Dünya yenidən Qəzza blokadasını yarmaq üçün dənizdə birləşir. 44 ölkədən aktivistlər, sənətçilər və sıravi insanlar “Global Sumud Flotilla” ilə Qəzzaya doğru yollanıb.
BBC gəmilərdə 350 aktivistin olduğunu yazır. Barselonadan yola düşən heyətdə Greta Thunberg, Thiago Ávila və Yasemin Acar da var. Ötən gecə ağır hava şəraitinə görə, 5 kiçik gəminin geri qayıtdığı deyilir. Amma aktivistlər donanmanın sona qədər davam edəcəyini bildirir.
Donanmaya Tunis, Yunanıstan və İtaliyadan da gəmilər qoşulacaq. İtaliyada Genoa liman işçiləri xəbərdarlıq edib ki, donanma ilə əlaqə kəsilsə, limandan İsrailə gedəcək bütün daşımaları dayandıracaqlar. Avropalı aktivistlər hökumətlərindən tələb edirlər ki, onlar soyqırımı ortaqlığından çəkilib, İsrailə təzyiq göstərsinlər.