın çıxışı “illərdir davam edən məcburi hicab siyasətinin uğursuzluğunun etirafı” kimi qarşılanıb. Bir çox istifadəçi bunu müsbət addım adlandıraraq dəstəkləyib.
Son illərdə İranda qadınların məcburi hicaba qarşı etirazları güclənib. 2022-ci ildə Məhsa Əmininin hicab qaydalarını pozduğuna görə saxlanılması və polis nəzarətində həyatını itirməsi ölkə daxilində geniş etirazlara səbəb olmuşdu.