“Amnesty International”dan İlham Əliyevə məktub kampaniyası: Bəhruz Səmədov və İqbal Əbilov azad edilsin

İllüstrasiya: Meydan TV

Beynəlxalq insan hüquqları təşkilatı “Amnesty International” Azərbaycanda həbsdə olan elmi tədqiqatçılar Bəhruz Səmədov və İqbal Əbilovun azadlığa buraxılması üçün kampaniyaya başlayıb.

Təşkilatın məqsədi həm daxildə, həm də beynəlxalq səviyyədə təzyiq göstərərək, gənc tədqiqiatçıların həbsinə diqqət çəkməkdir.

Bəhruz Səmədov 2025-ci ilin iyununda “dövlətə xəyanət” ittihamı ilə 15 il müddətinə azadlıqdan məhrum edilib. Səmədov Ermənistanın kəşfiyyat orqanları ilə əməkdaşlıq etməkdə ittiham olunub. 

İqbal Əbilov isə 2025-ci ilin mayında “dövlətə xəyanət” və “etnik nifrəti qızışdırmaq” ittihamları ilə 18 il həbs cəzasına məhkum olunub. O, Talış dilinin, tarixinin və mədəniyyətinin qorunması uğrunda fəaliyyət göstərən alim kimi tanınır.

Hər iki şəxs bu ittihamları rədd edir və həbslərini siyasi motivli sayırlar.

Təşkilat kampaniya çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevə məktublar yazmağa çağırıb.

“Amnesty International” Bəhruz Səmədov və İqbal Əbilovun təqib və məhkum edilməsini Azərbaycanda tənqidçilərə, alimlərə və insan hüquqları müdafiəçilərinə qarşı aparılan davamlı repressiya kampaniyasının bir parçası kimi qiymətləndirir:

“Bu şəxslər yalnız dinc ifadə azadlıqlarından istifadə etdikləri üçün hədəfə alınıblar. İqbal Əbilov və Bəhruz Səmədovun uzunmüddətli həbs cəzaları, akademik tənqidin susdurulması və siyasi baxımdan həssas mövzulardan uzaqlaşdırılması məqsədini güdür”.

Amnesty International Azərbaycan hakimiyyətindən tələb edir ki, hər iki alim dərhal və qeyd-şərtsiz azad edilsin.

“Onların azad olunana qədər müvafiq tibbi yardım ala bilməsi, həmçinin Ombudsman və müstəqil müşahidəçilərin həbs yerlərinə ziyarətinə icazə verilməsi təmin olunsun.Eyni zamanda, Azərbaycanda jurnalistlərə, fəallara və dinc tənqidçilərə qarşı repressiyaların dərhal dayandırılmasını və ölkənin beynəlxalq insan hüquqları öhdəliklərinə tam riayət etməsini tələb edirik. Hazırda Azərbaycan hakimiyyəti, insan haqları və ifadə azadlığı sahəsində tənqidi fikirləri və elmi araşdırmaları susdurmaq məqsədilə cinayət ədalət sistemindən sui-istifadə etməyə davam edir”, – təşkilat bildirib.

Ana səhifəSiyasət“Amnesty International”dan İlham Əliyevə məktub kampaniyası: Bəhruz Səmədov və İqbal Əbilov azad edilsin