Kürdəxanıda dərmanlara 200-300 faizədək vergi

Əli Zeynal

Əli Zeynal. İllüstrasiya: Meydan TV

“Toplum TV” işi üzrə həbs olunan jurnalist Əli Zeynal Kürdəxanı Təcridxanasından yazır:

Nərgizin (Absalamova) sifarişli hökm oxunarkən hakim Rasim üçün gətirdiyi ürək dərmanını hansı əziyyətlə, fədakarlıqla gətirdiyini BİT-də olanlardan başqa çox adam bilmir, xəbərsizdir. Gəlin sizlər üçün ətraflı izah edim.

Bakı İstintaq Təcridxanasında (Kürdəxanı) dərman preparatlarının, müalicəvi vasitələrin içəriyə keçirilməsi üçün mütləq təcridxananın həkimlərinin nəzarətindən keçməsi lazımdır.  Təcridxanada işləyən həkimlər isə bu “yoxlama”dan sui-istifadə edirlər. Bəzən hətta dərmanın 3 qat qiymətini “ödəmək” lazım gəlir. Misal: 25-27 AZN qiyməti olan dərmanı içəriyə keçirmək üçün 70 AZN-ə qədər əlavə “ödəniş” tələb olunur həkimlər tərəfindən. 2-3 manatlıq dərmanlar üçün isə ortalama 5-10 manat, baxır bu dərmana ehtiyacı olan şəxsin maddi durumuna, imkanına. Bu pulu asanlıqla verə bilənlər üçün heç bir problem yoxdur  – “dərmanını gətizdir,əlavə rüşvət ödə, dərmanı problemsiz əldə et”. Maddi vəziyyəti nisbətən zəif olanlar üçün isə vəziyyət nisbətən daha qəlizdir: dərmanın verilməsi uzun müddət gecikdirilir, “bazarlıqlar” edilir, sonda isə dərmana ehtiyacı olan insan verə biləcəyi ən yüksək rüşvəti verib dərmanı “yenidən almalı olur”.

Rüşvət vermək istəməyəndə isə ya dərmansız qalır, ya da iş böyüyür-böyüyür, sonda ciddi formada xəstələnən, səhhətində ciddi problemlər yaşayan insana həkim məcbur qalıb dərmanı “vergisiz” verir. Təbii ki, iş bu qədər şəffaf deyil, ən azından imkansız məhbuslar üçün. İmkanlılar üçün imkanına uyğun olaraq hər şey asandır, hərənin öz imkanına uyğun alınır rüşvət.

“Hər kəsin damarına baxıb qan alırlar”, – türmədə dustaqlar arasında belə deyirlər. Həkimlərin əlini gücləndirən bəhanələr isə bunlardır: 1. “bu dərmanın keçirilməsi qadağandır”, 2. “şmon”da qalıb , mənə çatmayıb heç” (“Şmon”- məhbus yaxınlarının gətirdiyi paltarları, yeməkləri, sovqatları yoxlayanlara deyilir). Uzun sözün qısası: xəstə yaxını aptekdən ödəniş edərək dərman alır, gətirir türməyə, içəridə isə xəstənin özü də bu dərmanın 2-3 qat qiymətini ödəyib, nəhayət öz ehtiyacı olan dərmanına qovuşur, belə demək mümkünsə: “dərmanı yenidən alır”. Nəyə görə yenidən alır? Çünki bəzən həkimlər deyir ki: “sənə gətirilən dərman buraxılmayıb, amma məndə eynisindən var, istəsən sata bilərəm”.

Dövlət Vergi Xidməti baxıb, qürur duysun, bu balacalar belə işləri böyüklərindən öyrəniblər. Səhiyyə Nazirliyi isə gözünə su versin, dərmanlara onlardan qat-qat daha çox “rüsum” tətbiq edənlər var Kürdəxanıda. Nazirliklərdən söz düşmüşkən: keçən dəfə keçmiş rektoruma “yoxlayanlarınızı yoxlayın” deyib bəzi faktlardan yazmışdım. Ədliyyə Naziri və  keçmiş rektorum Fərid Əhmədov, nəsə edə bildinizmi? Əlinizdən nəsə gəldimi? “Yoxlayanlarınızı yoxlamağı yoxladınızmı?”.

  • “Yoxlayanlarınızı” = nəzarət, təftiş üçün gələnlər, komissiyalarınız filan;
  • “Yoxlamağı”= test etmək, sınamaq,sınaqdan keçirmək;
  • “Yoxladınızmı” = cəhd etdinizmi, alındıra bildinizmi.
  • Əli Zeynal, “Toplum TV” işindən jurnalist,siyasi məhbus

***

Kürdəxanıdakı “həkimlərdən” (feldşer) biri Adil (soyadını xatırlamıram) səmimi söhbət əsnasında imkanlı və türmə işçilərinə xəbərçilik edən birinə demişdi: “Bu insanlar başa düşmürlər ki,  mənim üçün heç bir dəyər yoxdur, ancaq PUL. Vicdan, əxlaq, dustağın pulu filan kimi məsələlər mənim üçün boş şeylərdir. Pulun yoxdursa, vaxtımı alma mənim, varlı müştərilərim gözləyir”

Ana səhifəHəbsxanadan məktublarKürdəxanıda dərmanlara 200-300 faizədək vergi