Dörd gün müddətinə küçədə hər cür yığıncaq və nümayişlərin qadağan edildiyi bildirilir
İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) sədri Əkrəm İmamoğlu və onun mətbuat katibi Murad Onqun saxlanılıb.
Şəhərin Şişli Bələdiyyə başçısı Rəsul Emrah Şahan, Bəylikdüzü Bələdiyyə başçısı Murat Çalık da saxlanılanlar arasındadır.
“Anadolu Agentliyi”nin məlumatına görə, prokurorlar bələdiyyə sədrinin, o cümlədən iş adamları və jurnalistlərin də olduğu 100-ə yaxın şəxsin həbsi barədə göstəriş verib.
Onlara qarşı ittihamlar arasında cinayətkar təşkilata rəhbərlik və üzvlük, hədə-qorxu ilə tələb etmə, rüşvət alma, şəxsi məlumatların qanunsuz əldə edilməsi və tenderin nəticələrinin saxtalaşdırılması daxildir.
İstanbul Baş Prokurorluğu həm də iddia edir ki, İstanbul bələdiyyə sədri bir çox başqa şəxslərlə birgə iş adamlarından məcburi pullar almaqla haqsız qazanc əldə edib və cinayət fəaliyyətindən əldə edilən vəsaitləri yuyublar.
Əkrəm İmamoğlu 2027-ci ildə Türkiyədə keçiriləcək Prezident seçkilərində müxalifətin əsas namizədi və Prezident Rəcəb Tayyib Ərdoğanın əsas rəqibi hesab olunurdu.
Bələdiyyə sədri İmamoğlu sosial şəbəkədə paylaşım edib:
“Xalqın iradəsini hədə-qorxu ilə və ya qeyri-qanuni hərəkətlərlə boğmaq olmaz. Mən taleyimi təkcə İstanbulun 16 milyon əhalisinə deyil, həm də Türkiyənin 86 milyon vətəndaşına və bütün dünyada demokratiya və ədaləti dəstəkləyən hər kəsə tapşırıram. Əsas hüquq və azadlıqlar uğrunda mübarizəmdə əzmkaram”.
Kütləvi həbs qərarından sonra İstanbul valiliyi şəhərdə martın 19-dan 23-dək dörd gün müddətinə toplaşmaq, hər cür yığıncaq və nümayişlərin qadağan edildiyini bildirib. Valiliyin qərarı ilə bəzi metro və yollar müvəqqəti bağlanıb.
Ölkədə hadisələr fonunda “X”, “Instagram”, “YouTube” və “TikTok”-a girişin məhdudlaşdırıldığı bildirilir.
Bir gün əvvəl, martın 18-də İstanbul Universiteti bəzi “açıq-aşkar səhvi” əsas gətirərək Əkrəm İmamoğlunun diplomunu ləğv edib. Medianın qeyd etdiyi kimi, bu, namizədin ali təhsilli olması tələb olunduğundan İstanbul bələdiyyə sədrini Prezident seçkilərində iştirak etmək imkanından məhrum edir. İmamoğlu bu qərarı “qanunsuz” və “akademik sistemə siyasi müdaxilə” adlandırıb.
“Human Rights Watch” (HRW) beynəlxalq insan haqları təşkilatının Türkiyə üzrə direktoru Emma Sinkler-Uebb Əkrəm İmamoğlu və digərlərinin həbsini pisləyib və bunu “ədliyyə sistemindən kobud şəkildə sui-istifadə” adlandırıb.
“Reuters”-ə danışan Emma Sinkler-Uebb həbsləri müxalifətin fəaliyyətinə xələl gətirmək məqsədi daşıyan “siyasi motivli araşdırmalar nümunəsinin” bir hissəsi kimi qiymətləndirib.
Təxminən bir il əvvəl İstanbulda keçirilən bələdiyyə sədri seçkilərində Əkrəm İmamoğlu qalib gəlib. Həmin vaxt müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) nümayəndələri İstanbul və Ankara da daxil olmaqla, Türkiyənin 30-dan çox bölgəsinin bələdiyyə sədri olublar.
İstanbul 15 milyondan çox əhalisi olan Türkiyənin ən böyük şəhəridir. 2023-cü il Prezident seçkilərində qalib gəldikdən və müxalifət koalisiyasının dağılmasından sonra Ərdoğan İstanbulu yenidən Ədalət və İnkişaf Partiyasının (AKP) nəzarəti altına almağa ümid edirdi.