Bu gün, sentyabrın 15-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Toplum TV işi” üzrə növbəti məhkəmə prosesi keçirilib.
“Toplum TV işi” ilə bağlı həbslər 2024-cü ilin martından başlayıb.
Ümumilikdə bu iş üzrə 10 nəfərə cinayət işi açılıb.
Onlar əvvəlcə qaçaqmalçılıqda ittiham olunublar, sonradan ittihamlar daha da ağırlaşdırılıb.
Proses hakim Azər Tağıyevin sədrliyi ilə keçirilib.
Məhkəmədə təqsirləndirilən şəxslərdən III Respublika Platformasının üzvü Ruslan İzzətli çıxış edib.
O deyib ki, nəinki müdafiəçiləri, hətta hakimlər onların aqibətinin necə olacağını bilmirlər:
“Çünki hamısı Prezident Administrasiyasından gələcək qərarı gözləyir. Həbs olunan şəxslərin hökumətlə şəxsi ədavəti yoxdur, sadəcə, cəmiyyət üçün çalışmışıq. Əlində smartfon olan hər kəs bizə dəstək olsun. Biz Rusiyaya 5 qəpik qazanmaq üçün gedib orda döyülən azərbaycanlılar, azad olunan torpaqlara qayıda bilməyən məcburi köçkünlər, Kürdəxanı təcridxanasında qeyri-siyasi motivlərlə şərlənən insanlar üçün vuruşuruq”.
Ruslan İzzətli əvvəlki proseslərin birində olduğu kimi yenə də AzTV və İctimai Televiziyaya müraciət edərək “qarayaxma kampaniyasını” dayandırmağa, məhkəmə proseslərini işıqlandırmağa çağırıb:
“Burada həbs olunan adamlar var ki, İlham Əliyev hakimiyyətə gələndə anadan olublar. Amma onlara 11 il də iş verilsə, sadəcə güləcəklər. Biz heç nədən utanmırıq. Bizə bu qandalları vuranlar utansın”.
O, daha sonra ittiham aktındakı özü ilə bağlı iddialara cavab verib.
Daha sonra çıxış edən Toplum TV həmtəsisçisi Ələsgər Məmmədli 2024-cü ilin martın 8-də evində axtarış keçirilən zaman sübut kimi götürüldüyü iddia olunan pul vəsaitinin polislər tərəfindən evə atıldığını deyib. O, pulun sübutlar siyahısından çıxarılmasına dair vəsatət verib.
Vəkil Zibeydə Sadıqova vəsatət verərək həm Ələsgər Məmmədlinin, həm jurnalist Fərid İsmayılovun səhhətləri ilə əlaqədar ev dustaqlığına buraxılmalarını istəyib.
Hakim vəsatəti təmin etməyib. Bildirib ki, Bakı İstintaq Təcridxanasından verilən məlumata görə, təqsirləndirilən şəxslər lazımi tibbi yardımla təmin olunurlar. Ələsgər Məmmədli isə təcridxananın açıqlamasının ədalətli qiymətləndirmə üçün yetərli olmadığını bildirib.
Fərid İsmayılov da vəsatət verərək Ombudsmanın məhkəmələrə gəlməsini və monitorinq aparmasını istəyib. Dövlət ittihamçısı isə bunun üçün təqsirləndirilən şəxslərin özlərinin birbaşa Ombudsmana müraciət etməli olduğunu deyib.
Toplum TV videoredaktoru Müşfiq Cabbar hakimin təyin etdiyi ekspertizaların saxta rəylər verdiyini bildirib.