“Rusiyanın Azərbaycan Respublikasına hədələyici yanaşması fonunda Ukraynanın birmənalı dəstəyini ifadə etdim”
Ukraynanın Prezidenti Volodimir Zelenski Prezident İlham Əliyevə zəng edərək, Yekaterinburqda azərbaycanlılara qarşı keçirilən əməliyyatla bağlı baş verənlərə görə başsağlığı verib.
Zelenski bu barədə “X” hesabında məlumat verib.
“Ona Ukraynaya, xalqımıza və ərazi bütövlüyümüzə göstərdiyi dəstəyə görə təşəkkürümü bildirdim. Həmçinin Rusiyanın Azərbaycan vətəndaşlarını təhqir etməsi və Azərbaycan Respublikasına hədələyici yanaşması fonunda Ukraynanın birmənalı dəstəyini ifadə etdim. Rusiyada Səfərov qardaşlarının qətlə yetirilməsi ilə bağlı Azərbaycan xalqına başsağlığımızı çatdırdım. Əminəm ki, bütün faktlar araşdırılacaq. Ədalət təmin olunmalıdır. Prezident Əliyevlə biz ortaq mövqedəyik: hər bir insanın həyatı və ləyaqəti qorunmalıdır”, – Zelenski qeyd edib.
Həmçinin bildirib ki, İlham Əliyevlə enerji sahəsində əməkdaşlıq və humanitar sahədə qarşılıqlı əlaqələr müzakirə edilib:
“İqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyanın iclasının keçirilməsi barədə razılığa gəldik. Hökumətlərimiz bu istiqamətdə işlərini fəallaşdıracaq”.
İyunun 27-də Yekaterinburqda Rusiya hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən azərbaycanlılara qarşı əməliyyat keçirilib.
Bildirilib ki, məqsəd 2001-ci ildə törədilmiş və uzun illər açılmamış bir qətlin təqsirkarını müəyyənləşdirməkdir.
Əməliyyat nəticəsində 2 azərbaycanlı ölüb, bir neçə nəfər saxlanılıb.